adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Dekabr 2020 15:34
89403
MƏMLƏKƏT
A- A+

Doğum günü, anım gününə dönən şəhid - Elşən Vəliyev...

 

Müqəddəs Quranımızın Əl-Bəqərə surəsinin 154-cü ayəsində deyilir:”Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. Bu gün Allah (Haqq) yolunda öldürülən, amma qəlbimizdə, yaddaşımızda ölü kimi yox,bir uca zirvə kimi daim yaşayan və var olan bir şəhidimizdən söhbət açacağıq.

Zaman o zaman idi. Vətən dardaydı, övladlarını köməyə səsləyirdi. Bax, elə o anda vətən övladları Haqqı, Allahı, Vətəni, Ananı, "Quran”ı, Peyğəmbəri, müqəddəs olan nə varsa,hamısını müdafiəyə qalxdılar. Onların içərisində bir qarayanız, uca boylu oğlanda vardı. Adı Elşən...

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Elşən Vəliyevin ailəsində qonağam... Bu gün onun həm doğum, həm də anım günüdür.

Qardaşı İbrahimdən Elşən haqqında soruşuruq. Xeyli susur, yəqin ki, nədən başlayacağını, hansı xatirəni birinci danışacağını düşünür? Amma gözləri çox uzaqlara zillənib. Bəlkə də Elşənli günlərində, qardaş itkisi görmədiyi xoşbəxt anları xatırlayır...Asta-asta Elşəni bizə tanıtmağa çalışır:

 

 
”Elşən Kamal oğlu Vəliyev 25 dekabr 1974-cü ildə Ağdamın I Baharlı kəndində anadan olub. Elşən orta təhsilini Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd orta məktəbi bitirən kimi 136 saylı texniki peşə məktəbinə daxil olur. Gələcək üçün o qədər planları vardı... İstəsəniz kənd camaatından da onun haqqında soruşun. Az yaşı ilə çılğınlığına, qoçaqlığına, zəhmətkeşliyinə görə hamı onun xətrini istəyirdi. Həyətinə su kəsib, bağcasını suvarana, ot çalana, xeyir-şərdə köməyə ehtiyacı olana heç ondan kömək istəməsələr belə, özünü çatdırıdı, köməyini edirdi. Mustafa əmim vardı, hələ balaca vaxtından Elşəni hamımızdan seçərdi, ona yardımsevərliyinə görə, onu məxüsusi çox istəyərdi..Hələ arabir”Gör toyunda neyniyəcəm eyy.. ayaqyalın oynayacam” deyəndə Elşən qıpqırmızı qızarırdı, böyüklərin yanından dərhal uzaqlaşırdı. Onun bu utanmağıda əmimə də atamada, əmim oğlanlarınada ləzzət edərdi, ucadan gülüşərdilər.Elşən çox təəssübkeş idi. Elinə, obasını bağlı olduğu üçün döyüşün ən qızgın –qaynar nöqtəsinə getməsinə də təəccüblənmədik. 708 saylı briqadanın tərkibində döyüş yoluna başladı. Elşən Vəliyevin ilk döyüş yolu Ağdərə bölgəsindən başlayır. O, Drambon, Çıldıran, Mehmanə və bir neçə sərhəd kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərdi. Drambon kəndində baş vermiş növbəti döyüşlərin birində Elşən 27 nəfər döyüş yoldaşı ilə birlikdə mühasirəyə düşdü. Bu döyüşdə Elşənin 25 əsgər yoldaşı şəhid oldu. Elşən iki döyüş yoldaşı ilə böyük çətinliklər, əziyyətlər bahasına yaralı halda ölümdən xilas ola bildi. 
 
O, müalicə aldı, yaraları asta-asta qaysaqlanırdı, amma şəhid olan silahdaşlarını bir anda unutmadı. Düzü, yaraları heç tam sağalmasa da, nə atamın, nə mənim, nə anamın məsləhətlərini dinləmədi. Fikri, ürəyi, düşüncəsi döyüş meydanında qalmışdı. Ora qayıtmalıydı! Qayıtdıda! Qanı qanına qarışmış şəhidlərimizin qisasını almağa getdi. Bu dəfə Ağdamın Şelli, Şıxbabalı, Papravənd, Qalayçı kəndləri uğrunda gedən döyüşlərdə şücaət göstərdi. Ermənilər Mərzili kəndinə hücum edəndə Elşən silahdaşları ilə iki saat düşmənlə döyüşdü. Lakin düşmənin atdığı mərmi Elşənin həyatına son qoydu”.
 
 
Şəhidimizin yaxın qohumu araşdırmaçı jurnalist Orxan Zakiroğlu araya çökən sükutdan istifadə edərək daha maraqlı açıqlamalar verdi:”Elşənin qəlbindəki vətən sevgisi, elinə, obasına bağlılıq birdən-birə yaranmamışdı. Bu hiss şəcərəsindən qanla keçən bir hissdi. Elşən tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli övladlarından biri idi. Qaraqoyunlu, Qütbşahlar adlı iki qüdrətli dövlətin qurucuları baharlılardır. Şəhidimiz Tehranda işgəncə ilə qətlə yetirilərək şəhid edilmiş Qarabağ xanlığının vəziri Mirzə Vəli bəy Baharlının nəslindən idi. Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış, öz idealları, məqsədləri uğrunda şəhid olmuş Əlişəkər bəy Baharlı, Pirəli bəy Baharlı, Bayram xan Baharlı Mirzə Vəli bəyin sələflərindən olub Elşənin ulu babaları idilər. O, ulu babası Mirzə Vəli bəyin adının şərəfinə Vəliyev soyadını daşıyırdı.
 
Elşənin Vəliyev soyadını daşımış ulu babası Mirzə İsmayıl bəy uzun illər zabit rütbəsində Çar ordusunda qulluq etmiş, nüfuzu sayəsində bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən qurtara bilmişdir”.
 
Elşənin anası Elza xala söhbətimizə başdan sonacan göz yaşı ilə seyriçi qaldı. Amma hiss olunurdu ki, nəsə demək istəyir. Gözünün yaşını sildi, qarşısındakı çaydan bir qurtum alıb, boğazının sanki qəhərini yudu və sözünə gülümsəyərək başladı:”Anası ölmüşün o qədər arzuları vardı. Ən böyük arzusu ali təhsil alıb, avtomobil mühəndisi olmaq idi. Maşından, texnikadan başı çıxırdı. Qonşunun traktoru xarab olanda çəpərin başından bircə dəfə ”Ay Elşən” deyirdi. Əlində min dənə işi olsa da, yerə qoyub, qonşunun harayına çatırdı. Traktor işə düşməsəydi, Elşən evə qayıtmazdı. Arabir düşünürəm ki, şəhid olmasaydı, ondan istedadlı mühəndis də ola bilərdi”.

 

-Elza xala, müharibə olsa diğər oğlunuzu da döyüşə getməyə icazə verərdiniz?

- Qadan alım. guya Elşən döyüşə gedəndə məndən icazə aldı? Övladlarımın heç biri nə cavabımı qaytarmayıblar, nə də məsləhətimdən çıxmayıblar. Amma yeganə nüansdı ki, Vətən darda qalanda mənim fikrim onlar üçün önəmli deyil. Bunu dəqiq bilirəm. Ona görə də, müharibə yenidən başlasa, heç birinə "getmə” demərəm. Onsuzda dediyimi eləməyəcəklər! Əslində bir ana kimi övladlarımın bu huyu ilə qürur duyuram.

Elza ana həm də söylədi ki, Elşən şəhid olmamışdan iki gün əvvəl 1993-cü ilin dekabr ayının 23-ü kənddə idi:” Bir neçə günlüyə gəlmişdi. Əsgər yoldaşlarının yanına geri qayıdanda ailəsi, qohum-əqrabası ilə bir-bir saqollaşdı. Zarafatından da qalmadı. Sanki o, sağollaşmırdı, bir növ, rəhmətlik atası ilə, mənimlə, yaxınları ilə vidalaşırdı, halallaşırdı. İki gün sonra...Bilsəydim son görüşdü, öpərdim gözlərindən...balam...”

"Əl- İmran” surəsinin 170-ci ayəsində bildirilir:”Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. Bunuda sağollaşıb ayrılanda Şəhid Elşən Vəliyevin qardaşı İbrahim xatırlatdı!

 

Əntiqə Rəşid