adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İlham İsmayıl: Paşinyanın nüfuzunu bərpa etmək Azərbaycan saytlarınamı qalıb?

23389 | 2020-01-08 10:00
Kütləvi informasiya vasitələrinin vəzifəsi xəbər yaymaqdır və bu mətbuatın ən təbii işidir, hətta media mənsubları ən məxfi xəbərləri də yaysalar günahkarı onların arasında yox, məxfi xəbəri jurnalistlərə çatdıranda axtarmaq və ittiham etmək lazımdır. Təəssüf ki, bəzən elə xəbərlər olur ki, onu yaymaqla yazarlar "düşmən dəyirmanına su tökmüş” olduqlarının fərqində olmurlar. Amma, olmaq lazımdır, xüsusilə Qarabağ münaqişəsi və müharibə vəziyyətində olan Azərbaycan kimi ölkələrdə.

Hər kəs Ermənistan baş naziri Nikol Paşinyanın "İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi” barədə xəbərlə tanışdır. Bu xəbərin yayılmasından sonra hətta İran parlamentində Ermənistanı qınayan, ünvanına kəskin ifadələr işlədilən çıxışlar edildi. Xəbər yayılandan sonra İranın Qarabağ probleminə, ümumiyyətlə Azərbaycana münasibətində yanlış olan bəzi mövqelərinə korrektələr edə bilməsi də mümkündür. Bu, məsələnin digər tərəfidir. Diqqəti başqa məqama yönəltmək istəyirəm. Bu gün sabahdan Ermənistan xüsusi xidmət orqanlarının yaydığı bir məlumatı bizim bəzi saytlarımızın və telekanalların verməsi mənə təəccüblü gəldi. Ermənistan MTX-I bildirib ki, "ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə "facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb. Bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib. Xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində "Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib. Həmin şəxs bildirib ki, Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir".

Bu xəbərin özündə açıq göstərilir ki, məqsəd "Paşinyanı nüfuzdan salmaqdır”. Sual olunur: Paşinyanın nüfuzunu bərpa etmək bu xəbəri yayan Azərbaycan saytlarınamı qalıb? Ümumiyyətlə, bu xəbəri yayan KİV-lərimiz Ermənistan xüsusi xidmət orqanı mətbuat xidmətinin yaydığı informasiyanı nə vaxtdan dezinformasiya deyil, həqiqət olduğunu bilir? Lap, erməni müxalifəti bu informasiyanı qəsdən yayıb, feyk xəbərdi, axı bu düşmənin əleyhinə, bizim xeyrimizə işləyir. Düşmən sabah başqa bir dezinformasiya yayacaq və hədəf birbaşa, ya dolayısı ilə biz olacağıq. İnformasiya təhlükəsizliyi deyilən bir iş var və informasiya ilə işləyən hər kəs bunun fərqində olmalıdır.

Yeri gəlmişkən, hətta bu məsələ ilə əlaqədar səlahiyyətli orqanlar izahedici işlər aparmalıdır. Müasir dövrdə həqiqi müharibədən çox "informasiya müharibəsi” gedir və bu müharibəni udan qalib dövlət sayılır.
Elə hesab etməyin ki, düşmənlə "ucuz feyk xəbərlər” vasitəsilə mübarizə aparmaq tərəfdarıyam. Xeyr. Sadəcə olaraq, əleyhimizə işləyən bu tip xəbərlərin təkzib olunmasının özümüz tərəfindən yayımlanması yalnız əleyhimizə işləyir. Nəzərə alın ki, İranda bizim mətbuat daha çox oxunur, nəinki erməni əlifbası ilə yazılanlar.

Hesab edirəm ki, Mətbuat Şurası uyğun səlahiyyətli orqanlarla birlikdə bu istiqamətdə bəzi maarifləndirici, izahedici tədbirlər həyata keçirsə, məqsədəuyğun olardı.

TƏQVİM / ARXİV