adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Dekabr 2019 10:40
15339
HADİSƏ
A- A+

DİN: Mehman Hüseynovun dedikləri tamamilə əsassızdır

Daxili İşlər Nazirliyi (DİN) bloqger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:

"Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.