adalet.az header logo
  • Bakı 18°C
27 Dekabr 2019 17:37
37785
ƏDƏBİYYAT
A- A+

Zəngin təcrübə, tükənməz elmi potensial və fəaliyyət əzmi

Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Azərbaycanın qədim xalçaçılıq sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar rəssamların yaradıcılığında müasir inkişafı yolunda bir çox ölməz sənətkarların adı keçir və xalçaçılıq sənətini elmi baxımdan araşdıran, bu haqda kitablar, məqalələr,tədris vəsaitləri dərc etdirən fədakar insanlardan biri də sənətşünaslıq elmlər doktoru Səidə Səlimzadədir. Onun "Nağıl İlmələr", "Təhsil Nazirliyinin sifarişi ilə ali və orta ixtisas rəhsili müəssisələri üçün Xalçaçılığın Texnalogiyası " dərs vəsaiti, "Səfəvi xalçaları,1-ci və 2-ci hissələr" adlı tarixi -mədəni araşdırmaların nəticəsi olan dəyərli elmi əsərlərin, həmçinin, "Mənim ailəm" adlı şeirlər və "Uşaq aləmi " kitablarının müəllifidir. Bu nəşrlərdən başqa onun həm də 100-ə yaxın elmi-publisist məqalələri ölkənin müxtəlif mətbu orqanlarında, o cümlədən, xarici ölkələrdə də dərc olunan elmi -bədii jurnallarda 10-dan artıq elmi məqaləsi işıq üzü görüb. Səidə xanım fəal ictimaiyyətçi, YAP-ın üzvüdür. Seçkilərdə hər zaman aktiv iştirak edib, nümayəndə olub. "Qızıl Qələm" media mükafatı laureatıdır. "Jurnalistlər Brliyinin" üzvü kimi müxtəlif ədəbi-bədii, ictimai-sosial tədbirlərin təşkilatçısı və iştirakçısı olub.

Dəfələrlə yaxşı işinə görə Fəxri Diplomlar və təşəkkürnamələrlə təltif olunub. "Azərbaycan müəllimi", "Təhsil”, "Sənətkar”, "Təhsil problemləri", "Respublika" və başqa qəzet, jurnallarda aktual problemlər, səmərəli təklif və təşəbbüslərlə çıxış edib.



İlk iş təcrübəsinə Abşeron rayon 8 illik məktəbdə rus dili müəllimi, eyni zamanda , pioner baş dəstə rəhbəri kimi çalışıb. Sonradan isə rəhbərlik təşəbbüskarlığını və səmərəli fəaliyyətini nəzərə alıb, Abşeron rayon Pioner və Məktəblilər Evinin direktoru vəzifəsinə irəli çəkiblər. Bir müddət burda işləyəndən sonra o zaman yeni istifadəyə verilən Sabunçu rayon Pioner və Məktəblilər Evinin direktoru vəzifəsinə göndərilib. Həmin rayonda Rayon Komsomol Komitəsinin katibi vəzifəsində uzun illər çalışıb. Bir müddət Bakı şəhəri üzrə Peşə təhsili idarəsində müfəttiş kimi də işləyib.

1982-ci ilin fevral ayında 13 nömrəli Bakı Peşə Məktəbinə direktor təyin edilib. Səidə xanım 40 ilə yaxın bu təhsil ocağında yorulmadan çalışıb.( Son illər yaş senzi ilə bağlı təhsilimizin qızıl fondu sayılan təcrübəli pedaqoji kadrların bir nəfər kimi uzaqlaşdırılması zənnimcə səhv addımdır. Gənc nəsli təcrübəli insanlardan öyrənmək imkanından məhrum etmək bu sahənin inkişafını ləngidən prosesə çevriləcək. Bu baxımdan Səidə xanım kimi, zəngin təcrübəyə, mükəmməl fəaliyyət proqramına malik, səhhəti və enerjisi qaydasında olan elm fəadailərinin imkanlarından yararlanmamaq düz olmazdı )Bizimlə söhbət zamanı qeyd etdi ki, onun təqdimatına qədər bu tədris binası heç də təhsil reputasiyasına malik olmayıb. Bina bərbad vəziyyətdə imiş.

-Bu bina nə vaxt inşa olunmuşdu?

-Bu qədim tikili 19-cu əsrdə məscid olaraq inşa edilib. !920-ci ilin əvvəllərində, Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra digər dini məbədlər kimi o da bağlanıb. Təkrar açılandan sonra müxtəlif təyinatlar üzrə fəaliyyət göstərib. Gah kitabxana, gah traktorların təmir olunduğu emalatxana, sonra isə əyirici- boyadıcı kombinat olub. 1970-ci illərdə isə təmamilə baxımsız qalıb. İçərisi uçulub tökülüb, zibil qalıqları ilə dolub.



- Səidə Rza qızı Səlimzadə bu müəssisəyə təyin olunduğu günləri necə xatırlayır?

- 2-ci katib öz maşınını təklif edərək bizi o binaya baxmağa göndərdi. Mən müfəttiş Elmira xanımla və Maştağa qəsəbə nümayəndəsi ilə birgə məktəb üçün nəzərdə tutulan həmin binaya baxmağa getdik. Tikilinin içinə ayaq basmaq mümkün deyildi. Zibillərlə və yararsız köhnə əşyalarla dolu idi. O an özümə yazığım gəldi. Fikirləşdim ki, burada mən necə işləyəcəyəm? Bu xarabalığı məktəb halına salmaq üçün nə qədər zəhmət çəkmək lazımdır. Bu düşüncələrimdən az keçmədən xəcalət cəkdim. Özümə sual verdim ki, mən işləməyim , başqası işləməsin, bəs kim işləsin axı? Mənim bu işin öhdəsindən gələcəyimə inanmasaydılar bura göndərməzdilər. İlk gündən özümə söz verdim ki, bu işin öhdəsindən gələcəyəm. Elə bu inamla da qollarımı çırmayıb həvəslə işə başladım. Bütün günü fikrim ancaq binanı yüksək səviyyədə təmir etdirib, yeni dərs gününədək məktəbi tam hazır vəziyyətə gətirmək idi. Təhsil Nazirliyi mailiyyə məbləği ayırmışdı. Lakin bu məbləğ çox az idi. Sovetlər dövründə təmir işləri üçün pul ayrılmasına nail olmaq həddindən artıq çətin idi. Orta ümumtəhsil və peşə məktəbləri təmir olunmaq üçün illərlə növbə gözləyirdilər.

-Bəs ilk addım kimi nədən başladınız?



-Mən öz gücümə, ilk növbədə məktəbə telefon xətti çəkdirdim. Bir çox təşkilatlarla əlaqə yaratdım. Bəzilərindən kömək də istədim. Katibin göstəriş və tapşırığı ilə bir çox müəssisə rəhbərləri bizə köməklik edirdilər. Öncə təmizlik işlərindən başladım. Çətin işdi, çünki illər boyu baxımsız qalan bina başdan -başa zibil qalıqları ilə dolmuşdu. Təmizlik bitən kimi təmirə başladım. Az qala gecə -gündüz işin üstündə idim. Çünki məktəbin direktoru vəzifəsini qəbul edərkən mənə bildirdilər ki, sentiyabr ayının 1-nə kimi məktəb tam hazır halda şagirdlərin və müəllimlərin istifadəsinə verilməlidir. kollektivin üzvləri də az idi. Mən və direktor müavini Elyana Hüseynova ciddi şəkildə təmirə başladıq. Çox çətin idi. Lazım olan təmir materiallarının biri tapılanda o biri tapılmırdı. Biz həmçinin, məktəbə şagirdlər də toplamalıydıq. Həmin il mən tez -tez Sumqayıt şəhərinə gedir, siniflər üçün döşəməyə linelium, aliminium qapı -pəncərə sifariş edib gətirirdim. O vaxtlar respublikaya taxta çox az gəlirdi. Buna görə də taxta materialların əvəzinə, Aliminium zavoduna aliminium pəncərələr sifariş verdim. Hətta mənə deyirdilər ki, Səidə xanım, bu qədər sifarişə sizin pulunuz çatmayacaq. O zamanlar mənə bir çox məktəblər də köməklik edirdi. Belə ki, o məktəblərə ayrılan pulları mənim məktəbimin təmirinə yönəldirdilər. Hətta mən öz əmək haqqımı da təmir üçün xərcləyirdim. Mənim rəhbərlik edəcəyim peşə məktəbinə 450 şagird qəbul olunmalı idi. Amma təbliğat işini elə səmərəli qurduq ki, 450-dən çox şagird gəldi. Sentiyabr ayının 1-də artıq məktəb tam təmir edilmişdi. Heç kəs inanmırdı ki, qısa zamanda və az bir maliyyə ilə məktəb binası bu qədər keyfiyyətli şəkildə təmir edilib. Məktəbin təmirdən sonrakı vəziyyətini görənlər arasında direktor olmaq iddiası ilə çıxış edənlərin sayı artdı. Halbuki əvvəl hec kəs bu işə razılıq verməmişdi. Şikayət ərizələri yazır, rayon və respublika rəhbərliyinə anonim məktublar gəndərirdilər. Çox çətin, ağır günlərim olurdu. Lakin heç kimə şikayət etmir, özüm problemlərin öhdəsindən gəlməyə çalışırdım. Hər il məktəbimizdə cari təmir işləri aparılırdı. 2000-ci ildə "İlin ən yaxşı Peşə məktəbi" adına layiq görüldük. Sonrakı illər də həmişə bizim məktəbin göstəriciləri yüksək olurdu. Respublika Peşə Təhsil İdarəsinin rəhbəri Zülfüqar Abdullayev məni həmişə başqalarına nümunə göstərirdi. Digər məktəblərdə görüşlər keçirən zaman deyirdi ki, bu balaca məsciddə yerləşən 13 nömrəli Bakı Peşə məktəbi göstəriciləri ilə sizdən yüksəkdədir. Həqiqətən də gələn gündən hamıya nümunə olmuşdum.



-Peşə məktəbi hansı ixtisaslar üzrə fəaliyyət göstərirdi?

- Bizim məktəb əsasən xalçaçılıqla tanınmışdı. O vaxt ulu öndər Heydər Əliyevin Lətif Kərimovla görüşü olmuşdu. Xalçaçılığın inkişafı ilə əlaqədar söhbətlər aparmışdılar. Həmin il Plenimun qərarı ilə bu iİncəsənət növünün inkişafı ilə əlaqədar, əsasən, qədim xalçalar üzrə şəhər peşə məktəbləri arasında təkcə bizim məktəbə bu sahəni seçmək hüququ verilmişdi. Həmin il var gücümüzü xalçaçılığın inkişafına həsr etdik. Bir çox peşəkar sənətkarlar yetişdirdik. Əsil sənət nümunələri olan keyfiyyətli xalçalar toxunurdu. Bir çox sərgilərdə iştirak edirdik. Sərgilərdə işlərimiz həmişə bəyənilirdi. Məndə də xalçaçılığa böyük maraq və sevgi yaranmışdı. Bizə ilham verən, həvəsimizi artıran məqamlardan biri, Lətif Kərimovun Azərbaycan xalçaları haqda dediyi hikmətamiz sözlər, bizdə açılan bu ixtisasa getdikcə artan maraq və Lətif Kərimovun məktəbimizdə sıx əməkdaşılıq etməsi, bu sahə üzrə verdiyi dəyərli məsləhətlər idi. Məhz onun məsləhəti və xeyir-diası ilə xalçaçılıq sənətinin nəzəri və praktik bölmələrini şərh edən bu kitabları yazdım.

Məktəbimizdə xalçaçılıq bölməsindən başqa həm də dərzilik, bərbər, kompüter, aşpaz, tikişçı və tikiş avadanlığı üzrə əsasən 4 ixtisas fənni fəaliyyət göstərir. Bu ixtisaslara da şagirdlər böyük maraq göstərirlər. Peşə məktəbinin əsas mənəvi dəyərlərindən biri də çox zaman çətin tərbiyə olunan uşaqların peşə öyrənməyə cəlb edilməsidir. Onlara sənət öyrətməklə bərabər, mütəmadi olaraq tərbiyəvi mövzuda tədbirlər, seminarlar keçirirdik.

-Sirr deyil ki, peşə məktəblərinə o zamanlar əsasən dərs oxumayan, çətin tərbiyə olunan uşaqlar daha çox sənəd verirdi. Bu çətinliyin öhdəsindən necə gəlirdiniz?



- Bəli, belə uşaqalr da bizdə az deyildi. Şagirdlərlə ilk növbədə, fərdi məşğul olurduq. Bəzən ailəsində də problemlər yaşayanlar olurdu. Keçirdiyimiz tədbirlərə valideynləri, Polis bölməsindən əməkdaşları dəvət edirdik. Narkomaniyaya qarşı mübarizə ilə bağlı polis rəisi Əli müəllim maraqlı çıxışlar edirdi. Atılan bu addımlar təbii ki, şagirdləri pis əməllərdən çəkindirirdi. Bundan əlavə, sənət bayramı, festifallar təşkil edirdik. Bərbər, aşbaz, dərzi sənətinə yiyələnən şagirdlərimiz öz istedadlarını nümayiş etdirirdilər. Bu tədbirlərdə xalçaçılıq ixtisası öyrənənlər də faəl iştirak edirdilər. Nüəllimlər və şagirdlər , o cümlədən, valideynlər bu bayramı səbirsizliklə gözləyirdilər.

-Bakının bu kəndlərində dini və mental dəyərlər həmişə öndə olub. Bu amillər fəaliyyətinə əngəl yaradırdımı?

-Belə hallar olurdu. O vaxt məktəb yeni açılanda qəsəbənin kişi sakinləri , o cümlədən də mollalar üstümüzə hücum çəkmişdilər ki, biz buranı məscid eliyəcəyik, çıxın burdan! Onlar öz tələblərində bunu əsas gətirirdilər ki, əvvəllər bura məscid olub. Biz onları dəvət edib yiğıncaq keçirdik və onlara dedik ki, burda sizin uşaqlarınıza sənət öyrədəcəyik. Bu məktəb bağlansa sizin uşaqların sənəti olmayacaq . Biz övladlarınızın gələcəyini təmin edirik, onları pis əməllərdən çəkindiririk. Məhəmməd Peyğəmbər demişdir ki, bir saat elmlə məşğul olmaq 60 ilin ibadətindən üstündür. Müxtəlif peşələr öyrədirik. Onlara Oğlanlar pis vərdişlərə tez yiyələndikləri üçün biz onları yay tətilində işlə də təmin edirdik. Qəsəbə camaatı bizimlə razılaşdı və bir daha bizi narahat etmədi. Nardaranda da bizim bölmə fəaliyyət göstərir, orda da xalçaçılıq, çilingər, dərzilik ixtisasları var. Hamı bilir ki, bu qəsəbələrlə işləmək məlum səbəblərdən nə qədər çətindir.

Səidə xanıma yeni yaradıcılıq uğurları və təhsilə böyük töhvələr vermək kimi vacib fəaliyyətlər arzu edirik. Ümid edirik ki, onun zəngin iş təcrübəsi və tükənməz elmi potensialından yararlanmaq istəyənlərin sayı çox olacaq. Bu addım gənc nəslin inkişafına mühüm töhvə olardı.

H. Əlizadə