adalet.az header logo
  • Bakı 18°C
16 Yanvar 2020 11:35
21595
SİYASƏT
A- A+

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə bir çox məqamlarla yadda qaldı. Bu müşavirədə ötən ildə görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verildi. Dövlət başçısı ötən ilin iqtisadi göstəricilərini qiymətləndirərək qeyd etdi ki, ölkəmiz iqtisadi sahədə müsbət nəticələr əldə edib”. Bunu mətbauata açıqlamasında V çağırış Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Həmsöhbətimiz vurğulayıb ki, əldə olunan müsbət nəticələr ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş siyasətin bariz nümunəsidir: "Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olub. Məsələn, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salıb ki, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Dövlət başçısının da qeyd etdiyi kimi, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub. Həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində ciddi addımlar atılıb. Digər tərəfdən, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Bundan başqa, inflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bu onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artıb. Cənab Prezident müşavirədə habelə qeyd etdi ki, qeyri-neft ixracımız 14 faiz artıb. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi. Ölkə rəhbəri valyuta ehtiyatlarının 6,4 milyard dollar artdığını və rekord həddə - 51 milyard dollara çatdığını da açıqladı. O, qeyd etdi ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir”.

Millət vəkili onu da bildirib ki, ötən il Azərbaycanda cox ciddi sosial paket həyata keçirilərək əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılıb: "Müşavirədə ölkənin sosial inkişafı məsələsinə toxunan ölkə rəhbəri bildirdi ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb. Belə ki, ötən il həyatakeçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində hökumət əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdi. Təbii ki, sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması dövlət üçün prioritet məsələ olaraq qalır və növbəti illərdə bu istiqamətdə işlər davam etdiriləcək”.

T.Rzayev bildirib ki, ötən il ölkəmizdə infrastruktur layihələri də uğurla icra edilib: "Məsələn, respublika üzrə qazlaşdırma 96 faizə çatıb. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdırıb. Bu il isə 400-dən çox subartezian quyusu qazılacaq. Eyni zamanda, keçən il 1300 kilometr yol çəkilib. Təbii ki, əldə olunan bu uğurlar ilk növbədə ölkədə hökm sürən sabitliyin nəticəsidir. Cünki dövlət başçısının da vurğuladığı kimi, bu gün dünyada müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar baş verməkdədir. Azərbaycanda mövcud olan sabitlik isə beynəlxalq mövqelərimizin daha da möhkəmlənməsinə zəmin yaradıb. Eyni zamamda, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına da xidmət göstərib. Məsələn, ötən il turistlərin səfərləri rekord həddə çatıb - 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Ümumi hesablamalar göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Demək olar ki, ölkəmizə maraq göstərən turistlərin sayı hər il artmaqdadır. Yəni, bu gün Azərbaycan sabitlik məkanı kimi sürətlə inkişaf edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Sözsüz ki, Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Bugünkü mövcud bünövrənin sağlam olması isə qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə ediləcəyinin qarantıdır”.