adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Dekabr 2019 08:31
45709
MARAQLI
A- A+

Dekabrın son günü: Yeni il necə qarşılanır?

Hər bir xalqın, hər bir dövlətin, hər bir etnik qrupun, hər bir dinin özünəməxsus bayramları var. Amma elə bayramlarda var ki, onu sözün əsl mənasında beynəlxalq bayramdır. Onu bütün dünya səbirsizliklə gözləyir, təmtəraqla qarşılayır. Bəs yeni ili ilk dəfə kimlər qeyd edib?

Adalet.az Yeni il bayramı haqqında maraqlı məlumatları təqdim edir.

Qədim ”Yeni il”

Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulub. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.

Təxminən 3 yüz il öncə 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı.

Rusiyada, eləcə də Azərbaycanda, həmcinin digər keçmiş sovet ölkələrində Qriqorian təqvimindən istifadə edilir, yeni il isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə daxil olur. Ölkəmizdə yeni il dedikdə bəzənmiş yolka, bütün gecə davam edən şənliklər, bayram sağlıqları və yeni il hədiyyələri, eyni zamanda Şaxta baba yada düşür. Şaxta baba ağ xəzli qırmızı kürk geyinir. Onun uzun ağ saqqalı və əsası olur. O, Qar qız ilə birlikdə uşaqlara hədiyyələr gətirir.

Xalqlar və Yeni il

İngiltərədə uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar.

Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.

Almaniyada yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar.

İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.

Çində yeni il fənər bayramıdır. Yeni il gecəsi küçələr və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdən çıxan işıq şər qüvvələri uzaqlaşdırır.

Yaponiyada dindarlar bu gündə məbədə gedib dua edirlər. Yeni İlə girərkən məbəddə zəngləri 108 dəfə çalırlar. Bununla şeytanı uzaqlaşdırdıqlarına inanırlar.



Həmin gün düyüdən hazırlanan və Moçi adı verilən kekslər bişirilir.

Evlərin girişinə uğur gətirəcəyinə inandıqları örtüklər asılır.

Hindistanda yeni ili il ərzində səkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nim ağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Amma hindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.

Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.

ABŞ və Kanadada Şaxta babanı Santa Klaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvar geyinir. Başına da qırmızı papaq qoyur.

İsveçdə Şaxta baba qarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar.

Fransada iki Şaxta baba var. Onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur.

Yeni ildə bu bayramı necə kecirilməsindən asılı olmayaraq əsas odur ki, il ərzində hər kəs arzu –diləyinə catsın! 2020-ci ildə xalqımıza firavanlıq, qələbə, hər bir sahədə inkişaf və uğurlar arzu edirik!

Əntiqə Rəşid