SATILMIŞ BRiTANiYA MƏTBUATI AZƏRBAYCANA QARŞI

AQİL ABBAS
42905 | 2011-11-26 08:47
Zaman-zaman həm Avropa, həm də ABŞ-ın bəzi mətbu orqanları Azərbaycanın əleyhinə materiallar dərc edir və bununla gənc dövlətimizə təzyiqlər göstərmək, həm dünya ictimaiyyətini, həm də belə iftiralara inanan vətəndaşlarımızı özlərinin istədikləri səmtə yönləndirmək istəyirlər. Bizim bəzi qəzetlər də onların meydan sulamağına dəstək verir.
   
   Artıq xeyli vaxtdır ki, Britaniya mətbuatı bu məsələdə öndə gedir, Azərbaycana qarşı böyük və çirkin bir kompaniya aparır. Ölkəmizin regionda lider dövlətə çevrilməsindən, Avropanın ən böyük enerji layihələrində söz sahibi olmasından, müstəqil siyasət aparmasından narahat olanlar dünyada gündən-günə artan nüfuzumuza kölgə salmaq üçün hər vasitəyə əl atırlar.
   
   Elə götürək bu yaxınlarda ölkəmizdə Boks üzrə Dünya Çempionatı keçirilən ərəfədə qaldırdıqları qalmaqal, bizə atılan böhtan və iftiralar. Bəs nə oldu?
   
   Fiaskoya uğradı! Yalanları ayaq tutdu, bir az yeridi, amma mənzil başına çata bilmədi. Özləri də bilirdi bu yalan mənzil başına çatmayacaq. Sadəcə olaraq ictimaiyyəti çaşdırmaq, ölkəmizdə keçirilən Dünya Çempionatını şübhə altına almaq istəyirdilər.
   
   Və çox təəssüf ki, bizim bəzi qəzetlər də bu yalan və iftiraların qol açıb oynamasında, həyasız-həyasız irişməsində ingilislərə əməlli-başlı dəstək verdilər və dəstək verməkdə də davam edirlər. Diqqət etsəniz görərsiniz ki, sonra elə həmin ingilis mətbuatı və digər Avropa ölkələrinin KİV-ləri bundan sonra bizim qəzetlərə istinad edir və dairəni genişləndirirlər. Bir sözlə, düşmən dəyirmanına su tökməkdən ləzzət alırıq.
   
   Təbii ki, İngilis mətbuatını Azərbaycana qarşı kökləyənlər, dünyanın digər ölkələrində olduğu kimi İngiltərədə də qəzetləri və jurnalistləri satın alıb bizim əleyhimizə qaldıranlar var.
   
   Ermənilər bu informasiya müharibəsində də Avropa mətbuatını satın alıb öz çirkin məqsədləri üçün istifadə etməkdə də bizi üstələyirlər. Halbuki buna bizim daha çox imkanımız var. Amma təəssüf ki, biz bu imkanımızdan istifadə etmirik.
   
   Neçə vaxtdır ki, mətbuatın hədəfində Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətidir. Hər vəchlə bu Cəmiyyəti həm Avropa, həm də Azərbaycan ictimaiyyətinin gözündən salmağa çalışırlar.
   
   Səbəb məlumdur. Bu Cəmiyyət təkcə azərbaycanlı gənclərin Avropada, xüsusilə də İngiltərədə təşkilatlanması ilə deyil, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni siyasətinin iç üzünün açılmasında, ifşa olunmasında və sair və ilaxır böyük işlər görür. Qısa bir zamanda bu Cəmiyyət öz lobbiçilik fəaliyyəti ilə Avropada tanınıb, nüfuz qazanıb.
   
   Təbii ki, bu da düşmənlərimizi və onlara ağ verən kərtənkələləri rahat qoya bilməz. Düşmən də öz kərtənkələləri ilə birlikdə ən çirkin üsullara əl atmaqla bu Cəmiyyətin fəaliyyətini sarsıtmağa çalışır. Ən qəribəsi də budur ki, bizlərin içində də buna sevinənlər var.
   
   Səbəb çoxdur. Biri də odur ki, bu Cəmiyyətin yaradıcısı və sədri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. Və Kəmaləddin Heydərovun nüfuzuna zərbə vurmaq üçün Azərbaycan ictimaiyyətində öz müsbət imici ilə tanınan bu vətənpərvər gəncin təşkilatı ilə bağlı böhtan və iftiralardan geninə-boluna istifadə edirlər.
   
   Ortada isə heç bir fakt və dəlil yoxdur.
   
   Son böhtanlardan biri. Cəmiyyətin Britaniya parlamentinin deputatı Maykl Henkoku satın alması. Özü də neçəyə? 1500 funt-sterlinqə! Qardaşım, bu ingilislər bu qədər ucuzdu?! Onda gedək bütün parlamenti satın alaq də!
   
   Britaniya parlamentinin neçə-neçə deputatı ermənilərin sözünü deyir, erməni siyasəti yeridir, uydurma soyqırımı gündəmə gətirməyə çalışır.
   
   Necə olur ki, onlar ermənilər tərəfindən satın alınmayıblar, amma bu M.Henkok bədbəxt oğlu bədbəxt Azərbaycanın xeyirinə iki kəlmə söz deyən kimi ingilis mətbuatı onun Azərbaycan tərəfindən satın alındığını yazır, özü də 1500 funt-sterlinqə, yəni həmin deputatın 3-4 günlük maaşı həddinə.
   
   Madam Koks və madamkokslar sinələrini cıra-cıra İrəvanı və Xankəndini su yoluna döndəriblər. Birinci, görəsən onlar bu səfərlərə erməni sevgisindən və öz ciblərinin puluna gəlirlər, yoxsa...
   
   Nədənsə nə dünya, nə də ingilis mətbuatı belə məsələləri açıb ağartmır. Və Ermənistan mətbuatı da bu səfərlərin və səfər edənlərin əleyhinə bir kəlmə də yazmır!
   
   Amma bizimkilər xeyirimizə bir kəlmə söz deyən haqqında dərhal yazırlar ki, kimsə satın alıb. Bizim qəzetlər də dərhal onlara dəstək verirlər.
   
   İstəyirəm mən də yazım ki, ermənilər Fransa parlamentinin deputatlarını da, prezidentini də satın alıblar. Hərəsinə bir milyon dollar rüşvət veriblər. İndi də senatorları bir-bir satın alırlar. Prezident Sarkoziyə də bacıları İfadə Sarkozinin özünə məxsusdur. İrəvandan qayıdandan sonra demişdi ki, Ermənistan mənim bacımdırg
   
   Qorbaçovun arvadına bağışladıqları üzükdən də bahalı bir üzük bağışlayıblar ki, apar evdəkinə.
   
   Ona görə də Fransa uydurma soyqırımı nəinki tanıyıb, hətta bunun əleyhinə çıxanları həbs və 45 min evro cərimə etmək üçün qərar çıxarıb və Senatın gündəliyinə salıb.
   
   Amma yazmıram, qorxuram. Rəhmətlik Şamil Qurbanov Fransanın bu hərəkətinə görə dedi ki, Jak Şirak qudurub, infarkt elədilər. Ona görə yazmasam yaxşıdır.
   
   Nə isə... Qayıdaq mətləbə.
   
   İndi ingilislər öz qəzetlərində Avropa Azərbaycan Cəmiyyətini yenə böhtan atəşinə tutublar. Belə ki, həmin o M.Henkokun köməkçisi Yekatrina Zatuliveter casusluqda ittiham edilərək həbs olunub.
   
   Heç demə bu, xanım vaxtilə... Cəmiyyətin müəyyən tədbirlərində, Xocalı soyqırımı ilə bağlı Londonda keçirilən sərginin təşkilində müəyyən fəaliyyət göstərib və bunun müqabilində 3 min funt-sterlinq qonorar alıb. İşin görüb, pulun alıb də!
   
   Qəribəsi budur ki, qəzetin yazdığına görə, daha doğrusu yazdığından belə çıxır ki, bu pulu Britaniya Miqrasiya Xidmətinin məmurlarına rüşvət verib. Rüşvət verib ki, onu ölkədən deportasiya etməsinlər. Nə isə...
   
   Xanım casusdursa buna Cəmiyyət neyləsin?
   
   Avropa Azərbaycan Cəmiyyəti təhlükəsizlik orqanı deyil ki, kiminsə və eləcə də bu xanımın casus olub-olmamasını, hansı xüsusi xidmət orqanlarına işləməsini müəyyənləşdirə bilsin. Heç o boyda Britaniya "KQB"-si uzun illər bunu bacarmayıb.
   
   Qısası, bu xanımın casusluq etməsinin Avropa Azərbaycan Cəmiyyətinə nə dəxli var?
   
   Biz xaricdə fəaliyyət göstərən, Azərbaycan naminə mübarizə aparan, özü də çoxqohumlu bəxtəvər düşmənlərimizlə mübarizə aparan gənclərimizə və onların yaratdıqları təşkilatlara qayğı göstərməliyik, mənəvi dəstək verməliyik. Yoxsa öz şəxsi ambisiyalarımıza görə hansı kərtənkələlərin yazdıqlarının birinin üstünə beşini də qoyub qol-qanadlarını qırmamalıyıq!
   
   Sonda. Bu günlərdə qəzetlərdə ABŞ-da bir senatorun Azərbaycanın xeyirinə çıxış etdiyini, Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu söylədiyini oxudum. Yəqin ki, bu günlərdə bizim qəzetlər onu da Avropa Azərbaycan Cəmiyyətinin satın aldığını yazacaqlar!
   
   Neyləyək, biz beləyik.

TƏQVİM / ARXİV