adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Dekabr 2019 12:19
22639
GÜNDƏM
A- A+

Xanın işğaldakı kəndi - 28 il...

Bir dəfə tanınmış jurnalist İlham Cəmiloğlunun doğma yurdu Xankəndi haqqında bir yazısını oxumuşdum:" Bəzən insan ömrünün sonuna qədər doğulduğu, böyüyüb, boya-başa çatdığı yerlərdə qala bilmir, uzaqlaşır, fərqli kəndlərdə, fərqli şəhərlərdə, hətta fərqli ölkələrdə yaşamalı olur. Amma nə qədər uzaqlaşsa da, hər kəsin daxilində ilk addım atdığı torpaqların qoxusu, o yurdun sevgisi qalır. Ata-baba yurdu düşmən tapdağında olanların isə vətən həsrəti daha ağır olur. Gözünü dünyaya açanda gördüyün yurduna yenidən gedə bilməməyin dərdi necə də dəhşətlidir..."

Bu gün Xankəndinin işğal tarixidir. İstər-istəməz xankəndili jurnalist İlham Cəmilğlunun həmin sözləri yenidən yaddaşımda canlandı. Gözlərim qarşısına yenidən Xankəndi gəldi. O Xankəndi ki...

Şəhər 28 dekabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, separatçı rejim yaradılıbdır. Məhs həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıbdır. Xankəndinin itirilməsi Qarabağda böyük faciələrə gedən yolun başlanğıcı olub. Beləki, qarşıda Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın işğalına yol açılıb.

Qarabağın hər bucağı kimi Xankəndi də cənnət guşə idi. Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin Şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi, Azərbaycanın inkişaf etmiş sənaye mərkəzi idi. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, tikinti materilları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdən idi.

Xanın kəndi...

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının xanlarının istirahət üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı da buradan yaranıb.1813-cü ilədək bircə nəfər erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindən etnik təmzimləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilibdi.



SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmzimləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib, 6 okytabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib, beləliklə də, Xankəndi erməni işğalı altına düşüb.

Sovetlər dönəminin səssiz işğalı...

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar. 1988-1989-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrildi. Beləki, 1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.

Xankəndi- Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub. 150 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaqdır. İşğal nəticəsində Xankəndində iki orta məktəb, uşaq bağçası, kitabxana, klub, ATS, tibb ambulatoriyası, on dükan, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyekti dağıdılıb.



Təəssüf ki, bu gün işğal tarixləri qeyd olunarkən Xankəndinin işğalı bir çox hallarda unudulur.

Yazımın sonunda xankəndili jurnalist İlham Cəmiloğlunun inamla, sevgi ilə yazdığı bu sətirləri də nəzərinizə catdırıram:”Bütün varlığımızla qəribsədiyimiz Xankəndi torpağında dünyaya gələn yeni xankədililərin mübarək qədəmlərinin də şahidi olacağıq. Ötən illərin ağrı-acılarından, neçə onilliklər boyu ermənilərin azərbaycanlılara xəyanətindən və bütün bunların müqabilində aldığımız həyat dərsindən onlar da xəbərdar olacaqlar. Köhnə xankəndililərdən fərqli olaraq yeni xankəndililər sovet rejiminin məngənəsində sıxılan, günü-gündən süni şəkildə erməniləşdiriən, türk qanına susamış Şaumyanın adını daşıyan şəhərin sakinləri yox, müstəqil Azərbaycanın Xankəndi şəhərinin sakinləri olacaq”.

İnşallah, İlham müəllim!

Əntiqə Rəşid