adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Rauf Arifoğlunun deputatlığı kimə sərfəlidir - Zamin HACI yazır

41414 | 2020-01-18 10:30

"Kamilləşmək - dəyişmək, kamil olmaq - dəyişkən olmaq deməkdir”.

(Uinston Çörçill)

Bizdə hər seçki zamanı bir növ zarafat temasına çevrilən trafaret şüar var, deyir, filan qədər mənimlə olun, 5 il sizinlə olacağam və sairə. İndi o söhbətin tərsini yazaraq mövzuya başlamaq istəyirəm: 20 ilə yaxındır Rauf Arifoğlu mənim cızmaqaralarımı (qeyri-təvazökarlıq edərək bəzilərini yazı da adlandırmaq olar) böyük lütfkarlıq göstərərək öz qəzet və saytlarında dərc edir, niyə mən də heç olmasa 1 dəfə öz borcumdan çıxmayım? Yazılar isə həddən çoxdur, hətta indi 2010-cu ildən bərini kompüter qovluqları üzrə təxmini hesabladım, 3094 yazı oldu.

Bəli, düz anlamısınız, onun Xətaidən deputatlığa namizədliyini dəstəkləyirəm. İlk növbədə biz fikirləşməliyik onun deputat olması kimə lazımdır. Burada haşiyə çıxaraq qeyd edim ki, parlamentin indiki zəif səlahiyyətlərinə, seçkinin isə majoritar üsulla keçirilməsinə tənqidi yanaşıram. Nəticədə bizdə parlamentin ölkə siyasi həyatında rolu görünmür. Ancaq ta iş belə gətiribdir, biz də real-politika nəzərindən yanaşmağa məcburuq və bu müstəvidə hər hansı deputat birinci olaraq onu seçənlərə lazımdır. Loru dildə desək, yol çəkməyə, iş tapmağa, nə bilim, lap elə parkı abadlaşdırmağa. Bu mənada Rauf Arifoğlu istənilən dairənin seçiciləri üçün qənimət adamdır. Partiya rəhbərliyində olanda partiyası üçün, qəzetçi ikən qəzeti üçün, dostları üçün, həmkarları üçün hər cür qara işə gedən, bu yolda yorulmadan çalışan və sağdan-soldan, bəzən kürəyindən aldığı zərbələrə baxmadan dava(m) edən neçə adam tanıyırsınız? Barmağınızı qatlayın, görün hamısı yetəcəkmi? Şəxsən mən çox az belə adam tanıyıram. İki dəfə də bu yolda türmədə yatıbdır. Üstəlik, aktiv jurnalistin öz seçiciləri üçün gün ağlamasının, daim onların yanında olmasının Qənirə Paşayeva kimi örnəyi neçə ildir ortadadır.

Haşiyə çıxaraq qeyd edim ki, bəzən "Yeni Müsavat”da hansısa yazılardan narazı qalanlar bunu mənə deyirlər. Açığı, mən özüm "Yeni Müsavat”ı qəzet olaraq heç bəyənmirəm. Şairin sözü ilə desək, bircə ondan razıyam ki, özümdən narazıyam. Ancaq bu ölçünü, standartı kim qoyub ki, qəzet mənim razı qaldığım yazılardan ibarət olmalıdır? Belə şey yoxdur. Dünyada söz azadlığı da olduqca nisbi şeydir, 30 ildir ən azı rusdilli və türkdilli mətbuatdan az-maz xəbəri olan jurnalist kimi əminliklə deyirəm. Misal üçün, mənim çox bəyəndiyim rusdilli "Meduza” saytı var, bir növ rusların müstəqil jurnalistikasının öncüllərindəndir. 2-3 dəfə orada doğma Türkiyə haqda elə qərəzli, birtərəfli yazılar oxumuşam ki, əsəbləşib hətta redaksiyaya məktub yazmaq istəmişəm.

Rauf Arifoğlunun deputat olması ümumən aktiv siyasi elita üçün də yaxşı haldır. Yuxarıda yazdığım kimi: bizə peşəkarlar lazımdır. Məsələn, mən çox arzu edərdim bu il Bəxtiyar Hacıyev, Natiq Cəfərli, Erkin Qədirli, Zahir Əzəmət, Vasif İsmayıl, lap elə İlqar Məmmədovun özü deputat olsun (bunlar təxminən namizədliyini bildiklərimdir, qalanları üzrlü saysın). Çünki bu cür adamlar istənilən müzakirəyə, debata yaraşıq qatan, hərəsi öz sahəsində ad çıxarmış şəxslərdir. Qəsdən haçansa deputat olmuş şəxslərin adını çəkmirəm, çünki burada yenilənmə vacibdir. Yaxşı olar hər seçkidə bizdə yenilənmə getsin, millətin siyasi potensialı, deputat bazası artsın. Yoxsa baxırsan hansısa dairədə kötüyün biri 30 ildir çürüyür. Bəlkə bu cür sarsaq yanaşma üzündən görürsən kimlərsə "filan dairə mənimdir” deyə elə bil monopoliya yaradırlar. Deputatlığa bu dərəcədə müqəddəs vəzifə kimi yanaşmaq olmaz. 40 min adamdan uzağı 10-15 min nəfəri 1 nəfəri seçib 5 illiyə söz deməyə göndərir. Vəssalam.

Rauf Arifoğlunun deputat olması, açıq desək, iqtidara da lazımdır. Çünki o, bir növ birləşdirici adamdır, xalqın sözünü iqtidara çatdırdığı kimi, iqtidarın sözünü də xalqa çatdıra bilər. Bizdə pis tarixi ənənəyə görə adətən belə "ortada qalmış” şəxsləri daha çox vururlar, ancaq orta xətt müəyyən dövrlərdə çox vacibdir.

Arifoğlunun deputat olması, yuxarıda yazdım, mənim üçün də sərfəlidir. Yazılarımı dərc edəcək. Çox zaman bizim oxucular ancaq yazarın imzasını görür, baş redaktor və təsisçinin kimliyinə önəm vermir. Halbuki bizim hər yazını qanun baxımından, cavabdehlik baxımından müəlliflə yanaşı baş redaktor və təsisçi də imzalayır. Yəni oxuduğunuz bu yazıya mən 1 dəfə imza atıramsa, Rauf Arifoğlu 2 dəfə imza atır. Bunu da vurun 3094 dəfəyə. Hələ mən 2003-cü ildən burada yazıram. Yəni azı 7 ilin hesabı burada yoxdur.

Onun deputat olmasını istəməyənlər də var, əlbəttə, qəzetçilik baxımından burada onların da mövqeyinə yer verməliyəm. Ancaq həmin qrupun başında duranlar Azərbaycan üçün həlledici anlarda qiyamçı Etibar Məmmədovu və siyasi mənasız Rüstəm İbrahimbəyovu bizə gündəm ediblərsə, niyə onların fikirləri indi məni və seçiciləri narahat etməlidir?

Sonda bildirim ki, mən bir dəfə Rauf bəyin deputat seçkisini "udmuşam” və bunu xoş xatirə olaraq yadımda saxlayıram. 2005 seçkisində Zabratda bir məntəqədə onun rəsmi müşahidəçisi idim. Bir dəqiqə də olsun qutudan ayrılmadan, məntəqə sədri ilə sutka boyu savaşaraq saxtakarlığa imkan vermədim və bülleten sayılanda Rauf bəyin haradasa 300 səs fərqi ilə udduğu məlum oldu. Ancaq məntəqə sədri protokolu imzalamaqdan imtina etdi və gecə yarısına qədər davamız çəkdi. Yalnız gecə saat 2-də başqa məntəqələrdə onun rəqibinin "qalibiyyəti” təşkil olunandan sonra sədr artıq "əhəmiyyəti qalmayan” protokolu mənə verdi. Cəbhə əldən getmişdi, ancaq bizim səngər sonacan təslim olmamışdı.

Ümid edirəm, bu dəfə bütün məntəqələrdə düzgün seçki olsun və hər kəs halal qələbə qazansın. Ən əsası, iş gecə yarısına qalmasın.

TƏQVİM / ARXİV