adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Yanvar 2020 16:31
22532
GÜNDƏM
A- A+

Bakıda 1 milyon kvadratmetr tikintiyə icazə verilib - Anar Quliyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən ötən il tikinti sifarişçiləri ilə aparılan maarifləndirmə işi və qurulmuş qarşılıqlı əməkdaşlıq nəticəsində hazırlanan və baxılması üçün Komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur.

Adalet.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, genişləndirilmiş səlahiyyətləri çərçivəsində Komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4.647.211 kv.m təşkil edir ki, bu sahənin 2.520.808 kv.m təşkil edən hissəsi mənzillər təşkil edəcək: "Eyni zamanda, hesabat dövründə Komitə tərəfindən Bakı şəhərində ümumi sahəsi təqribən 1.000.000 kv.m təşkil edən tikinti obyektlərinin tikintisinə icazələr verilib.

Bununla yanaşı, hesabat dövründə Komitə tərəfindən Bakı şəhəri üzrə ümumi sahəsi 10.397.148 kv.m təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bu sahənin 7.154.015 kv.m təşkil edən hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9.532.857 kv.m, mənzillərin sahəsi isə 6.736.933 kv.m təşkil edən yaşayış binalarının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilib".