adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ALLAHI QATiL EDƏNLƏR (VI hissə)

AQİL ABBAS
53569 | 2011-11-21 19:04
(Əvvəli qəzetimizin 5 noyabr sayında)
   
   
   
   Bu vaxt çavuş ona yaxınlaşdı:
   
   - Yoldaş mayor, yoldaş Polkovnik sizi zabit yeməkxanasında gözləyir.
   
   Müstəntiq:
   
   - Deyin ki, yeməkdən sonra gələcəm, uşaqlarla söhbətləşirəm. - dedi, sonra üzünü uşaqlara tutdu;- İndi söyləyin görüm, onu yaxşı tanıyırdız?
   
   - Əlbəttə, neçə ay idi bir yerdə, bir taqımda qulluq edirdik.
   
   
   
   - Düzdü, o, tikinti batalyonunda olsa da axşamlar bizim yanımızdaydı. Bizi başına yığıb elə şeylər danışırdı ki, adam az qalırdı durub düşmən üstə gedə.
   
   - Qatilə oxşayırdı?
   
   - Siz nə danışırsız, qətiyyən. Çox savadlı, ağıllı oğlan idi. O boyda universitet bitirmişdi, aspirant idi, tarixi də əzbər bilirdi.
   
   Üzbəüz oturmuş əsgər:
   
   - Ağsaqqallar da onunla hesablaşırdı, dədələr də ona hörmət edirdi.
   
   Müstəntiq:
   
   - Bəs necə oldu ki, belə bir oğlan birdən-birə qatilə çevrildi. Axı mütləq bunun bir səbəbi olmalıdı, ya yox?
   
   Əsgərlər bir-birlərinə baxdılar, dərhal hiss elədi ki, bu sual onları qorxutdu. Ortaya bir sükut çökdü.
   
   Müstəntiq başa düşdü ki, hələ bu sualın vaxtı deyil, qalxdı ayağa:
   
   - Yaxşı, nuş olsun! Mən özüm qəsdən bu stulda oturub, bu boşqabda yemək yedim ki, biləsiz, sizə söz verirəm, bir də bu yeməkxanada heç bir yoldaşınızın stulu boş qalmayacaq! - dedi və keçdi zabitlərin yeməkxanasına.
   
   Polkovnik Qərargah Rəisi ilə bir stolda çay içirdi. Hər ikisi qalxdı ayağa, ona yer göstərdilər.
   
   Qərargah Rəisi:
   
   - Yeməyə bir şey gətirsinlər?
   
   - Sağ olun, əsgərlərlə bir-iki loxma yedim. Bir stəkan çay pis olmaz.
   
   Qərargah Rəisi ona çay süzdü.
   
   Polkovnik gözünün birini qıyıb qəribə bir nəzərlə onu süzdü. Bu qıyqacı, bu qəribə baxışda bir özündən razılıq vardı:
   
   - Hə, yoldaş müstəntiq, işlər necə gedir? Tamamlayırsız, ya yox? Yuxarıdan da gündə neçə dəfə zəng edib maraqlanırlar.
   
   Polkovnikin özündənrazı qıyqacı baxışı Müstəntiqin nəzərindən qaçmadı, amma özünü onda qoymadı:
   
   - Mənə də zəng etmişdilər.
   
   Polkovnik:
   
   - Problem yoxdur ki? Qaranlıq bir məsələ varsa, deyin, nə kömək lazımdır edək. Yuxarıdakılar zəhləmizi çox tökməsinlər.
   
   Müstəntiq özünü elə göstərdi ki, guya fikrə getdi, əslində Polkovnikə baxırdı və onun ürəyindəkiləri oxumaq istəyirdi. Polkovnik isə heç nə olmamış kimi çox soyuqqanlı və arxayın idi:
   
   - Yaman fikrə getdin? Deyəsən çətinə düşmüsən?
   
   - Yox, elə bir çətin iş yoxdu. Şahidlərin ifadəsini alıram, bir də ekspertlərin rəylərini gözləyirəm. Uzağı on-on beş günə qurtarar.
   
   Polkovnik qalxdı və dedi:
   
   - Yaxşı, mən şəhərə gedirəm, istəyirsiz sizi də apara bilərəm.
   
   - Yox, sağ olun, siz gedin, mənim hələ bəzi görüləsi işlərim var.
   
   Polkovnik sağollaşıb getdi, ikisi qaldı.
   
   - Rəis, siz həmişə belə qaraqabaqsız?
   
   Qərargah Rəisi zarafatla:
   
   - Yox, niyə, hərdən gülürəm də.
   
   - Rəis, siz nə deyirsiz bu məsələyə?
   
   - Dostum, gecdi, özü də çox gecdi. İki ay bundan əvvəl əsgər özünü güllələyəndə, o cinayəti ört-basdır etməsəydilər, indi bu faciə baş verməzdi. İndi mən döydüyüm Batalyon Komandiri də sağ idi, əsgərlər də, o bədbəxt Akademik də. Həmin vaxt mən müstəntiqə dedim ki, bizim hamımız günahkarıq. Nə oldu? İndi siz nə edəcəksiz ki?! Kimə və nəyi sübut edəcəksiz? Açıq bir işdi, əsgər dörd yoldaşını güllələyib, sonra da intihar edib. Ortada ekspertizanın rəyləri, sizin ifadələrini almaq istədiyiniz şahidlər də hamısı bir-birlərinin ağzına tüpürmüş kimi sizin bildiklərinizdən başqa bir şey söyləməyəcəklər.
   
   - Bəs siz?
   
   - Mən?!
   
   Qərargah Rəisi bir siqaret çıxartdı, amma bir qədər əsəbləşdiyindən nə qədər elədi alışqanı yandıra bilmədi, qonşu stoldan bunu görən bir zabit qalxdı və gəlib onun siqaretini yandırdı, öz alışqanını da qoydu stolun üstə. Qərargah Rəisi başı ilə təşəkkür elədi və sonra siqaretin acı tüstüsünü acgözlüklə sinəsinə çəkdi:
   
   - Bəlkə sizdən sənə keçəkg
   
   Müstəntiq:
   
   - Çox yaxşı, bir az rəsmiyyətdən uzaqlaşaq.
   
   Qərargah Rəisi:
   
   - Dostum, əgər bu hərbi hissədə ən adi bir hadisə baş verirsə komandirdən əvvəl birinci elə mən məsuliyyət daşıyıram. Hissədəki əməliyyat şəraitinə, əsgərlərin hazırlığına da, təlim-tərbiyəsinə də bilavasitə mən cavabdehəm. Son aylarda baş vermiş hər üç ölüm hadisəsinin günahkarlarını axtarırsansa biri oturub qarşında. İstəyirsən inan, istəyirsən inanma, çox istərdim sən bu işi sonacan araşdırasan, bu cinayətlərin kökünü tapasan və kim məsuliyyət daşıyırsa, içi mən qarışıq, məsuliyyətə cəlb edib, qandallayasan. Bəlkə hamıya bir dərs ola. Onda deyərəm müstəntiqsən və onda o ölənlərin də qanı yerdə qalmaz. Buna gücün-qüdrətin çatarmı? Şəxsən mən inanmıram!
   
   Müstəntiq güldü:
   
   - Düzü mən də buna gücüm çatacağına inanmıram. Amma sizə söz verirəm, dünya dağılsa da axıradək gedəcəm.
   
   - Cavan oğlansan, gələcəyin qabaqdadı, özünü bərkə salma. Onsuz da imkan verməyəcəklər.
   
   - Kim imkan verməyəcək?
   
   - Səni bura göndərənlər!
   
   Durub yeməkxanadan çıxdılar.
   
   Qərargah Rəisi:
   
   - Şəhərə gedəcəksənsə bir azdan tikintidə işləyən əsgərləri gətirməyə maşın gedəcək, onunla gedə bilərsən. Sonra maşın olmayacaq, bura solaxay yerdi.
   
   - Narahat olmayın, burda qalacam.
   
   - Onda gecə gələrsən bizə, mən tək qalıram, yaxşı içkilərim də var, vurub dərdləşərik.
   
   - Gələrəm, vurub dərdləşərik.
   
   Ayrıldılar. Müstəntiq qayıtdı onun üçün ayrılmış iş otağına və yenidən qovluqları tökdü stolun üstə.
   
   
   
   ***
   
   
   
   Akademik Polkovnikin kabinetinə daxil olanda gördü Batalyon Komandiri də içəridədi, qauptvaxtın qurutduğu dalağı sancdı. Farağat dayanıb hərbi salam verdi:
   
   - Cənab Polkovnik, sıravi əsgər...
   
   Polkovnik qalxdı ayağa:
   
   - Azad!- yaxınlaşdı Akademikə və sonra döndü Batalyon Komandirinə; - Bu Akademikdi, aspirantdı, nədi, deyirsən yenə əmrlərə tabe olmur, yenə əsgərləri yoldan çıxarır?
   
   - Bəli, yoldaş Polkovnik!
   
   Polkovnik zəhmli baxışlarıyla Akademiki başdan ayağa süzdü, amma hiss elədi ki, bu sıravi əsgər başqaları kimi onun zəhmli baxışlarından çəkinmədi, ona görə səsinin gur yerinə salıb dedi:
   
   - Bura bax, Akademik, eşitdiyimə görə özün də nizamnaməni əzbər bilirsən, hüquqşünassan. Əmrə tabe olmamağın, əsgərlər arasında xoşa gəlməyən şeylər haqqında təbliğat aparmağın cəzasını da yəqin ki, yaxşı bilirsən?!
   
   - Yoldaş Polkovnikg
   
   - Sənə hələ söz verməmişəm. Bu qulaqlarını aç, - istədi başqa əsgərlərin qulağından tutduğu kimi Akademikin də qulağından tutsun, amma Akademikin qırımını görüb, əlini geri çəkdi: - yaxşı eşit. Mən sənin yaşına və təhsilinə hörmət elədim. Səni səngərə soxmadım, posta göndərmədim, saldım tikinti batalyonuna. Bəs bu yaxşılığa sənin cavabın nə oldu? Yuxarılara şikayət yazmaqdan yorulmadın. İndi də tikintidə qiyam qaldırırsan. İndi biz səninlə neyləyək?
   
   Akademik əvvəlcə istehza ilə Batalyon Komandirinə baxdı, sonra yenidən farağat vəziyyəti alıb dedi:
   
   - Güllələyin, qurtarıb getsin!
   
   Elə bil Polkovniki ilan çaldı, necə çığırdısa Batalyon Komandiri qorxdu:
   
   - Qauptvaxta! Beş gün!
   
   
   
   ***
   
   
   
   Akademikin yenidən qauptvaxta salındığını eşidən tağım yoldaşlarından kimisi dilxor oldu, kimisi ona qahmar çıxdı, kimisi də əsəbləşdi:
   
   - Nə istəyir ey bu?! Başını sal aşağı, əsgərliyin çək də!
   
   - Beş-altı kitab oxuyub, elə bilir hamıdan ağıllıdı. Ora-bura şikayət yazır, əziyyətini biz çəkirik.
   
   - Səfehin biri səfeh. Sənə deyirlər tik- tik də, nə borcuna kazarma tikirsən, yoxsa villa.
   
   Başqa birisi qahmar çıxdı:
   
   - Ə, yekə kişisiz, arvad kimi qeybət eləməyin. Kişinin oğlu bizim kimi qoyun deyil də. Deyir mən bura Vətənə qulluq eləməyə gəlmişəm, çobanlıq eləməyə, nökərçilik eləməyə yox. Sən, mən arvad kimi qorxub susuruq, amma o qorxmur, bizim də haqqımızı qoruyur.
   
   Qeybət eləyənlərdən:
   
   - Biz əsgərik, komandirlərin əmrlərinə sözsüz əməl etməliyik. Əmr müzakirə edilmir.
   
   - Bəlkə komandir əmr elədi ki, təpənə bir güllə vur, vuracaqsan?
   
   - Yox!
   
   - Bəs deyirdin əmr müzakirə edilmir?!
   
   - Baxır əmrə də.
   
   - Onda otur yerində, danışma.
   
   - Ə, səsinizi kəsin, çavuş gəlir.
   
   
   
   ***
   
   Akademikə həmişə qahmar çıxan Ağsaqqal gəldi Qərargah Rəisinin kabinetinə.
   
   - Yoldaş Polkovnik, müraciət etmək olar?
   
   - Buyur.
   
   - Yoldaş Polkovnik, Batalyon Komandirinin fitvasıyla Akademiki yenə qauptvaxta saldılar. Siz əsgərlərin atası sayılırsız, kömək edin.
   
   - Əsgər, hamınız bilirsiz ki, mən də Akademikin xətrini çox istəyirəm, amma bu dəfə kömək edə bilməyəcəm. Çünki cəzanı məndən vəzifəcə böyük şəxs verib. Çalışaram Polkovniklə danışım. Akademik də dilinə yiyəlik eləmir. Day mən də yorulmuşam onu müdafiə etməkdən, gücüm çatmır. Buranın yiyəsi mən deyiləm ey, Komandirdi. Mən olsaydım indi burda yox, o dağların başındaydıq! - deyib əli ilə düşmən əlində olan bir gülləlik məsafədə doğulduğu dağları göstərdi.
   
   
   
   ***
   
   
   
   İtlər əvvəlcə izi tutub sevinclə hürüşə-hürüşə meşənin içindən keçən kiçik dağ çayına çatanda səslərini kəsdilər və vurnuxmağa başladılar. Çayın kənarında ora-bura sümsünüb nə qədər iyləsələr də istədikləri qoxunu tapa bilməyib zingildədilər.
   
   Üzüyuxarı inandırıcı görünmürdü, cəbhə xətti idi.
   
   İzi tapmaq üçün üzü çay aşağı axtarmağa başladılar və yenidən at izlərinə rast gəldilər. İtlər axtardıqlarını tapdıqlarından atılıb-düşdülər və hürüşə-hürüşə irəli cumdular, polislər də itlərin ardınca. Bu iz onları meşədən bir yamaca çıxartdı. Bura örüş yeri idi, xeyli qoyun-quzu, mal-qara otlayırdı. Bir qədər aralıda isə bir neçə at cidarlanmışdı. İtlər hürə-hürə atlardan birinin üstünə cumdu. İtlərin qəfil hücumundan hürküb canını qurtarmaq istəyən at fınxıra-fınxıra qoşa təpik ataraq özünü qorumağa çalışırdı.
   
   Bir az aralıda dirədöymə oynayan uşaqlar itlərin hürüşməsinə dayandılar, meşədən çıxan polislər itləri sakitləşdirməyə çalışırdılar. Uşaqlar maraqla götürüldülər polislərə tərəf.
   
   (Ardı növbəti şənbə sayımızda)

TƏQVİM / ARXİV