adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Yanvar 2020 16:53
8499
GÜNDƏM
A- A+

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Minskdə də yad edilib

Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan İcmaları Konqresinin, "Qobustan” Cəmiyyətinin üzvlərinin, Minsk şəhəri və ətraf bölgələrdə yaşayan soydaşlarımızın və Belarusda təhsil alan tələbələrimizin, hərbiçilərimizin iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən verilən məlumata görə, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Lətif Qəndilov bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın yaddaşında silinməz acı xatirələrlə həkk olunub. Həmin gün müasir tariximizə xalqımızın milli azadlıq hərəkatının, milli dövlətçiliyin qurulmasının qanla yazılmış qəhrəmanlıq səhifəsi kimi daxil olub. Dağlıq Qarabağda erməni özbaşınalıqlarına qarşı azərbaycanlıların haqlı etirazları ilə bağlı yaranmaqda olan oyanışı boğmaq məqsədilə Mixail Qorbaçov və onun erməni əlaltıları xalqımızın azadlıq istəyini qan içində boğmağa cəhd ediblər. Yüzlərlə mülki şəxsin öldürülməsinə, yaralanmasına və həbs olunmasına baxmayaraq, xalqımızın müstəqillik ruhunu sındıra bilməyiblər.

Səfir qeyd edib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gedərək M.Qorbaçovun və Mərkəzin törətdiyi qanlı hadisələr barədə bəyanatla çıxış edib və dünya ictimaiyyətini baş vermiş vəhşiliklər barədə məlumatlandırıb. Bununla da Azərbaycan xalqı qərarını verərək, qəti şəkildə genişmiqyaslı milli azadlıq hərəkatına başlayıb. "O vaxt baş verən hadisələrə bu gün baxanda aydın görünür ki, həmin dövrdə milli dövlətçiliyimizin olmaması hadisələrin əsas səbəbi olub. Bu gün milli varlığın yeganə təminatçısı müstəqil dövlətin olmasıdır. Məhz buna görə də bütün varlığımızla müstəqil dövlətimizin və onun başçısı cənab İlham Əliyevin ətrafında sıx və möhkəm birləşməyimiz vacibdir. Dövlətimizə, vətənimizə və müstəqilliyimizə qarşı atılan bütün addımlar və təxribatlar önündə xalqımız iradəsini ortaya qoyaraq, milli birliyimizi nümayiş etdirməlidir. Biz ermənilərlə başlanılan mübarizəmizi olduğu yerdən davam etdirib prosesin sonunu yalnız bu cür tezləşdirə bilərik”, - deyə L.Qəndilov əlavə edib.

Səfir ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb, Azərbaycanın hazırda regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrildiyini vurğulayıb. Regionda baş verən böyük münaqişələr, vətəndaş müharibələri, iğtişaşlar, terror aktlarına baxmayaraq, ölkəmizdəki siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın dayanıqlı inkişafın davam etməsi üçün dövlətimizin ətrafında birləşməliyik.

Lətif Qəndilov bildirib ki, tarixboyu Azərbaycan xalqı müxtəlif müsibətlərə məruz qalıb. Səfir xalqımıza qarşı törədilmiş bu cinayətləri yaddaşımızda gücləndirməklə gələcəkdə bu kimi hadisələrin qarşısını ala biləcəyimizi söyləyib. Unutqanlıqla biz hər şeyi itirə bilərik. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq.

Səfir Ermənistanın Azərbaycanın dünyada artan nüfuzundan və beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin möhkəmlənməsindən narahat olduğunu və bu məqsədlə sosial media vasitəsilə yalan təbliğat aparmağa və ruh düşkünlüyü yaratmağa çalışdığını qeyd edib. Bildirib ki, Ermənistan təxribat xarakterli addımlar ataraq ölkəmizin daxilində iğtişaşlar yaratmağa səy göstərir. Xalqımız müxtəlif qüvvələr tərəfindən aparılan bu təxribatlara uymamalı və bunun qarşısını birlik olaraq sərt şəkildə almalıdır.

Tədbirdə Azərbaycan İcmaları Konqresinin rəhbəri Natiq Bağırov, "Qobustan” cəmiyyətinin rəhbəri Baxşı Qənbərov və digərləri çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb, diasporun hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi və iqtisadi kursunu dəstəklədiyini, ona qəlbən inanaraq hər zaman ölkəmizi qorumağa hazır olduğunu bildiriblər.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı filmə baxıb, səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə, həmçinin səfirlik tərəfindən hazırlanmış press-relizlərlə və nümayiş etdirilən kitablarla tanış olublar.