ALLAHI QATiL EDƏNLƏR (IX hissə)

AQİL ABBAS
50063 | 2011-12-03 10:11
(Əvvəli qəzetimizin 25 noyabr sayında)
   
   
   
   Dayanmışdı beş-on gün əvvəl qazılmasına baxmayaraq, yan-yörəsindəki yüz ilin qəbirlərindən yalnız hələ torpağının qurumaması ilə fərqlənən
   
   məzarın önündə, indi onunla ən doğma adamın arasında cəmi bircə addımlıq məsafə vardı.
   
   Bircə addımlıq. Amma bu bircə addımlıq məsafə min işıq ili qədər onları bir-birindən uzaq saxlayırdı və dünya yaranandan kimsə bu bircə addımlıq məsafəni keçə bilməmişdi.
   
   Hər məktubunun sonunda yazırdı ki, sənsiz yaşaya bilmirəm. Hə, demə bunların hamısı sözdən başqa bir şey deyilmiş. Yaşayırdı! Yeyirdi, içirdi, televizora baxırdı, hər səhər işə gedirdi.
   
   Hərçənd ki, onun işlədiyi kitabxananın qapısını çoxdan idi açan yox idi. İnsan nəfəsi dəymədiyindən divarlar qocalmışdı, üz-gözlərini qırış basmışdı. Amma o, kitabları qocalmağa, kif basmağa qoymurdu. Bir neçə dəfə xahiş eləmişdi ki, buraları təmir edib bir abıra salsınlar. Amma xeyri olmamışdı. Görmüşdü yuxarılardan bir şey çıxmır, atasına yalvarmışdı ki, kitabxanaya bir əl gəzdirtsin.
   
   Atası:
   
   - Kitabxana hökumətindi, hökumətin də canı çıxsın kitabxanasın təmir eləsin, mən heç öz evimi ağarda bilmirəm.
   
   Axırda görmüşdü qızı əl çəkmir, demişdi:
   
   - Yaxşı, ağlayıb zəhləmi tökmə, bir şey fikirləşərəm.
   
   Və atası hələ fikirləşirdi.
   
   Kitabxanadakı bütün kitabları kənddəkilərin hamısının adına açdığı anketə yazmışdı, amma hamısını özü oxumuşdu. Müdirləri demişdi ki, komissiya gəlib görsə ki, kitab alıb oxuyan yoxdu, kitabxananı bağlayacaqlar, sən də qalacaqsan işsiz. O da işsiz qalmaqdan qorxmurdu, üz-gözü öyrəşdiyi bu kitablarsız qalmaqdan qorxurdu. Həm də indi məzarının önündə dayandığı bu ən doğmasına bütün məktubları kitabxanada yazardı. Və gedib poçtdan götürdüyü məktubları da evdəkilərin qorxusundan bu kitabxanada oxuyur və burada da gizlədirdi.
   
   Amma bu gün kitabxanadan çıxanda bütün məktubları özü ilə götürmüşdü. Əvvəl-əvvəl istəmişdi yandırsın, amma əli gəlməmişdi. İndi özü ilə gətirdiyi məktubları başdaşının yanında basdırdı. Bir az da məzarın önündə dayandı və qəbirstanlıqdan çıxdı.
   
   Anası onu eyvanda qarşıladı:
   
   - Bu gecə vaxtı hara getmişdin?
   
   - Yuxum qaçmışdı, hava alırdım.
   
   Anası doluxsundu:
   
   - Yoxdu qızım, daha o yoxdu. Getmə o qəbrin üstünə. Onun da ruhun incitmə, qoy rahat yatsın.
   
   Heç nə demədi, girdi otağa. Gözü yenə divardakı tüfəngə sataşdı.
   
   
   
   ***
   
   Bir pud daş kimi çiynindən sallanmış tüfəngi səliqə ilə söküb yığdı çantasına, sonra çayda möhkəm-möhkəm əl-üzünü yudu. Dağ çayının buz təki suyu onu xeyli rahatlatdı, bir balaca özünə gəldi.
   
   Özünü heç vaxt belə xoşbəxt hiss eləməmişdi. Ürəyində ölmüş arzularının üstünə bir sərin su çiləmişdi. İntiqamını almışdı, içində çox qəribə bir hiss vardı və bu hissi yalnız intiqamını almış insanlar yaşaya bilər. İndi rahatca ölmək olardı. Onun üçün yaşamaq mənasını çoxdan itirmişdi.
   
   Çayı keçib ağaca bağladığı atı açdı.
   
   Qalxdı atın belinə və dəhmərlədi. Nəhayət, meşə qurtaranda atdan yendi və ayağını kəndirləyib, buraxdı yamaca. Uşaqlar yamacın aşağısında öz keflərindəydilər, futbol oynayırdılar. Heç kimə hiss etdirmədən meşənin ətəyi ilə yendi kəndə, qarışdı yasdakı adamlara.
   
   
   
   ***
   
   Oturmuşdular hərbi hissənin əlli-altmış addımlığındakı köhnə və səliqəsiz yeməkxanada, onu gözləyirdilər. Anası hətta qoxusu belə adamı doyduran ləziz xörəklər gətirmişdi, özü də hərəsindən bir qazan, yediyini yesin, yemədiyini də yoldaşlarına aparsın.
   
   Əslində bu köhnə və səliqəsiz şüşəbənd bina yeməkxana deyildi, görüş yeriydi. Övladları ilə görüşməyə gələnlər burda oturub gözləyirdilər.
   
   Kimsə buranı özəlləşdirib bir balaca çayxana kimi düzəltmişdi, kolbasadan-sosiskadan da verirdi, amma içki vermirdi. Komandirlər demişdilər, əgər içki versən, tankı binanın üstündən sürdürəcəklər.
   
   Şənbə və bazar günləri burda oturmağa yer tapılmazdı, həmin günlər analar burda övladlarını quş dimdiyi ilə balasını yedizdirən kimi yedizdirirdilər. Onlar yeyirdilər, doyurdular, analar isə doymurdular.
   
   Ana Böyük Qardaşa:
   
   - Dur, hərəsindən bir boşqab ver, qızdırsınlar. - cavab gözləmədən bufetçi oğlana dedi: - Oğlum, bu yeməkləri qızdırarsanmı?
   
   Bufetçi gəlib stolun üstünə əl gəzdirdi:
   
   - O nə sözdü, ay xala, bizim işimiz elə budu də.
   
   - Sağ ol, ay oğul.
   
   Sonra ana çantadan araq da çıxartdı.
   
   Böyük Qardaş:
   
   - Neyləyirsən ay ana, bizi zibilə salma, onu gizlət, əsgərə araq verərlər?
   
   Ana arağı yenidən çantada gizlətdi:
   
   - Yaxşı verərik komandirinə.
   
   Akademik yeməkxanaya girəndə Ana əlləri üzündə qalxdı ayağa:
   
   - Buyy, anan ölsün ay bala, bu nə gündü?
   
   Hələ anası nə görmüşdü ki, üz-gözünün göyərtisi bir az getmişdi, bəlkə də döyülən günü görsəydi, arvadın bağrı yarılardı.
   
   Akademik heç nə olmamış kimi əvvəlcə qucaqlayıb anasını öpdu, sonra qardaşını:
   
   - Heç nə yoxdu, ay ana. Təlimdə olub, əsgərlikdi də.
   
   Amma Ana ağlamağını kəsmədi:
   
   - Nə təlim ay bala, səndə sağ islahat qalmayıb ki?!
   
   - Mənə inanmırsan, qardaşımdan soruş. Ağlama də, camaat bizə baxır axı!
   
   Əsgərlikdə dəfələrlə döymüş və döyülmüş Böyük Qardaş hər şeyi başa düşsə də, anasını sakitləşdirmək üçün dedi:
   
   - Ay ana, biz bundan da betər günə düşmüşük. Bir dəfə paraşütümün ipləri dolaşmışdı, yerə elə dəydim ki, iki həftə yatdım.
   
   O, ləzzətlə yeməyə başladı, çoxdanıydıkı damağı belə dad görməmişdi. Ona görə yox ki, sevdiyi yemək idi, ona görə ki, bu yeməyə anasının əllərinin dadı hopmuşdu.
   
   - Kənddə nə var, nə yox, atam necədi?
   
   Anası onun ürəyindən kimin keçdiyini çox gözəl bildiyindən:
   
   - Salamatlıqdı. Atan da gözləyir ki, sən qayıdan kimi sizi nişanlasın.
   
   Qızardı:
   
   - Ana, mən kəndi soruşdum.
   
   - Mən də kəndi deyirəm də.
   
   Ayrılanda Böyük qardaş onu bir kənara çəkdi:
   
   - Döyüblər?
   
   - Döyüblər!
   
   - Kimlər döyüb, mənə de. Vallah, hamısının boynun qıraram.
   
   - Qardaş, sən əsgərlikdə olanda heç döyülməmisən?
   
   - O qədər.
   
   - Mən gəlib onların boynunu qırmışam? Olan şeylərdi. Məndən nigaran qalmayın. Evdən muğayat ol.
   
   Ana:
   
   - Oğul, çantada araq da var, özü də şah tutumuzun arağıdı, onu ver komandirinə.
   
   Akademik arağı çıxarıb verdi qardaşına:
   
   - Ana, bizim komandirlər araq içmirlər!
   
   - Bəs nə içirlər?
   
   - ...
   
   
   
   ***
   
   Polkovnik yenə nəyinsə almışdı ağzına, öz-özünə söyürdü, bağırırdı:
   
   - Küçük, müstəntiq olub mənə. Səbəb axtarır. Mən sənə səbəbi göstərərəm. Bu dəqiqə əl-ayağını bağlayıb tulladaram o tərəfə, get sən həqiqəti axtar, dədən də Qırmızı Xaçla səni. Mən burda gecə-gündüz yağış bilmirəm, qar bilmirəm düşmənlə üz-üzəyəm, sən də şəhərdə saunalarda qızlarla kef edirsən. Köpəyoğlu! Həqiqət axtarır! Ala həqiqəti!
   
   Polkovnik elə bir yerini göstərdi ki... Sonra telefonu götürüb Müstəntiqi yığdı və amiranə bir səslə dedi:
   
   - Durun gəlin bura!
   
   Telefonun o başından Müstəntiqin çox soyuqqanlı səsi eşidildi:
   
   - Yoldaş Polkovnik, siz hələ mənə lazım deyilsiz. Lazım olanda sizi dəvət edəcəm.
   
   Polkovnik səsini bir az da ucaltdı:
   
   - Sizə dedim ki, gəlin bura!
   
   Müstəntiq:
   
   - Yoldaş Polkovnik, siz deyəsən mənimlə əsgərlərinizi qarışdırırsız. Mən sizin tabeçiliyinizdə deyiləm. Xahiş edirəm, səsinizin gur yerinə salmayın, kar deyiləm. Sizə də dedim ki, lazım olanda sizi çağıracam! - dedi və telefonu asdı.
   
   Müstəntiqin sözləri Polkovniki havalandırdı:
   
   - Malçişka, mən sənə kim olduğumu göstərərəm.
   
   Sonra telefonu götürüb kimi isə yığdı:
   
   - Bunu bura kim göndərib? Gəlib ordunun mənafeyini qorusun, yoxsa bir cinayətkarın? Burnun hara gəldi soxur.
   
   Telefondakı səs:
   
   - Qələt eləyir.
   
   - Siz qələt eləyir deyirsiz, amma o qələt eləmir axı!
   
   - Narahat olma, dedim ki, qələt eləyir, yoluna qoyarıq.
   
   
   
   ***
   
   Telefondakı adamın zəhmli səsi az qala dəstəyin qulaqlığından çıxıb onu şapalağın altına saldı:
   
   - Sən orda nə ilə məşğulsan?
   
   Amma Müstəntiq belə şapalaqları çox gördüyündən heç nə olmamış kimi dedi:
   
   - Başa düşmədim.
   
   - Niyə başa düşmədin? Soruşuram sən orda nə ilə məşğulsan?
   
   Müstəntiq yenə özünü onda qoymadı:
   
   - Məgər burda nə baş verdiyindən və mənim bura niyə göndərildiyimdən sizin xəbəriniz yoxdu? Bəs niyə? Hər gün elə qəzetlər də yazır axı?!
   
   Telefonun o başındakı adam lap hövsələdən çıxdı:
   
   - Deyəsən, kiminlə danışdığının fərqində deyilsən?
   
   Müstəntiq halını pozmadan:
   
   - Əsəbləşməyin! Hərbi hissədə nə baş verdiyini sizə məruzə etməyiblərsə, onda bizim prokurorluğa zəng edin, ordan öyrənə bilərsiz mən burda nə işlə məşğulam. Və xahiş edirəm səlahiyyət həddini də keçməyəsiz. Çox maraqlanırsızsa, deyim. Mən burda çox ağır bir cinayət hadisəsini araşdırıram. Və sizə söz verirəm ki, tezliklə bu cinayətin bütün günahkarlarını üzə çıxarıb məsuliyyətə cəlb edəcəm. Bu mənim vəzifə borcumdur. Burda beş insan ölüb. Siz istəyirsiz ki, beş nəfər gəncin qanı batırılsın.
   
   - Sən mənə nağıl danışma. Öldürülənlər də məlumdu, öldürən də. Daha nə axtarırsan? Nəyi eşələyirsən? Niyə burnunu hər yerə soxursan?
   
   Müstəntiq təhqir olunsa da etika xətrinə özündən rütbəli və yüksək vəzifəli şəxsə cavab vermək istəməsə də, bu dəfə özünü saxlaya bilmədi:
   
   - Bir daha notatsiya oxumayın, danışığınıza fikir verin. Və siz də səlahiyyətinizə aid olmayan işlərə burnunuzu soxmayın.
   
   - Yaxşı, mən sənə göstərərəm.
   
   Müstəntiq:
   
   - Narahat olmayın, mən görə-görə gəlirəm.
   
   - Sənin ananı...
   
   Müstəntiq istehza ilə güldü:
   
   - Elə anam da görə-görə gəlir...
   
   Hər ikisi telefonun dəstəyini eyni vaxtda atdı.
   
   Müstəntiq qovluqları stolun üstdən götürüb əsəbi halda seyfə tulladı və qapıdan çıxdı.
   
   Qərargah Rəisi iki zabiti möhkəm danlayırdı, Müstəntiqi dilxor görüb söhbətini kəsdi və soruşdu:
   
   - Axşamın xeyir, yoldaş Müstəntiq, işlər necə gedir?
   
   - Elə hərbi hissənin işi kimi...
   
   - Başa düşdüm!
   
   
   
   (Ardı növbəti şənbə sayımızda)

TƏQVİM / ARXİV