adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Dekabr 2019 16:09
33934
DÜNYA
A- A+

LİVİYA TÜRKİYƏDƏN KÖMƏK İSTƏDİ

Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökuməti rəsmi olaraq Türkiyədən hərbi yardım istəyib. Reutersin yaydığı məlumata görə, Liviyanın Türkiyədən quru, hava və dəniz yolu ilə üç istiqamətdə hərbi dəstək üçün müraciət etdiyi bildirilir. Faiz Sarac general Xəlifə Həftara tabe qüvvələrin paytaxtda başladığı hücumların qarşısını almaq üçün rəsmi şəkildə Türkiyədən hərbi yardım istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Razılıq Hökuməti kömək istəsə Liviyaya hərbi qüvvə göndərməyə hazır olduğunu dəfələrlə bəyan edərək: "Biz dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik”- deyə söyləmişdi.

Xarici KİV-lərdə yayılan məlumatlara görə, artıq hakim Ədalət və İnkişaf Partiyası Türkiyə parlamentinə Liviya hakimiyyətinə hərbi yardım icazəsi verən qanun layihəsi təqdim edib. Hazırda Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır.

Eyni zamanda Ankara türk ordusunun əvvəllər Suriya əməliyyatlarında olduğu kimi, Liviyada da ruslarla toqquşa biləcəyini də anlayır. Çünki Rusiya mütəmadi olaraq Haftara kömək etməkdə ittiham olunur. Son həftələrdə Haftar tərəfində döyüşdüyü iddia edilən "Rus muzdlular" ən populyar mövzuya çevrilib. Türkiyə prezidenti də bu mövzuda dəfələrlə danışıb. Moskva hər dəfə bu təkzibləri rədd etməsinə baxmayaraq, münaqişənin hər iki tərəfi ilə təmasda olduğunu gizlətmir, sülh yolu ilə həllinə töhfə verməyə çalışdığını bildirib.

Onu da qeyd edək ki, Liviyada 2011-ci ildə diktator Müəmmar Qəddafi devrildikdən sonra ikili hakimiyyət formalaşdı: bir Tripolidə beynəlxalq səviyyədə tanınan Milli Razılıq Hökuməti, bir də şərqdə Liviya Milli Ordusunun (LMO) feldmarşalı Xəlifə Həftarı dəstəkləyən parlament.

Vəziyyət qeyri-rəsmi olaraq dünyanın əhəmiyyətli bir hissəsinin simpatiyasının daha çox LMO-ya məxsus olması ilə daha da ağırlaşır, çünki Milli Razılıq Hökuməti (MRH) qüvvələri arasında ən radikal cəhətdən olan islamçı dəstələr çox nəzərə çarpır. Öz növbəsində Haftar və onun ordusu Qərb tərəfindən məhv edilmiş Müəmmər Qəddafinin dünyəvi siyasi sisteminin varisləri hesab edilir.

Hələ aprelin 4-də Sarac hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xəlifə Həftar Tripolidə genişmiqyaslı əməliyyatlara başlamağı əmr edib. Dekabrın 12-də isə Həftarın başçılıq etdiyi Milli Ordu "paytaxt uğrunda həlledici döyüşə" başladığını elan etdi. Saracın rəbərlik etdiyi Milli Razılıq Hökuməti silahlı birləşmələrini yüksək hazırlıq vəziyyətinə gətirərək, ölkənin əsas şəhərini qorumaq üçün qüvvələri səfərbər etsə də Liviya üzərində gücə sahib deyil. Ölkə ərazisinin 90 faizinə Haftar qoşunları nəzarət edir.

Bölgənin və dünyanın əsas güclərinin əksəriyyətinin Liviyada maraqları var, lakin demək olar ki, hamısı qətiyyətli açıq addımlardan çəkinərək "döyüş üzərində" olduqca ehtiyatlı mövqe tuturlar. Səbəb aydındır: Liviyada hər cəhətdən son dərəcə çətin bir vəziyyət var - bu ölkəyə uğursuz giriş ciddi itki vermək deməkdi.

Mehriban CƏFƏROVA