adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2020 08:32
17592
GÜNDƏM
A- A+

VAQİF ƏSƏDOV İŞDƏN ÇIXARILIB?

Sözün düzü, bu xəbəri bir çox saytlarda və sosial şəbəkələrdə oxuyandan sonra çox narahat oldum. Hansı ki, "Ədalət” qəzeti olaraq biz yeni il qabağı Vaqif Əsədovla çox maraqlı müsahibə hazırlayaq qəzetimizdə dərc etmişdik. Üstəlik də yanvarın 10-da təsadüfən polis polkovniki Vaqif Əsədovla "Azərbaycan” nəşriyyatının qarşısında rastlaşdıq, müsahibəyə görə, rəhbərliyə və bizə öz minnətdarlığını bildirdi. İkincisi də "Ədalət” qəzeti olaraq düz 20 ilə yaxındlr ki, biz Vaqif Əsədovla hərəkətin təhlükəsizliyi ilə bağlı layihələr həyata keçirdik. Elə bir həftə olmaz ki, cənab polkovniklə ən azından Bakı şəhər yol polisi ilə əlaqədar telefon danışığımız olmasın. Sözün açığı, bir dost və yaxın yazar olaraq bu xəbəri oxuyandan sonra təəssüf hissi keçirdim. Ona görə də həmin məlumatlara və eləcə də guya saytların yazdığına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hamısı sərəncama götürülüb məlumatına bir daha aydınlıq gətirmək istədik. Təbii ki, bütün bu məsələlər çox ciddi və dəqiqləşdirməyə ehtiyacı olan məlumatlardı. Ən azından ona görə ki, hər hansı xəbəri, özü də ciddi xəbəri qəzet səhifəsinə çıxarmamışdan öncə DİN-in, Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti ilə əlaqə yaratmaq olardı və onların fikrini öyrəndikdən sonra cəmiyyətə bu informasiya ötürülə bilərdi.

Çox təəssüf ki, bəzi saytlar və qəzetlər ucuz reytinq xətrinə bəzən əsl həqiqəti yox, dezinformasiyanı üstün tuturlar. Bu isə çox böyük ajiotaja və narahatlığa gətirib çıxarır. Ona görə də bir daha bu məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. O, yayılan məlumatlara aydınlıq gətirərək dedi:

- Birincisi, cənab nazirimizin belə bir əmri olmayıb ki, əməkdaşlarımız sərəncama götürülsün. İkincisi də, yaş həddiylə əlaqədar olaraq polis polkovniki Nuşirəvan Səfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Və onun yerinə yeni rəis təyin edilib. Eyini zamanda, Bakı Şəhər Yol Patrul Xidməti Alayının komandiri də vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə Malik İbrahimov cənab nazirin əmriylə Yol Patrul Xidməti Alayının komandiri vəzifəsinə təyin edilib. Bax, bizdə olan dəyişikliklər bundan ibarətdir.

O ki, qaldı mənimlə bağlı yayılan xəbərlərə, yaxşı bilirəm ki, bu qeyri-dəqiq məlumatdan mənə hörmət edən, məni tanıyan adamlar çox narahat olublar. Əgər rəhbərlik mənə desə ki, işdən getməlisən, elə həmin an ərizəmi yazıb çıxaram. Amma siz zəng edən zaman mən iş başındayam və burdan da durub gedəcəm televiziyada çəkilişə. Başqa sözlə demiş olsaq, biz tapşırılan işi icra edirik və vəzifə də əbədi deyil. Bu gün bu işi mən görürəm, sabah ola bilər bu vəzifə başqasına tapşırılsın və o gəlib tapşırılan işi icra etsin. Heç kim əvəzedilməz deyil. Amma əsl həqiqət odur ki, hər hansı informasyanı hazırlayanda sosial şəbəkədə yayanda və satlarda verəndə onu dəqiqləşdirmək lazımdır. Bütün jurnalistlər də yaxşı bilir ki, Vaqif Əsədov mətbuat üçün açıq adamdı və mənim mobil nömrəmi əksər kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşı bilirlər. Bir zənglə bu məlumatı dəqiqləşdirə bilərdilər. Sadəcə olaraq, bəziləri ucuz reytinq xətrinə bu cür dezinformasiyalar yayır və yol polisinin fəaliyyətinə kölgə salmaq istəyirlər. Amma mənim mətbuatda çoxlu sayda jurnalist dostlarım var. Bəlkə də heç bir mətbuat xidmətinin rəhbərinin bu qədər dostu yoxdur. O dostların narahatlığını hiss etdim və çox sağ olsunlar ki, mənimlə məlumatları dəqiqləşdirdilər və əsl həqiqətləri cəmiyyətə çatdırdılar.