Allahşükür Ağa: Müşfiqin bir şeiri var, divara yazılan - ŞEİRLƏR
Adalet.az Allahşükür Ağanın şeirlərini təqdim edir.
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
Indi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
Indi də zibil qabını.
Arxasınca ağlayan
xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.
Qayıdıram
Atılıb düşürəm
Qayıdıram torpağa.
Küləklər əlim,
Şimşəklər dilim.
Buludlar telim,
Gedirəm torpağa.
Bir az ağlamağımla,
Bir az oynamağımla,
Gedirəm.
Deyirlər torpaqlar azalıb
Qayıdıram torpağa.
Bir parça suyuydum,
Bir qalaq daşıydım,
Bir çəngə buluduydum,
Adam kimi qalxdım ayağa.
Buludlar,
Daşlar,
Sular azalıb
Qayıdıram yerimə...
Səs salmayın
Xəbər gözləyən
nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.
Kababı
köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...
Ləpir
Axşam qoyub
gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq
ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz
sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı
qaldırdıqca
Sərçənin duasını eşidirəm:
"Allah, sabahımız üçün də
Bir ayaq saxla.”
Elə
sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Bayıl türməsi
Bu asfaltın
altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə
bərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.
Burda, bax
burda,
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Burda, bax
burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...
Yanımdakı
qoca bir qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm; qanı da?