adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Yanvar 2020 16:33
31258
GÜNDƏM
A- A+

Türk qambiti

"Qanun” nəşriyyatı rus yazşçısı Boris Akuninin "Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsində nəşr edib. Erast Fandorinin macəraları seriyasından tarixi detektiv mövzusunda yazılmış əsərdə hadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyan edir. Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.


Birinci fəsil

Qabaqcıl qadın çətin vəziyyətə düşür

"Revyu parizen” (Paris)

14(2) iyul 1877 - ci il.

"Artıq ikinci həftədir ki, Dunaydakı rus ordu düşərgəsində olan müxbirimiz xəbər verir ki, dünən imperator Aleksandr özünün 1 iyul (Avropa təqvimiylə 13 iyul) tarixli fərmanıyla Dunay çayını uğurla keçərək Osmanlı dövlətinin sərhədlərinə soxulmuş öz qalib ordusuna təşəkkür edib. Əlahəzrətin imzaladığı ali fərmanda deyilir ki, düşmən büsbütün əzişdirilib və uzağı iki həftəyə Konstantinopoldakl müqəddəs Sofiya məbədindən provoslav xaçı asılacaq. Başıpozuqların – öz qaniçən təbiətləri və vəhşi davranışlarıyla məşhur olan bu yarımquldur və yarımpartizanların uçan dəstələrinin rus kommunikasiyarını ara-sıra həşərat kimi gəmirməklərini nəzərə almasaq hücum edən ordu, demək olar ki, heç bir müqavimətlə üzləşmir”.

Mübarək Avqustin deyir ki, qadın cılız və etibarsız məxluqdur. Qadınlara nifrət eləyən bu cahil haqlıdır, min dəfə haqlıdır. Ən azı Varvara Suvorova adlı bir zata münasibətdə.

Şən, çılğın bir macəra kimi başladı, gör nəylə qurtardı. Səfeh qız, sənə bu da azdır. Anası oturub-durub deyədi ki, Varya gec-tez öz başına bəla açacaq. Açdı da.

Qızın öz müdrikliyi və div səbriylə seçilən atasısa növbəti odlu- alovlu nitqlərinin birində onun ömür yolunu üç mərhələyə bölmüşdü: yubkalı şeytancığaz; tanrı cəzası; kəmağıl nihilist. Varya indiyədək bu təriflə qürur duyduğunu və qazandıqlarıyla kifayətlənmək fikrində olmadığını söyləsə də, təkəbbürü və özünə hədsiz inamı onunla çox qəddarcasına məzələndi.

Axı, niyə o bu meyxanada, ya da burda deyilən kimi yavaxanada dayanmağa razı oldu? Arabaçı, murdar oğru Mitko mızıldadı: "Hələ bir atları sulayaq, hələ bir atları sulayaq”. Aman allah indi bəs neyləyək...

Darya qaranlıq, bulaşıq otağın küncündəki kor-kobud taxta stolun arxasında oturaraq qorxudan tir-tir əsirdi. O yalnız bir dəfə, altı yaşında olarkən nənəsinin sevimli fincanını sındırdıqdan sonra divanın altına girib öz labüd cəzasını gözləyərkən belə qəmli, ümidsiz qorxu hissi keçirmişdi.

Dua etsəydi necə də yaxşı olardı. Ancaq qabaqcıl, aparıcı qadınlar dua etmirlər. Vəziyyət isə olduqca çıxılmazdır.

Deməli, belə. Yolun Peterburq – Bukareşt hissəsini çox tez və rahat başa vurdular. İki əla vaqon və on silah-sursat platforması qoşulmuş sürət qatarı Varyanı üç günə Rumıniyanın paytaxtına çatdırdı. Döyüş meydanına gedən zabitlər və hərbi məmurlar heç kimi əlindən öpməyə belə yaxın buraxmayan qonur gözlü, qısa saçlı, papiros çəkən xanımın üstündə az qala bir-birlərini öldürürdülər. Hər dayanacaqda Varyaya qucaq-qucaq gül dəstələri və çiyələk dolu səbətlər verirdilər. Gül dəstələri yöndəmsiz olduğu üçün qız onları dərhal pəncərədən tullayırdı. Bədəni qıpqırmızı səpdiyinə görəsə tezliklə çiyələkdən də imtina etmək lazım gəldi. Kavalerlərin hamısı ağıl və düşüncə sarıdan əsl infuzori[1] olsalar da, səfər çox şən və maraqlı keçirdi. Düzdür, Lamartini oxuyan, hətta Şopenhauer haqqında da eşitmiş bir kornet[2] başqalarına baxanda onunla daha incə rəftar eləsə də, daha çox lütfükarlıq göstərsə də, Varya nişanlısının yanına getdiyini yoldaşcasına ona izah edəndən sonra o özünü intizamlı aparmağa başladı. Belə baxanda o qədər də pis deyildi, hətta Lermantova oxşayırdı. Nəsə, allah işin avand eləsin , özü bilər, allahı bilər.

Səyahətin ikinci mərhələsi çox rahat keçdi. Bukaşetdən Turna-Mequrelə dilicans gedirdi. Çox silkələnsələr, xeyli toz-torpaq udsalar da, əvəzində yolun kələyini də kəsdilər. İndi mənzil başına lap az qalıb. Deyilənə görə Dunay ordusunun əsas mənzil-qərərgahı çayın o biri sahilində, Çareviçdədir.

Artıq Peterburqda tərtib edilmiş Planın (Varya özü bunu məhz böyük həriflə Plan adlandırmışdı) ən vacib və məsuliyyətli hissəsini başa vurmaq qalıb. O dünən axşam qaranlıq çökəndə Zimnitsadan bir az yuxarıdan qayıqla Dunayın o biri üzünə üzdü. İki həftə bundan əvvəl general Draqomirovun qəhrəman 14-cü diviziyası da rəqibin möhkəm müdafiə səddini qəfil həmləylə məhz həmin yerdən yarıb keçmişdi. Türk əraziləri, döyüş zonası burdan başladığı üçün bu çox təhlükəliydi, hər an ələ keçmək olardı. Yol-iriz kazak patrullarıyla doluydu, bir balaca sayıqlığnı itirsən bütün zəhmətin hədər gedəcək, dəhal tutub geriyə - Bukareştə qaytaracaqlar. Ancaq Varya diribaş və fərasətli qız idi, bunu əvvəlcədən ölçüb-biçmiş, lazımi tədbir görmüşdü.

Dunayın cənub sahilində yerləşən bolqar kəndində karvansaray olması lap yerinə düşdü. Sonrası bir az da yaxşı gəldi: karvansarayın sahibu rusca başa düşürdü. O vur-tut beş manatın müqabilində Varyaya etibarlı bir bələdçi qoşmağa boyun oldu. Varya şalvar kimi enli tuman, köynək, çəkmə, qolsuz gödəkçə və əndrabadi bir yun papaq aldı, əyin-başını büsbütün dəyişərək bir göz qırpımındaca nərmə-nazik Avropa xanımından arıq bolqar yeniyetməsinə çevrildi. Belə birisi heç bir post-patrul məntəqəsində şübhə oyatmazdı. Çareviçə şimaldan yox, cənubdan girmək üçün qəsddən dolanbac yolla getməyi qərara aldı. Petya Yablokov, Varin... orda, baş ordu qərərgahındaydı. Əslində heç onun kim olduğu da dəqiq bəlli deyildi. Nişanlımı? Yoldaşmı? Ərmi? Belə deyək: keçmiş ər və gələcək adaxlı. Həm də təbii ki, yoldaş.

Hələ hava işıqlanmamış cırıltılı, kələ-kötür, yöndəmsiz karuçayla (rumın arabası) yola düşdülər.

Ara vermədən tənbəki çeynəyən və saqqız kimi dartılıb uzanan qəhvəyi bəlğəmlə yola tüpürən ( hər dəfə də Varyanin əti ürpəşirdi) boz bığlı bələdçi Mitka əvvəl-əvvəl nəsə ekzotik bir balkan mahnısı oxusa da sonra susdu və dərin fikrə getdi – indi məlum oldu ki, nə barədə.

Öldürə də bilər, deyə Varya diksinərək fikirləşdi. Ya da daha pis bir şey. Özü də çox asanlıqla – bu soxasoxda kim bunu araşdıracaq ki?! Belələri haqqında düşünməliydilər, nədi onlar, başıpozuqlar.

Ancaq qətlsiz də elə çox pis oldu. Xain Mitka yol yoldaşını daha çox yavaxanaya oxşayan meyxanaya apardı, stolun arxasında oturtdu, özüsə indi qayıdacağına işarə edərək qapıya tərəf döndü. Bu çirkli, qaranlıq və üfunət dolu mağarada qalmaq istəməyən Varya onun arxsınca şığıdı. Ancaq Mitka dedi ki, mütləq çölə çlxmalıdır, çünki fizioloji ehtiyaclarını ödəmək lazımdır. Varyanın onun dediklərini başa düşmədiyini görüb, əl-qoluyla izah edəndən sonra qız məyus halda öz yerinə qayıtdı.

Fizioloji ehtiyacların ödənilməsi həddindən artıq uzun çəkdi. Varya bir az dadsız və duzlu pendir yedi, bir-iki qurtum turşumuş çaxır içdi, sonrasa meyxananın əcaib müştərilərinin onun personasına göstərdikləri aşırı diqqətə dözməyib həyətə çıxdı.

Çıxdı və yerindəcə donub qaldı.

Karuçanın izi-tozu da yox idi. Ordasa bütün şey-şüyləri yığılmış çamadan. Çamadan da dərman qutusu. Dərman qutusundasa kətan tiftiklə bintin arasında pasport və bütün pullar.

Varya yola tərəf qaçmaq istədi, amma bu zaman meyxananın qırmızı köynəkli, tünd qırmızı burunlu, üzündə yekə bir ziyil olan sahibi özünü çölə ataraq acıqlı-acıqlı qışqırdı və əliylə işarə etdi ki, əvvəlcə hesabı ödə, sonra get. Varya meyxanaçıdan qorxduğu üçün geri qayıtdı. Hesabı ödəməyə bir qara qəpik də yox idi. Sakitcə bir küncdə əyləşib baş verənləri bir macəra kimi yanaşmaq istədi. Alınmadı.

Meyxanada bir nəfər də qadın yox idi. Üst-başlarından kir-pas tökülən, qıy-qışqırıqları qulaq batıran kəndçilər heç də rus mujiklərinə bənzəmirdilər. Onlar keflənməyincə özlərini sakit aparır, alçaqdan danışır, bunlarsa bərkdən anqırır, qırmızı çaxırı bardaq-bardaq hörtdədir, ağız-ağıza verib elə hey vəhşi kimi (Varyaya belə gəlirdi) qaqqıldaşırdılar. Arxadakı uzun bir stolun arxasında oturanlar zər atır, hər atışdan sonra qışqır-bağır salır, hay-həşir qopardırdılar. Bir kərə lap bərkdən söyüşdülər, saxsı küpəni it-qusdu sərxoş olan balaca birisinin başına çırpdılar. Uzun müddət stolun altına yıxılıb ağnasa da , dadına bir kimsə çatmadı.

Meyxananın sahibi başıyla Varyaya işarə edərək ağzı sulana-sulana nəsə dedi, qonşu stolun arxasında oturanlar ona tərəf çevrilərək bədxahcasına qaqqıldaşdılar. Varya büzüşərək kepkasını gözünün üstünə çəkdi. Ondan başqa heç kim meyxanada kepkayla oturmamışdı. Ancaq kepkanı çıxartmaq olmazdı, saçları dərhal üzünə dağılardı. Düzdür, saçları uzun deyildi, Varya müasir bir qadın kimi onları qısa kəsdirmişdi. Ancaq kepkasını çıxartsa zəif cinsin nümayəndəsi olması dərhal sezilər. "Zəif cins” – kişilərin uydurduğu çox iyrənc bənzətmədir. Amma, əfsus ki, həqiqətdir.

İndi hər tərəfdən hamı gözlərini Varyaya zilləmişdi. Təkcə aşıq-aşıq oynayanların Vayalıq halları yox idi. Bir stol o yandasa, bufetin qarşısındakı qoltuqaltının ağzındakı masanın arxasında burnunu çaxır küpəsinə soxan bir qarasevda oturmuşdu. Onun yalnız qırxılmış qara saçları və bir də boz rəngə çalan kicgahları görünürdü.

Varyanı vahimə bürümüşdü. "Qorxma, özünü ələ al” – deyə o öz-özünə dedi. Sən böyük, güclü qadınsan, naz-qəmzəli xanım deyilsən. Demək lazımdır ki, rus qızıyam, cəbhəyə nişanlımın yanına gedirəm. Biz Bolqarstanın xilaskarıyıq, burda hamı bizi görməkdən məmnundur. Bolqarca danışmaq asandır, sadəcə, hər ifadənin axırına bir "ta” əlavə etmək lazımdır. Rus ordusu (russkaya armiyata), gəlin (nevestata). Rus əsgərinin gəlini nevestatası. Nəsə bu cür şeylər.

O, pencərəyə tərəf çevrildi. Nə bilmək olar, bəlkə Mitka gəlib çıxdı?

Bəlkə atlara su verməyə gedib və indi də geri qayıdır? Ancaq toz-torpaqlı küçədə nə Mitko, nə də karuça gözə dəyirdi, ancaq əvəzində Varya əvvəllər diqqət yetirmədiyi bir şey gördü. Evlərin üstündən çox da hündür olmayan, üstü qopub tökülmüş bir minarə boylanır. Yəni, doğrudanmı bu bir müsəlman kəndidir. Axı, hamı bilir ki, bolqarlar xristiandır, provaslavdır. Hələ bunlar şərab da içirlər, müsəlmanlarasa, Quran bunu qadağan edir. Əgər xristian kəndidirs