adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Dekabr 2019 13:52
73319
MƏMLƏKƏT
A- A+

2020-ci ilin arzuları: Mən istəyirəm ki... - SORĞU

2020-ci il artıq qapıdadır! Dünyanın, eləcə də, Azərbaycanın gündəmini rəngarəng edən kədərli, sevincli, qarmaqarışıq, məhsuldar, bir sözlə, maraqlı hadisələrlə dolu olan 2019-cu illə vidalaşırıq! İnsanların ilk ağıllarına gələn yeni ildən gözləntiləridir. Qarşılarında tam bir il var. Bu bir ildə soydaşlarımız hansı arzularının həyata keçməsini arzulayırlar? Onlardan bir qrupu ilə söhbətləşdik. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb həmin arzuları sizə təqdim edirik:

Hərbi jurnalist Roza Əliqızı sorğumuza ilk cavab verənlərdən oldu: " Mən dövlətimin də, ordumuzun da gücünə inanıram! Qüdrətli olduğumuzu dəfələrlə həm iqtisadi, həm siyasi baxımdan sübut eləmişik. Ürəyimdə böyük ümidlərim var! İnanıram ki, doğma Qubadlımı, Qarabağımı dövlətim-ordum bu il mənə hədiyyə edəcək! Bilirsiniz, qışda dağlarımıza, bağlarımızı, lap elə həyətimizə yağan qarlar necə möhtəşəm görünürdü...? Balaca vaxtı qardan başını ağacların altından keçərək sevinclə qar yağışına tutulmaq, dərələrdən- təpələrdən sürüşmək, məktəbin həyətində qar topu oynamaq, sonra pörtmüş-qızarmış halda sinfə girib dərsin yarıdan keçdiyini görmək qışda ən sevimli əyləncəmiz olardı. O günlər üçün elə darıxmışam ki...”

Müəllimə Ülviyyə Fətəliyeva bu il Azərbaycanın, həm də dünyanın ali təhsil ocaqlarında oxumaq hüququ qazanan tələbələrlə fəxr etdiyini söylədi:” Bu ilin, məncə ən gözəl hadisəsi ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı azərbaycanlı Arzu Məmmədovanın jurnalistə sualı oldu. Pozneri məntiqli sualı ilə susdurdu. Çox fərəhləndim, Moskva Dövlət Universitetinin Bakı filialını qırmızı diplomla bitirən Arzu ingilis, ispan, rus və bir çox dilləri bilir. Ağıllıdır, savadı isə göz qabağındadır. Hazırda San Fransiskoda Lokalizasiyaların idarə edilməsi üzrə təhsilini davam etdirir. İkinci sevincim isə Qarabağ döyüşçüsü İlyas Hüseynovun qızı Nigarın Harvard Universitetinə qəbul olunması daha bir böyük sevinc yaşamağımıza səbəb oldu. Bir müəllim kimi arzu edirəm ki, bütün tələbələrimizin yeni ildə yeni uğurlarına halılıqla sevinək!

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova onu ən çox narahat edən problemdən söhbət açdı : " Ailə cəmiyyətimizin müqəddəs təməlidir. Tam ailə isə uşaqların qoruyucusu, xoşbəxt gələcəyi deməkdi. Hər il şahidi oluruq ki, ailələr dağılır, uşaqlar həyatına psixoloji travmalar dəyir. Ata ananı ittiham edir, ana atanı... olan isə uşaqlara olur.Təhsildən yayınırlar, pis vərdişli insanlarla təmasa keçirlər, yaşlarına uyğun olmayan həyata atılırlar... və bu həmin uşağın gələcəyini təhlükə altına atır. 2020-ci ildən ən böyük arzum ailələrin dağılmasının qarşısı alınsın. Cəmiyyətin problemli ailələrə diqqəti artsın, qohumlar-qonşular bir uşağın taleyinə öz balasının taleyi qədər narahat olsunlar. Əlbətdə, burda ictimai qınaqda olmalıdır. Bir sözlə, çalışaq ailələrin dağılmasının qarşısını alaq!”

Bayram bazarlığı edib, dolu çantalarla marketdən çıxan qadına yaxınlaşırıq. Özünü Səidə Vəliyeva kimi təqdim edir. Bayram süfrəsi üçün nələr aldığını soruşuruq. Amma cavab bir az incik şəkildə gəlir:” Vallah gəlmişdim həm bayram bazarlığı edəm, həm gündəlik ehtiyacımız olan ərzaqları alam. Qənd . çay, toyuq, ət, düyü, yağ, smetan, yaşıl noxud, pendir, konfet ala bildim. Arzu edirəm, tibb işçilərinin maaşları qalxsın, pulumuz cox olsun.”.

Elçin Aslanov və bir neçə gəncimizlə də söhbətimizdə gündəlik yaşayışımız müzakirə olundu. Elçun daimi iş yerlərinin artırılmasını, yüksək maaşla təmin olunmaqları arzusunu dilə gəridi: "Ehtiyaclar çoxdu. Çox istərdim ki, yeni ildə gənclərin daimi iş yerləri ilə təmin olunması əsas gündəm olsun”.

Bizdə fürsətdən istifadə edib xalqımızın yeni ilini təbrik edir, bütün sahələrdə olan çatışmamazlıq və neqativlərin aradan qalxmasını, xalqımızın –dövlətimizin həmrəy olmasını, güclənməsini, hər zaman nəinki Qafqazda, hətta bütün dünyada güclü tərəf kimi söz sahibi olmasını arzu edirik!

Əntiqə Rəşid