adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Yanvar 2020 09:30
14554
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ON İKİ TON SAXTA YAĞ

Bizim camaat vallah, çox sağlam və dözümlü insanlardılar. Onlar nəyə desən qalib gəlməyi bacarırlar. Zarafat deyil ey, bu camaata, bu insanlara nə gəldi yedizdirirlər, yenə bu adamlar sağ-salamatdı. Bəzi iş adamları respublikamıza mənşəyi və mənbəyi bəlli olmayan qida məhsulları gətirir və əhali üzərində sanki onu sınaqdan keçirmək istəyir.

Başqa sözlə demiş olsaq, vicdanını və insafını itirən işbazlar camaata "poliqon” kimi baxırlar. Əgər bu mənşəyi və mənbəyi bilinməyən məhsullardan zəhərlənən olmasa, deməli, onun gətirilməsi davam etdirilməlidir. Bu düşüncə və bu mövqeylə çoxları istəyinə çatıb və qaz vurub qazan doldurublar.

Bəlkə də dünyanın heç yerində bizim ölkədəki kimi yeyinti və qida məhsullarına diqqət yetirməyən qurumlar yoxdur. Nəzarət edən çoxlu sayda orqanlar mövcuddur. Amma çox təəssüf ki, xaricdən ölkəmizə ixrac olunan yeyinti və qida məhsulları adiyyəti qurumlar tərəfindən yetərincə yüksək səviyyədə yoxlanılmır və nəticədə bu məhsullar ölkəyə daxil olur. Heç məmləkətimizdə istehsal olunan qida məhsullarına da nəzarət yetərincə deyildir. Bəzi sahibkarlar onların yoxlanılmasına qadağa qoyduğu üçün nəyə desən pul qazanmaq üçün əl atırlar. Təbii ki, bu da axırda gəlib camaatın başında çatlayır.

Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları "Bizim market” ticarət şəbəkəsinin mağazalarından 12 ton yararsız kərə yağı aşkar edib. İndi görün bu cür ticarət şəbəkələri bu xalqa nə qədər mənşəyi bilinməyən qida məhsulları – yağ, kolbasa, sosiska, şirniyyatlar yedizdirib. Hələ aşkar olunanı burdur. Görün nə qədər aşkar olunmayan və bu gün də satışa çıxarılan məhsullar var. Oğul istəyirəm ki, ölkədə baş alıb gedən belə saxta məhsulların qarşısını ala bilsin.

Əgər adiyyəti qurumlar dövlətə və xalqa xidmət edirsə, nəinki "Bizim market”də, digər bərk gedən marketlərdə nə qədər istəsən mənşəyi və mənbəyi məlum olmayam məhsullar aşkar edər. Amma onları da qınamalı deyil. Hamı da yaxşı bilir ki, ölkəmizdə oliqarxlar mövcuddur. O oliqarxların ticarət şəbəklərinə girmək, onların satışa çıxardığı məhsulları aşkar etmək elə də asan deyil. İstənilən ticarət mərkəzində obyektiv və ədalətli yoxlama aparılsa, nə qədər vaxtı keçmiş və keyfiyyətsiz məhsullar aşkar edilər. Amma bunun üçün yoxlama qurumları riskə getmək istəmirlər.

Bakıda tez-tez restoranlarda və kafelərdə spirtli içkidən zəhərlənmə halları mövcuddur. Hətta bu yaxınlarda restoranların birində yeyib içən və spirtli içki qəbul edən 3 nəfər sonradan zəhərlənərək dünyalarını dəyişiblər. Səhv eləmiriksə, başqa bir restoranda da buna bənzər hadisə baş vermişdi. Onda da zəhərlənərək ölən adamlar vardı. Bu ha disələrdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi Bakıda bir neçə yerdə saxta araq istehsal edən sexlər aşkar etdi. Bu sexlərdə istehsal olunan müxtəlif araqlar və o cümlədən visklər yeməkxanalara, restoran şəbəkələrinə paylanırmış. Həmin sexdə minlərlə şüşədə araq tutulmaqla yanaşı, çoxlu sayda boş araq şüşələri aşkar edilmişdi. Aydındır ki, həmiş şüşələrə də araq doldurulacaq idi və yenidən satış mərkəzlərinə göndəriləcəkdi.

Bu cür faktlara istənilən yerdə rast gəlmək mümkündür. Heç kimə sirr deyil ki, bir çox şadlıq sarayları və restoranlar elə özləri saxta yolla araq və o cümlədən şirəli sular istehsal edir. Əgər Bakıda şadlıq saraylarında qəfil yoxlamalar keçirilsə, bu cür faktların üzə çıxması mümkündür. Hətta deyilənlərə görə, lülə kababda istifadə olunan çəkilmiş ətlər xaricdən gətirilir və mənşəyi məlum olmayan mənbələrdi.

Aydındır ki, bu cür qida məhsullarının şadlıq saraylarında və restoranlarda bişirilərək camaata verilməsi çox təhlükəli bir vəziyyətdir. Ən azından ona görə ki, biz şadlıq saraylarında toy zamanı görürük ki, orda iştirak edən qonaqların çoxu lülə kababdan imtina edir. Və mənim özüm də belə hadisələrin çox şahidi olmuşam və hətta bu lülə kababdan yemək istəsəm belə, yanımda əyləşmiş həkimlərdən biri məsləhət bilib ki, o kababı yeməyək.

Çox təəssüf ki, bu cür qanun pozuntularını hamı görür, amma az adam danışır. Elə əksəriyyət deyir ki, mağazadan aldığımız kərə yağları keyfiyyətli deyil, sosiskadan, kolbosadan ağlımız bir şey kəsmir, rəngli sulara və arağa isə heç etibar yoxdur. Və hətta rayonlara gedərkən bir çoxları tanımadıqları yerdə oturub yemək yeməkdən belə vaz keçirlər. Çünki bir ara söz-söhbət yayıldı ki, ölü heyvan alveri ilə məşğul olan Leş Tofiq ölmüş heyvan cəmdəklərini yol kənarındakı kafelərə və yeməkxanalara paylayırmış. Həmin Leş Tofiq də polis tərəfindən saxlanılarkən onun işlətdiyi sexdən 50 tondan çox mənşəyi bilinməyən heyvan əti aşkarlanmışdı.

Leş Tofiq tutldu, amma yenə Bakıda və rayonlarda mənşəyi bilinməyən ətlər aşkarlanır. Məsələn, dəfələrlə Dövlət Yol Polisi Alayının stasionar postlarında fərdi avtomobillərdə Bakıya gətirilən mənşəyi bilinməyən ətlər aşkarlanıb. Saxlanılan şəxslər də bəyan edirlər ki, onlar at və eşşək ətlərini Bakıdakı yeməkxanalara paylayacaqlarmış.

Görünən budur ki, bu gün ölkəmizə xaricdən və eləcə də məmləkətimizin özündə mənşəyi məlum olmayan tonlarla keyfiyyətsiz məhsullar gətirilib. Onalrın qarşısı müəyyən mənada adiyyəti qurumlar tərəfindən alınsa da, amma bu o qədər də yetərli deyildi. Çünki dükan-bazarlarda nə qədər desən dələduzlar var və onlar da mənşəyi bilinməyən qidaları ucuz qiymətə əhaliyə sırımaq istəyir.

Bax, bütün bunlar nəticədə insanları müxtəlif sağalımaz xəstəliklərə düçar edir, onlara maddi və mənəvi ziyan yetirir. Ona görə də adiyyəti qurumlar ölkəyə daxil olan, görünən və görünməyən qida məhsullarının qarşısını almaq üçün daha ciddi addımlar atmalıdılar. Belə ki, o adamların arxasında kimin durub-durmamasından asılı olmayaraq, həmin işbazlar ifşa olunmalı və onlar barəsində daha ciddi ölçü götürülməlidir.