adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2020 11:30
12018
GÜNDƏM
A- A+

Qarabağda vəhşiliklər törətmiş erməni general azadlığa buraxıldı

İrəvan şəhərinin 1-ci instansiya ümumi yurisdiksiya məhkəməsi hakim M.Martirosyanın sədrliyi ilə prokurorluğun vəsatətini təmin edib və Ermənistan parlamentinin keçmiş deputatı, Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş "Yerkrap” könüllülər birliyinin keçmiş sədri, qaniçən general Manvel Qriqoryanın həbs qətimkan tədbirini dəyişdirib.

Adalet.az xəbər verir ki, bu haqda işğallçı ölkə saytları məlumat yayıb.

Xatırladılır ki, daha əvvəl Baş Prokurorluq məlumat verib ki, yanvarın 15-i saat 18: 00-da səhhətinin pisləşməsi ilə əlaqədar Manvel Qriqoryan barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılması üçün məhkəmə iclası keçiriləcək. Qeyd edilir ki, Manvel Qriqoryan dünəndən bəri "Nairi” tibb mərkəzinin reanimasiya şöbəsindədir. Vəkillərinin sözlərinə görə səhhəti ağır olaraq qiymətləndirilir, süni tənəffüs aparatına bağlıdır.

Xatırladaq ki, Manvel Qriqoryanın murdar əli Xocalı soyqırımında da soydaşlarımızın qanına batıb. 1993-cü ildə M. Qriqoryan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilib. O, komandirlik dövründə Cəbrayıl və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalayıb, dinc sakinlərə işgəncə verib. 2014-cü ilin noyabrında "Azadlıq” radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Manvel Qriqoryan Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan edib. Bu etirafına görə Manvel azərbaycanlı və erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunub.

2018-ci ildə M. Qriqoryan qeyri-qanuni şəkildə silah-sursata sahiblənmək və korrupsiya iddiaları ilə ittiham olunaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Baş nazir Nikol Paşinyan Manvelin Aprel döyüşləri zamanı məktəbli uşaqlar üçün nəzərdə tutulan ərzağı oğurladığını iddia edib. Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvelin evində çoxlu silah-sursat və kiçik bir zoopark aşkar edib.

18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat ‎xidmətinin keçmiş rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Qarabağ müharibəsində etdiyi cinayətləri işıq üzünə çıxarıb.

Terrorçu erməni general öz soydaşlarına qarşı belə, amansız işgəncələr törədib. 2019-cu ilin iyununda Aşot İsaxanyan adlı keçmiş hərbçi general Manvel Qriqoryan tərəfindən 2000-ci ildə 22 gün gizli zirzəmilərdə həbsdə saxlanıldığı və ona pul problemi üzündən olmazın işgəncələr verildiyi, boynuna zəncir keçirildiyi və s. iddiasıyla məhkəməyə müraciət edib.