Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi
Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib.
Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən "Azərsun Sənaye Parkı”na köçürüldüyünü bildirdi. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir. Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində "Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verildi.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionların sosial-iqtisadi İnkişafına” dair Dövlət Proqramına bu istehsal müəssisəsində yüzlərlə insan işlə təmin edilib ki, bununla da "Azərsun Holdinq” ölkəmizdə işsizliyin aradan qaldırılması və insanların sosial-rifah halının yüksəldilməsinə öz töhfəsini vermiş olur.