Könüllərdə yaşayan, qəhrəmanlıq tariximizdə izi olan Qarabala Nazim ...
Yanvar ayı əlamətdar günlərlə zəngindir. Bu ayda Oğuz elinin başına gəlməyənlər qalmayıb. Qara Yanvar və Daşaltı əməliyyatı xalqımızın yaddaşına iz salmış qara günlərin təqvim ayıdır.
Yanvar ayı bir şəhidimizin də döğum gününü yada salır. Nazim Qənbərov! El təbirincə desək,
Qarabala Nazim...
Onu Qarabağda, vaxtilə elə bütün ölkədə tanımayan
yox idi. Bəli, söhbət kiçik leytenant, kəşfiyyat
rotasının komandiri, şəhid Nazim Abış oğlu Qənbərovdan gedir.
O, 1968 ci il yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndində
anadan olub. Sovet dönəmində hərbi xidmətini Almaniyada keçib. Vətənə dönəndə
isə artıq Qarabağda müharibə başlamışdı. Təbii ki, bütün qeyrətli oğullar
kimi, o da kənardan seyrçi qalmadı, silaha sarıldı. 4 iyun 1992-ci ildə könüllü
olaraq Ermənistan Silahlı Qüvvələrinin işğalına qarşı çıxdı, döyüşə atıldı.
Nazim Milli QəhrəmanŞirin Mirzəyevin batalyonunda, 836 saylı hərbi hissədə
döyüşlərə atıldı. Torpaq üçün ilk savaşı isə Ağdərədə oldu. O Canyataq,
Gülyataq, Başgüneypəyə, Ortagüneypəyə, Sirxavənd, Mehmanə və digər kəndlər
uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıqlar gostərib. Bu döyüşlərin birində
Nazim 20 nəfər əsgərlə mühasirəyə düşür. Onun başçılığı və fədakarlığı sayəsində silahdaşları ilə bərabər itki vermədən mühasirəni yarıb cıxırlar.
Nazim Mehmanə kəndi uğrunda döyüşlərdə
10 erməni əsgərini öldürən zaman ayağından yaralanıb. Onu təcili hospitala gətirdilər.
Müalicə olunduqdan sona yenidən döyüşə atıldı. Bu dəfə Ağdam cəbhəsinə
yollandı.
708 saylı briqada, 5-ci batalyon. Burda da cəsarətinə, şücayətinə görə həm əsgər
yoldaşlarının, həm komandanlığın rəğbətini qazandı.
Rota komandiri seçiləndən sonra isə fəaliyyəti daha geniş müstəviyə keçdi. Bu səbəbdən
ermənilər arasında "qara bəla” kimi tanınıb. Dostları isə onu "Qarabala” deyə
çağırırdılar.
Kiçik leytenant az bir zaman içərisində ermənilərdən döyüş məlumatlı
zabit, qənimət kimi müxtəlif çaplı silahlar gətirməyə
başladı. Gətirə bilməyəndə isə onları sıradan çıxarırdı, partladırdı.
Silahdaşları söyləyir ki, "Qarabala”da incə bir yumor hissi də vardı. Hər belə
"ov”dan sonra ratsiya vasitəsilə çaş-baş qalmış ermənilərə "Mənəm,
Qarabalayam” deyir, həm özü gülürdü, həm də ətrafındakıları güldürürdü.
Buna görə də, ermənilər
"Qarabala”nın öldürülməsi üçün başına külli miqdarda pul qoymuşdular.
1993-cü ilin 4 iyununda Ermənistan Silahlı Qüvvələri geniş tərkibdə
Ağdamın kəndlərinə güclü hücuma keçirlər. Qeyri-bərabər döyüşdə Muğanlıda
yerləşən batalyon geri çəkilmək əmri alır. Amma Nazimin rotası döyüş mövqeyini
tərk etmir. Güclü döyüş başlayır və düşmən geri oturdulur. Məğlubiyyətindən
qudurmuş düşmən üç gün sonra yenidən hücuma keçir.
Qarabağ
qazisiRizvan Əliyevin həmin döyüş haqqında söylədikləri:
"Biz o vaxt Muğanlı kəndində postda dayanmışdıq. Həmin vaxt düşmən bizim qarşımızda
və sağ cinahımızda qərarlaşmışdı. Biz onların Muğanlı kəndinə hücum edəcəklərini
gözləyirdik. Lakin onlar bizim solumuzdan hücum edərək, Bağbanlar, Novruzlu və
Saybalı kəndini işğal etdilər. Bundan sonra bəzi qüvvələrimiz geri çəkilməyə məcbur
oldu. Amma biz cəmi 8 nəfərlə yarımmühasirə şəraitində Muğanlı kəndinin müdafiəsində
dayandıq. "Qarabala” - Nazim, Sulduz, Gəray, Telman Cəfərov, Akif, Mobil,
Əsgər və bir necə nəfər qalmışdıq kənddə.
Gecədən ermənilərin hərəkətliyini müşahidə edib müəyyənləşdirdik ki, onlar
Muğanlıya hücuma hazırlaşırlar. Onları hücum edəcəyi əraziləri minaladıq və öz
döyüş mövqelərimizi möhkəmləndirdik. Səhərə yaxın onlar təxmin etdiyimiz ərazidən
tanklar və digər hərbi texnikaların dəstəyi ilə hücuma keçdilər.Atışma
başlayandan bir neçə dəqiqə sonra onların tankı bizim basdırdığımız minaya
düşüb partladı. Bundan sonra Nazim onların ən axırıncı tankını
qumbaraatanla vurdu. Qızğın döyüşdə xeyli sayda canlı qüvvəsini, həm də hərbi
texnikasını itirən düşmən geri çəkilməyə məcbur oldu. Bundan sonra Muğanlı kəndi
xeyli müddət bizim əlimizdə qaldı. Orada minaya düşən erməni tankını qənimət
kimi ələ keçirdik. Sonra həmin tank təmir edilərək ordumuzda istifadə olundu”.
Bəli, məhz Nazim 1 tankın, 1 PDM-in qarşısında
qaçmağa başladı, onları bu fəndlə gətirib basdırdığı minaya saldı.
Qumbaraatanla vurduğu 1 tankı isə qənimət kimi ələ keçirdi, təmir etdirdi,
sonra isə onu batalyona təhvil verdi.
Həmin hadisə ilə bağlı telejurnalist Allahverdi Əsədov Ağdamda çəkiliş aparır,
"Qarabala”nın silahdaşları hadisəni olduğu kimi, bütün xırda detallarına qədər
qeyd edirlər və sonda jurnalist "Qarabala”dan da müsahibə götürür. 2 gün sona
"Qarabala”nın göstərdiyi bu qəhrəmanlıq televiziyada nümayiş edilir. Onun
çıxışını dinləyən Ali Sovetin bir qrup nümayəndəsi onunla görüşmək üçün Ağdama
gəlir. Amma nümayəndə heyəti burda onun yas mərasimi ilə üzləşir.
Qarabala Nazim iyulun 10-da şəhid olur. Sabahı gün - iyulun 11-də isə öz doğma kəndində torpağa tapşırılır. Kəşfiyyat rotasının komandiri N. Qənbərovun göstərdiyi şücayətlərə görə, onun hələ sağ ikən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülməsi qərara alınır. Lakin yenə də təəssüflər olsun ki, ölümündən sonra ona yalnız "Azərbaycan bayrağı” ordeni verməkləkifayətləndilər.
Şəhidin anası Rəfiqə xala və dayısı Xanlar Əliyev redaksiyamızın qonağı oldular. Nazim Qəmbərovun uşaqlığı, gəncliyi, döyüş yolu ilə bağlı maraqlı söhbətlər etdilər. Rəfiqə xala xalqımızın onun şəhid övladına göstərdiyi sayğı və ehtiramı yüksək dəyərləndirdiyini bildirdi və oğlunu yad edənlərə. Onu unutmayanlara təşəkkürünü bildirdi.
Əntiqə Rəşid