adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Yanvar 2020 13:15
21453
MƏMLƏKƏT
A- A+

Masallıda abidə ərazisində gedən tikinti dayandırıldı

Masallı rayonunda "Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikintisi dayandırılıb.

Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ərazidə tikintinin getməsi ilə bağlı sakinlər tərəfindən Dövlət Xidmətinə müraciət daxil olub və bununla bağlı qurum əməkdaşları oraya ezam olunublar:

"Masallı rayonunun Hişkədərə kəndində yerləşən "Əli Məhəmməd şah” qəbiristanlığının ərazisində mərasim evinin tikilməsi ilə bağlı kənd sakinləri tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub. Məsələ ilə əlaqədar Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Dövlət Xidməti tərəfindən ərazidə tikinti işlərinin aparılmasına icazə verilməyib və tam olaraq tikinti işləri dayandırılıb, əraziyə çəkilmiş hasarın sökülməsi tələb olunub. Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətinə də müraciət edilib".

F. Hüseynov qeyd edib ki, bundan əvvəl Hişkədərə kənd dini icmasının sədri Söhrab Ağayev tərəfindən həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı müraciət daxil olsa da, buna icazə verilməyib:

"Eyni zamanda Söhrab Ağayevə abidə ərazisində tikinti işlərinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olduğu bildirilib və qanunvericiliyə uyğun olaraq müvafiq cinayət və intizam məsuliyyəti daşıdığı barədə xəbərdarlıq olunub".

Bildirək ki, abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi (inventar № 5960, tarixi – orta əsrlər) dövlət qeydiyyatına götürülüb. Həmin ərazidə əvvəllər kurqanlar olub, lakin Sovet dövründə kurqanların üstündəki torpaq qatı götürülərək orada ibtidai məktəb binası tikilmiş, bina çöküntü verdiyindən uçurdularaq yeri beton qatla doldurulmuş və maşın parkı kimi istifadə olunub.