adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Yanvar 2020 10:40
86304
GÜNDƏM
A- A+

Əzizlərimizin adında, özümüzün könlümüzdə yaşayan sərkərdə: Həzi Aslanov - 110

Orta məktəbdə də, texnikumda da, universitetdə də təhsil alanda tarix ən yaxşı bildiyim fənlər sırasında olub. Bu səbəbdən də tarixi şəxsiyyətlərlə , xüsusən müharibələrdə, döyüşlərdə qəhrəmanlığı ilə seçilən sərkərdələrimizlə hələ sovet vaxtında fəxr edirdim. Müharibələr, döyüş meydanları, qırğınlar, saray çəkişmələri, tarixin gedişatını dəyişən üsyanlar, hadisələr,  hərəkatlar   haqqında oxuyanda həmişə özümü oxuduqlarımın içində hiss edirdim. Sanki  ordayammış kimi... Yadımdadı, hətta  rəvayət, əsatir və əfsanələrdə cəngavərlərimiz haqqında məlumatları  da ürək çırpıntısı ilə oxuyurdum,  səhnəni gözümün qarşısında canlandırırdım. Məsələn, ilk dəfə bir rəvayəti oxuyanda düşdüyüm halları deyim: "Deyilənə görə, Şah  İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin  qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə  yerindən  tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl "Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil, - deyir”. Bəlkədə mənim bu misralarımı oxuyanda bir  çoxunuz güləcəksiniz, inanın, sanki o hadisə mənim gözüm önündə baş vermişdi  ki, mən bu qədər təsirləndim. XVI əsrdə baş vermiş bir hadisə 1986-cı ildə məni bu qədər üzdü, kədərləndirdi.

Hər şeyə rəğmən, xalq öz qəhrəmanlarını min illər keçsə də, yaşatmağı bacarıb. Cavanşirin, Babəkin, Şah İsmayılın, Nadir şahın, Cavad xanın adını zaman –zaman valideynlər övladlarına qoyublar, Öz övladlarının adında igidlərimizi yaşadıblar. Mənim atam da öz xalqı kimi düşünüb. O da öz yeganə oğluna general Həzi Aslanovun adını qoymuşdu. (Soyadımız da Aslanovdur). Düzdür, qardaşım faciəli şəkildə dünyasını dəyişib, amma, bu bizim ailəmizin xalq qəhrəmanına olan sayğısının bir nümunəsiydi. Bu gün isə yeganə qardaşımın adını daşıdığı böyük bir qəhrəmanın – Həzi Aslanovun 110 yaşı tamam olur.

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür

 

Adalet.az xəbər verir ki, Həzi Əhəd oğlu Aslanov 1910-cu il, 22 yanvarda Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

 

 

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri - bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942 –ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

 

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib.

 

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında , 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb, 23 saat sağ qalıb. OnuMoskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdi.

 

Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

Bəlkə də, Qarabağ müharibəsində əlinə silah almış, döyüşlərə atılmış onlarla igidimizin örnək yeri idi Həzi Aslanov... Qarşısındakı düşmənin üzərinə şığıyan, döyüşə ancaq qələbə üçün girən, amma arxadan namədcəsinə vurulan, xaincəsinə şəhid edilən igid Həzi Aslanovun taleyini yaşayan nə qədər Qarabağ döyüşçüsü var, görəsən? Sayını bilməsəkdə, var olduğunu bilirik!

Azərbaycan adını yüksəldən, azərbaycanlıların fəxr ünvanı, qürur yeri olan şəhid –tankçı -general Həzi Aslanov hər bir azərbaycanlının həm qəlbində, həm də, əzizinin adında yaşayacaq! Buna əminik, bunu tarix göstərir!

Əntiqə Rəşid