adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Yanvar 2020 15:24
17891
GÜNDƏM
A- A+

SEVGİ ƏHLƏD DAŞIDI - Şahnaz Şahin yazır

"Bir-birinizi sevin,amma məhəbbəti buxova çevirməyin. Qoy o,könüllərinizin sahilləri arasında axan dəniz olsun” - Cübran

Hər gün azı yüz dəfə özünə söz verir..,söz verir ki,indiyəcən heç vaxt demədiyi sözləri deyəcək ona,etmədiyi etirafı edəcək,əlbəttə buna ehtiyac olmasa da! Tapacaq o cəsarəti özündə,atacaq illərlə ötüb keçməyən utancaqlığın daşını!... Lap başını qaldırıb üzünə dik baxa bilməsə də,deyəcək,ürəyindən dodağına tökülməsinə icazə verəcək sözlərin!..Verəcək!

İndi çox şey dəyişib,adamalr sözə daha çox etibar edirlər,hisslərin sözə çevrilməsi lazımdır demək.. Çox da bir-birilərini yarım sözdən,bir baxışdan anlayırlar.. Çox da ki,bəzən bir fikri ikisi birdən dilə gətirirlər və ikisi də birdən qayıdıb : "məndən çox yaşayacaqsan...” ,deyir və tez də əllərini göyə qaldırıb "yox-yox,Allah eləməsin...” deyə etiraz edirlər...

...Elə ta başdan bir-birinə azadlıq vermişdilər,heç ailə qurmamışdan irəli... Aralarında qarşılıqlı sevgi,inam,etibar,hörmət vardı... Çoxuna örnək olmuşdular ta əzəldən,sevgi-məhəbbətdən söz düşəndə camaat onları nümunə göstərirdi,atdıqları hər addım diqqət mərkəsində olurdu,əməlli başlı məşhur həyatı yaşayırdılar! Amma onlara paxıllıq,qibtə edənlər də az deyildi,müasirlikləri,düşüncə və fikir azadlıqları qısqanclıq doğururdu. Hər gün haqlarında təzə nəsə danışılırdı..,amma içərisində doğrusu da olurdu,yalanı da..Xoşbəxtliklərinə sevinən də vardı,paxıllıqdan dodaq büzən də!

Ailə problemləri olan dosta,qohuma və hətta yaşca özlərindən böyük olan insanlara da məsləhət yeri idilər. Sevənlər onlar kimi olmağa çalışırdı,bu da onları sevindirirdi.

Sevginin bir qanadı sayılan qısqanclıq hissi onlara yad idi,uzağı :

"Dayanıb güzgünün qabağında sən,

Pərişan telinə daraq çəkirsən...

Güzgü aldı səni mənim əlimdən,

Səni güzgüyə də qısqanıram mən.."

Belə qısqana bilərdilər,vəssalam. Beləliklə də bu hissi bədheybət ruhun gücünə çevrilməkdən qoruyur,küləyə,güzgüyə,gülə,çiçəyə qarşı olan təmiz duyğuya çevirirdilər..

Dəliqanlı vaxtlarda hər şey adama bir ayrı cür görünür,düşüncə də,məntiq də ağla tabe olmur..,gənclik dəlilikləri ,sevgi cəsarəti sevir axı!

Cavanlıqda ömür də adama uzun görünür,o qədər ki,bu başdan baxanda başından papağın düşər olur.. Eh,qarşıda gör neçə illərim var..,deyə arxayınlaşırsan da..(sanki ömür də sənin əlindədi,istəsən çəkib uzada bilərsən !) Amma yaman tez keçir zaman,lap işıq sürətilə keçir.. Gözünü yumub açırsan,açıb yumursan ,bir də baxıb görürsən ey dadi bidad,haçandı üyünüb gedib illərin,kəpəyi bir yana,unu bir yana çıxıb,yerdə də bir ürək dolusu yetim arzuların,başa çatmayan işlərin qalıb!... Bax onda başlayır ruhi əsintilər,peşmanlıqlar,bəzən etdiklərinin,ya edə bilmədiklərinin acısı gözünü göynədir...

İlk sevgi..! Həyatımıza bəzən gecikən,bəzən tələsən saf,pak duyğu!Ağladan,ağrıdan,öldürən,yaşadan hiss!.. Vəsf etməyə sözün bəs etmədiyi,etibarı,vəfası barədə saysız və müxtəlif qənaətlər gətirən qonaq..!Yuxu və həqiqət arasındakı məsafə..!.. Çiçəkdir- hər qəlbdə açmaz ki...

"..Soyuq ürəklərdə açmaz heç zaman,

Məhəbbət ən isti iqlimdə açar...”C.Novruz.

Məhəbbət cəsarətdir-sevmək,qəlbə düşən kiçik bir qığılcımı alova çevirmək cəsarəti!...

İşıq kimidir məhəbbət-bütün qaranlıqları nura qərq edir..”Yalnız o adamlar sevə bilir ki,məhəbbətlə onun bütün zehni işıqlanır!”

Ahıl çağlarında belə içində bir cocuq gəzdirə bilməkdir eşq!..Əsrlərcə açılmayan sirdir məhəbbət!...

Məsuliyyətdir sevgi ...,üzməyi bacarmadan suya baş vuranların ölümlə üz-üzə qalması labüddür..

Dəlilikdir eşq,kim ki,onun haqqında ağıllı mülahizələr yürüdə bilir, deməli o,sevgidən bixəbərdir!.

Quş kimidir məhəbbət,insanı göyə qaldırır.,ona qanad verir,amma uçmağı özünə buraxır,bacarmadısa məhvə məhkum!..

İnsanı qəhraman edən məhz bu ümumbəşəri hissdir ki,Onore De Balzak onun haqqında bu sözləri səsləndirmişdir:

"Məhəbbət keçmiş və gələcək tanımayan yeganə ehturasdır,hörmət məhəbbətin keşikçisidir!”

Sevmək fərqlilikdir,o,insanın ən yaxşı keyfiyyətlərini üzə çıxarır və onu tərbiyə edir..,güc verir və mətinləşdirir!

Sevgi azadlıqdır,insan ruhunu buxovlardan azad edir,memardır-insandan yeni bir insan yaradır!..

Daimi bir qorxu hissi olur sevəndə-itirmək qorxusu! Ya belə,ya elə,nə fərqi...Birdən birə ən əziz adamına çevrilən,lap elə dünənə qədər sənə yada olan,bəlkə heç varlığından xəbərsiz olduğun kəsi hər hansı bir səbəbdən itirə bilmək qorxusu ürəyinə,beyninə,zehninə hakimlik edir. ..

Soruşarsan,bircə kəlmə danışmaz,

Dindirərsən,göz yaşıdı cavabı.

Oxşayarsan,baxışları sürüşər,

Aldanarsan,bu da olar savabın..

İtirərsən ürəyinin içində,

Arayarsan buludların köçündə..

Asılarsan saçlarının ücündan,

Baha ölüm sənə düşər havayı...

Dünya yerdən göyə,ərşdən kürşə Eşqdir: Şəfqətli,mərhəmətli,fədakar,cəsarətli,həm də kövrək olur insan sevəndə..Yaşamaq gözəl,həyat maraqlıdır ,Günəş hər gün məhəbbətlə doğur ,gecələrin zülmətini Ayın sevgisi qovur..

"Göylər yaransaydı eşqdən azad,

Düşün,olardımı yer üzü abad?”N.Gəncəvi

Sevgi ,məhəbbət hissi insanın ruhsal olaraq tamamlanmasını təmin edir,məhəbbət gəzdirən qəlblərin öz mahnısı olur..Məhəbbət -Allaha aparan bir yoldur ,sevmək- tanrını içində daşımaqdır,özünü itirmək bahasına başqasını tapmaqdır...,başqasının simasında özünü görə bilməkdir eşq!

Və ..sadəcə, bir əhləd daşıdı sevgi...,başın dəyməsə bilməzsən!

Əllərin dərd görməsin,

Tut əllərimdən gedək.

Adəmin ağrısına,

Nuhun ahına yetək.

Üzüb keçək o taya,

Süzək tanış havaya.

Şəklimizi həkk edək,

O daşa,bu qayaya.

Ağlimizi aparaq

Ataq dağdan aşağı.

Mən Eşqdən uçmuşam,

Sevgi əhləd daşıdı.

Vəssalam!

P.s Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar,cavablandırmış Şəms Təbrizi:

"Sənin baxdığına hər kəs baxar,amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər,amma hər kəs sənin kimi sevə bilməz.

Tək fərq sənsən!..”