adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Yanvar 2020 06:47
27399
SİYASƏT
A- A+

İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

AZƏRTACxəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevinnitqi

- Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir.

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində.

Beynəlxalq müstəvidə bir çox önəmli hadisələr baş verdi. Sadəcə olaraq, mən əsas məsələlərə diqqət yetirirəm. Artıq dediyim faktlar əyani şəkildə göstərir ki, beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir və keçən il bu mövqelər daha da möhkəmlənmişdir.

Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır.

Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.

İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində "Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik.

Yol tikintisinə gəldikdə, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.

Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.

Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bu da o məsələdir ki, görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan vermişdir. Çünki mən dəfələrlə demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır. Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Beləliklə, əlbəttə ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında saatlarla danışmaq olar. Mən, sadəcə olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır.

İndi isə keçək müzakirələrə. Biz keçən il Azərbaycan tarixində həcm baxımından ən böyük dövlət büdcəsini qəbul etdik. İcmal büdcə 30 milyard manata yaxındır, təqribən 17,6 milyard dollardır. Əlbəttə ki, büdcə xərclərinə nəzarət daha güclü olmalıdır.

Maliyyə naziri həm büdcənin əsas parametrləri və həm də bu il görüləcək işlər haqqında məlumat versin.

Maliyyə naziri Samir Şərifovçıxış edərək deyib:

- Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Azərbaycan Respublikasının 2019-cu ildə inamlı inkişafı, ümumi daxili məhsulun artması öz növbəsində dövlət büdcəsinin icrasının göstəricilərində də özünü büruzə verib. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunmuşdur. Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat və ya 4,5 faiz artıq mədaxil təmin edilmişdir.

Qeyd etməliyəm ki, bu məlumatlar operativ xarakter daşısa da, ümumi meyilləri göstərir. İlk növbədə, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində və yaxud 97 faiz səviyyəsində icra edilmişdir. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil etmişdir. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu 2019-cu il üçün büdcə qəbul edildikdə təxminən 10 faiz az olmuşdur.

Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, fiskal orqanları - həm vergi, həm də gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə icra edilmişdir. Digər tərəfdən isə dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə edilmişdir. Burada, ilk növbədə, Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manata qədər qənaət əmələ gəlmişdir. Bu da onun hesabına baş vermişdir ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılmışdır.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, icmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olmuşdur, ümumi daxilolmalarımız daha çox olmuşdur. İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil etmişdir. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilmişdir. Nəticədə icmal büdcədə də profisit yaranmışdır. Profisit 7 milyard 343 milyon manat məbləğində olmuşdur. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Yəni, nəzərdə tutulmuş profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox oldu. Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş vermişdir. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş vermişdir. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanmışdır. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır.

Bu amillər Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin maliyyə mövqeyinin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətinin nəticəsinin müsbət göstəriciləridir.

Qeyd etmək istərdim ki, 2019-cu ildə dövlət büdcəsinin xərclərində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. İlk növbədə, ona görə ki, xərclərin strukturunda müəyyən dəyişikliklər olmuşdur. Bu da onunla bağlıdır ki, möhtərəm cənab Prezident, Sizin sosial sahədə apardığınız siyasətin nəticəsi olaraq il ərzində minimum əməkhaqqı iki dəfə artırılaraq, onun maliyyə təminatı təşkil edilmişdir. Pensiyanın minimum məbləği də artırılmışdır. Həmçinin sosial müavinətlərin də əhəmiyyətli artımı baş vermişdir. Bu tədbirlər 2019-cu ilin dövlət büdcəsi çərçivəsində hər hansı bir dürüstləşmə aparılmadan tam təmin edilmişdir. Bu da dövlətin bu sahədə olan siyasətini və prioritetlərini tam açıq şəkildə büruzə vermişdir.

Hesab edirəm ki, 2019-cu ilin büdcəsində vacib elementlərdən biri də, cənab Prezident, Sizin humanist Fərmanınızla bağlı idi. Bu isə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi məsələsidir. Bu məsələ ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir və 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün təmin edilmişdir. Bunun hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən faktiki olaraq böyük bir yardım almışdır. Bununla yanaşı, Sizin Fərmanınızla nəzərdə tutulan fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində vacib addım manat ifadəsi ilə verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edilmişdir. Beləliklə, bu da dövlətin həyata keçirdiyi sosial siyasətin digər bir vacib elementidir.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - həm müdafiə, milli təhlükəsizlik, həm də sosial, mədəniyyət, idman sahələrində bütün beynəlxalq tədbirlərin tam ahəngdar maliyyələşdirilməsi həyata keçirilmişdir. Xəzinədarlıq orqanları tərəfindən, ilk növbədə, sosial ödənişlərin vaxtında tam icrası təmin olunmuşdur. 2020-ci il dövlət büdcəsinin hazırlanması ilə əlaqədar da müvafiq tədbirlər görülmüşdür. Artıq bu büdcə tərəfinizdən imzalanmışdır və bu da Azərbaycan tarixində xərc baxımından ən böyük büdcədir. Bu büdcənin icrası üçün lazımi səviyyədə tədbirlər həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev:Xarici borcun azaldılması üçün nə qədər vəsait nəzərdə tutulub?

Samir Şərifov:Möhtərəm cənab Prezident, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı Sizin müəyyənləşdirdiyiniz strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət qurumlarının, yəni...

Prezident İlham Əliyev: Onlar aydındır, yəni, 17,2 faiz. Yəni, bu il nə qədər vəsait nəzərdə tutulub? Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa.

Samir Şərifov:Bu il 1,7 milyard manat məbləğində.

Prezident İlham Əliyev:Onda hansı səviyyəyə düşəcək?

Samir Şərifov:Cənab Prezident, biz bu il bəzi tədbirlər görməyi nəzərdə tuturuq. Sizə məruzə olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz borclarla əvəz etmək istəyirik. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident İlham Əliyev:Çalışın ki, daha da ensin.

Samir Şərifov:Şübhəsiz ki, ümumi daxili məhsuldan da daxil olacaq. Burada bir məsələ də var, cənab Prezident, yəni, sırf texniki məsələ də olsa, ümumi daxili məhsulumuz manat ifadəsində praktiki olaraq, burada inflyasiyanın səviyyəsi, deflyator rol oynayır. Ona görə biz onu dollara keçirəndə orada müəyyən təsirlər olur. Odur ki, nisbət baxımından burada çox böyük əhəmiyyətli azalma olmayacaq.

Prezident İlham Əliyev:İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa, əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim, əslində, xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır. O ki qaldı, Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına, əlbəttə, bu, çox müsbət haldır. İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Əlbəttə ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik.

Bizim xarici ticarət əlaqələrimiz artır. Ticarət dövriyyəsində qeyri-neft ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə bağlıdır. Bir çox ölkələrdə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan ticarət evlərini yaratdıq. Baş Nazirin müavini Şahin Mustafayev bir çox ikitərəfli komissiyalara rəhbərlik edir, o cümlədən qonşu ölkələrlə - Rusiya ilə, İranla, həmçinin bizim əsas ticarət tərəfdaşımız Çin ilə. Ona görə bu il bu istiqamətdə hansı işlər görülməlidir? Bu barədə məlumat verin. Mən hökumətə tapşırıq vermişdim, hökumətlərarası komissiyaların bizim üçün əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan məhsullarını o ölkələrə ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti, tenderlərdə iştirakı üçün yeni imkanlar araşdırılsın, eyni zamanda, bir çox ölkələrdə biz bu istiqamətdə kontraktları da icra edə bilək. Keçən illə bağlı qısa məlumat verin.

Baş Nazirin müavini Şahin Mustafayevçıxış edərək deyib:

-Möhtərəm cənab Prezident, qeyd etdiyiniz kimi, əsas ticarət tərəfdaşlarımızla aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə edilmişdir. İlk növbədə, bu iş yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilmişdir. Qeyd etdiyiniz kimi, qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində əldə olunmuşdur. İlk növbədə, Rusiya Federasiyası bizim qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır. Azərbaycan qeyri-neft ixracı üçün ən iri bazar məhsulu sertifikasiyasıdır. Sizin göstərişiniz əsasında Rusiya Federasiyasında Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki ildən çoxdur fəaliyyət göstərir. Rusiya Federasiyasında ticarət və şərab evlərinin açılması baş tutmuşdur. Eyni zamanda, Sizin tərəfinizdən hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında əlaqələrin inkişafını əks etdirən yol xəritəsi təsdiq olunmuşdur. Yol xəritəsində də və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında əsasən ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar da bir-bir qeyd olunmuşdur. Rusiya Federasiyası ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaqdır. Qeyd etdiyim yol xəritəsində bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində, həmçinin ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması kimi tədbirlər nəzərdə tutulmuşdur.

Sizin tapşırığınız əsasında Rusiya Federasiyası ilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində keçən il önəmli illərdən biri olmuşdur. Keçən ilin sonunda çoxdan gözlənilən Samur çayı üzərində yeni körpünün inşası başa çatdırılmışdır, açılışı baş tutmuşdur. Hesab edirəm ki, bu infrastruktur layihəsinin icra olunması iki ölkə arasında ticarət mübadiləsinə çox ciddi müsbət təsir göstərəcəkdir. Eyni zamanda, hökumətlərarası komissiya çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Rusiya Federasiyası ilə bizim üç sərhəd-keçid məntəqəmiz var. Biz bu il və gələn illərdə o yeni sərhəd-keçid məntəqələrində də infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparacağıq. Həmçinin Siz qeyd etdiyiniz kimi, turizmin inkişafı baxımından Rusiya Federasiyasından gələn turistlərin sayı önəmli dərəcədə artmışdır. Sizin tapşırığınızla artıq məhz nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiya Federasiyasının "Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaqdır. Sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir.

Çinlə əlaqələr baxımından keçən il uğurlu il olmuşdur. Siz Çində "Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak etmisiniz. Siz bu konfrans çərçivəsində Çinin lideri ilə görüş keçirmişdiniz. Bu görüşdə 10-a yaxın sənəd imzalanmışdır. Elə görüş çərçivəsində 800 milyon dollar həcmində kontraktlar imzalanmışdır. O kontraktların icrasına başlanılıbdır. Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Çində bir neçə ticarət və şərab evi açılmışdır. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur və tərəfinizdən lazımi göstərişlər verilmişdir. Eyni zamanda, qeyd etməliyəm ki, Çində Sizin tapşırığınızla ikinci ticarət nümayəndəliyi fəaliyyət göstərir. Ticarət nümayəndəliyinin fəaliyyəti nəticəsində qeyri-neft ixracı və ticarət dövriyyəsinin artımında önəmli nəticələr əldə olunmuşdur. Çinlə əməkdaşlığa gəldikdə isə, bir sıra istiqamətlərdə də əlaqələr inkişaf edir, o cümlədən nəqliyyat, logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Türkiyə ərazisinə keçidi təmin olunur. Əminəm ki, bu istiqamətdə görülən işlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaqdır.

Qonşu ölkələrdən İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə, digər sahələrdə önəmli nəticələr əldə olunmuşdur. İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olmuşdur. Ümumilikdə, Siz çıxışınızın əvvəlində qeyd etdiyiniz kimi, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması, doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir və apardığınız siyasətin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Siz qeyd etdiyiniz kimi, artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırmışdır və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Düşünürəm ki, gələn il o körpünün də tikintisi başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaqdır. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır.

Cənab Prezident, qeyd etdiyiniz kimi, qonşu ölkələrlə aparılan ciddi və önəmli siyasət sayəsində həm ticarət dövriyyəsinin, həm qarşılıqlı investisiya layihələrinin nəticələri onu göstərir ki, bu siyasət müsbətdir, düzgündür və öz bəhrələrini verməkdədir. Keçən il olduğu kimi, bu il də biz əlavə nəticələr gözləyirik.

Prezident İlham Əliyev: Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.

Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir.

Qeyd etdiyim kimi, keçən il makroiqtisadi vəziyyət sabit olmuşdur, inflyasiya cəmi 2,6 faiz təşkil etmişdir. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalmışdır. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıbdır. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi. Ümumiyyətcə, bu il inflyasiya hansı səviyyədə proqnozlaşdırılır, əlavə funksiyaların icrası nəticəsində bank sektorunda hansı dəyişikliklər nəzərdə tutulur? Bu barədə qısa məlumat verin.

Mərkəzi Bankın sədri Elman Rüstəmovçıxış edərək deyib:

- Möhtərəm cənab Prezident, Siz çıxışınızda qeyd etdiniz ki, ötən il bütövlükdə Azərbaycan xalqı üçün dövlət quruculuğu tariximizdə sabitlik, inkişaf, iqtisadi islahatlar və sosial rifahın artırılması ili kimi qalacaqdır. Təbii ki, makroiqtisadi sabitlik bu işlərdə olduqca fundamental rol oynayır. Mərkəzi Bankın mandatına görə, onun başlıca funksiyası iqtisadiyyatda qiymətlər sabitliyinin təmin olunmasıdır. Artıq Siz inflyasiya göstəricisini qeyd etdiniz, 2,6 faiz səviyyəsindədir. Bu, bütövlükdə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən biridir və 2018-ci ildəki aşağı inflyasiya səviyyəsini də nəzərə alsaq, son iki ildə Azərbaycanda cəmi 2,1 faiz inflyasiya səviyyəsi qeyd olunmuşdur. Artıq qeyd edildiyi kimi, bu, olduqca mürəkkəb bir şəraitdə əldə edilmişdir - ötən il olduqca böyük həcmli sosial paket, kreditlərin restrukturizasiyası, o cümlədən mən xüsusi qeyd etmək istərdim, dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda. Bizim iqtisadiyyatımız çox əlaqəli bir iqtisadiyyatdır və belə bir fonda, pul kütləsi həcminin təxminən 24 faiz qalxdığı bir şəraitdə aşağı inflyasiyaya nail olunmuşdur. Aparılan sorğular göstərir ki, əhalinin inflyasiya gözləntiləri, yəni makroiqtisadi sabitlik, manatın məzənnəsinin sabitliyi fonunda olduqca stabil və əhalinin aşağı inflyasiya gözləntiləri var. Bu da gələcəkdə inflyasiyanın idarə olunması üçün çox mühüm amillərdən biridir.

Siz artıq tədiyə balansının başlıca göstəricilərini qeyd etdiniz. Cənab Prezident, valyuta ehtiyatlarımız bütövlükdə ümumi daxili məhsulun səviyyəsini ötüb keçmişdir. Siz Yeni il təbrikinizdə qeyd etdiyiniz kimi, valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən çox üstələyir. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını artırmışdır və gəlirlilik əhəmiyyətli olmuşdur. Təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə etmişdir. Belə bir şəraitdə, yəni neftin qiymətinin keçən il həm "Azəri Layt”, həm "Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin.

Keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub. Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Mən artıq qeyd etdim, dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artmışdır, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilmişdir. Təbii ki, onlar da o vəsaitlərdən kreditlərin verilməsi üçün istifadə edə bilərlər. Cənab Prezident, bütövlükdə Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır. Mən onu qeyd etmək istəyirəm ki, bayaq Siz dediniz, Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılmışdır və tədricən bu dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayır. Bu, iqtisadi inkişafa transformasiya olunur.

Siz artıq qeyd etdiyiniz kimi, ötən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artmışdır, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artmışdır və bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır. Cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirildi. Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaqdır. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir.

Bütövlükdə əmanətlər də artıb. Manatla müddətli əmanətlər 27 faiz artmışdır. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur. Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artmışdır. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin imzaladığınız nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, - tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur.

Cari ilin əsas vəzifəsi, cənab Prezident, başlıca olaraq təbii ki, yenə də inflyasiyadır. Siz bu məsələnin əhəmiyyətini qeyd etdiniz. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır. Cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur. Düşünürük ki, Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada bütün işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə nail olaq. Təbii ki, burada bir sıra amillər də var. Bu amillərdən ən başlıcası manatın sabitliyidir. Düşünürük ki, hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımız bu il də müsbət olacaqdır və valyuta ehtiyatlarını yığmağa imkan verəcəkdir. Ancaq biz ümid edirik ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcəkdir ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, bu il də manatın məzənnəsinin sabitliyi qorunacaqdır.

Cənab Prezident, Siz sığorta haqqında dediniz, bu, olduqca mühümdür. Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur. Burada, xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır. Siz çox düzgün prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə, marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm də yerli icra hakimiyyəti orqanları da bu işə fəal qoşulmalıdırlar. Çünki rayon yerlərində, kənd yerlərində hadisələr baş verir. Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur.

Kapital bazarlarının inkişafı, cənab Prezident, olduqca xüsusi, böyük bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf etməyib. Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər.

Ödəniş sistemi haqqında artıq dedim, çox mühüm prioritetlərimiz var, çalışacağıq ki, bütövlükdə 2020-ci il bu istiqamətdə dönüş illərindən biri olsun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev:Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov:Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident İlham Əliyev:Bəli, əmanətlərdə.

Elman Rüstəmov:Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident İlham Əliyev:Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov:Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev:Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov:Son iki ildə.

Prezident İlham Əliyev:Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Prezident İlham Əliyev:Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

Elman Rüstəmov:İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.

Prezident İlham Əliyev:İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər.

Elman Rüstəmov: Bunları edəcəyik cənab Prezident.

Prezident İlham Əliyev:Sosial sahədə aparılmış işlər haqqında mən artıq giriş sözümdə məlumat verdim, bu il hansı işlər gözlənilir. Biz keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim etdik və bu il bu rəqəm daha da artacaq. DOST mərkəzi fəaliyyətə başlamışdır. Artıq iki mərkəz yaradılıbd