Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Qusar şəhərində, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Şabran şəhərində Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.