adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Yanvar 2020 11:39
15141
MƏMLƏKƏT
A- A+

Qoysanız girlənək özümüzçün - Əzizə İsmayılova yazır

Deyir: "külək dedi "qarı nənə, aç qapını gətirim"", qarı dedi: "qadan alım, əlimdəkini aparma, gətirdiyini istəmirəm"...

Deməli, camaatın evini sökmək üçün əlindən alanda vur-qırğınla kvadratına 1 500 manat verirlər, "kirayə ev alın, evli olun" dedikləri evin kvadratını isə 1 850 manata satırlar.

25 il (300 ay e) 594 manat ödəməlisən və üstəgəl əvvəlcədən də ilkin ödəniş kimi 7 122 manat verməlisən.

Dövlət işində işləməlisən, rəsmi maaşın da elə olmalıdır ki, o pula həm hər ay 594 manat kirayə verəsən, həm komunal ödəyəsən, həm yeyib içəsən, xeyirə-şərə gedə biləsən, heç bir halda xəstələnməyəsən, banka borcun olmasın, hər hansı gecikmən olmasın və s və ilaxır... İndiki dövrdə ha.
Bir sözlə, bəy balası olasan.

Yaxşı, tutaq ki, dövlətdə bu şərtlərin qarşılığını ödəyəcək rəsmi maaş var. O zaman 25 il bir adamın o maaşı alacağına təminat verilirmi? Birdən sabah bu ödənişi edə bilmədim, onda nə olacaq? deyə soruşsan,- "heç nə, ödədiyin pullarla da evinlə də vidalaşırsan olur bitir" cavabı və nida...Yəni ya, borcunu ödəyirsən, ya da yenə də ödəyirsən. yıxılaram, ölərəm, xəstələnərəm və digər sığortası olmayan həyati məsələlərin heç birinin bu işə aidiyyatı yoxdur. Pulu verə bilməsən mənzili qaytarmalı olacaqsan...

Bunun adı da oldu ki, "evsiz əhalini düşünürük". Düşüncənizdən öpsünlər.

Başınıza dönək, o gözəl kafanızı əziyyətə salıb düşünməyin bizi. Belə bərli-bəzəkli, gözqamaşdıran anonslarınızla əvvəlcə həyəcanlandırırsınız, ümidləndirirsiniz, sonda da o ümidi suya salıb hərəniz öz yolunuzla davam edirsiniz.

Bizə mənzil lazımdı? Oturmuşuq da kirayəmizdə ümidimizi qucaqlayıb. Ümidimiz var ki, gün doğmadan nələrsə doğacaq... Qoysanız girlənək özümüzçün.