adalet.az header logo
  • Bakı 12°C
25 Dekabr 2019 15:53
70233
ƏDƏBİYYAT
A- A+

Musiqiyə bükülmüş şeirlər

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq şairi, "Şöhrət" və "Şərəf" ordenli, Əməkdar incəsənət xadimi, dövlət və bir sıra mükafatlar laureatı Fikrət Qocanın (Qocayev Fikrət Göyüş oğlunun) 2015-ci ildə "Seçilmiş əsərləri" 10 cilddə çap olunmuş və Dövlət mükafatına layiq görülmüşdür. Şair əsərlərini xüsusi bölgü əsasında qruplaşdıraraq cildlərə ayırmış və 7-ci cilddə ancaq musiqi bəstələnmiş şeirlərini vermişdir. Burada 51 bəstəkarın bəstəldiyi 282 və bəstəkarı göstərilməmiş beş mahnı yer almışdır. Bundan əlavə 7-ci cilddə Fikrət Qocanın "Kitaba bir neçə söz" başlıqlı yazısı da daxil edilmişdir. Şair ön söz kimi söylədiyi bu yazısında mahnı üçün yazılan şeirlər haqqında deyir: "Mənim anlamımda onlar şeir deyil. Doğrudur, istisnalar var. Amma mahnı kollektiv zəhmətin bəhrəsidir. Burada ən azı üç adam iştirak edir: bəstəkar, şair, müğənni. Yekunda mahnı üç yaradıcı insanın birgə məhsuludur. Yazdığım şeirdə onların təklifinə görə düzəlişlər edirəm. Nəticədə itirir və ya qazanırsa da, hər halda tək mənim olmağımdan çıxır" (səh.4). Müəllif söylədiyi bu dəyərli fikirlər mahnı yazılmış şeirlər üçün meyar sayılmalıdır. Mahnı şərh edilərkən bu meyar və ölçülərin gözlənilməsi əsas şərtlərdən biri olmalıdır. Belə olmazsa müəyyən arqumentlər pozular və şərhlərdə yanlışlığa yol verilər.

Cilddə ilk musiqisi göstərilən bəstəkar Tofiq Quliyevdir. O, Fikrət Qocanın 10 şeirinə, "Onu bağışlamaq olarmı?", "Qaynana" və "Qızmar günəş altında" filmələrinə aid yazdığı mətnlərə musiqi yazmışdır. Öncə yer alan mahnı "Azərbaycanım"dır. Şeirdə Azərbaycanın təbii gözəllikləri dinləyicinin nəzərinə poetik dillə çatdırılır. Mahnınını nəqarət hissəsində deyilir:

Gözüm nuru, könlüm odu

Azərbaycan, Azərbaycan.

Əziz anam, odlar yurdu

Azərbaycan, Azərbaycan.

"Məhəbbət" şeirinə bəslətənmiş mahnıda dünyaya, həyata vurğunluq böyül şövqlə tərənnüm etdirilmişdir. İnsanın dünyaya aşıq olması onun yaşamağa həvəsini daha da artırır. Dünya və həyat insan üçün həmişə əlçatmaz olduğu mahnının bütün ruhunda əks olunmuşdur. İnsan duyğularına mahnı sanki yeni işıq salır:

Böyük dünya,

Şirin dünya,

Görən sənə aşıq olur.

Sənin eşqin, məhəbbətin

Gözümüzə işıq olur.

Bununla bahəm mahnıda qədim əfsanələrimizdə deyilən hər insanın bir tale ulduzu olduğu göstərilir. İnsan dünyadan köç edənəd onun tale ulduzu da sönüb gedir:

Kainatın yolçusuyuq,

Yer üzüdür mənzilimiz.

Ulduz kimi doğuluruq,

Ulduz kimi axırıq biz.

"Qaynana" filminə yazılmış "Mehribanlıq" mahnısında ailədə olan mehribançılığın xoş məqamları əks olunur. Mehribanlıq ailə üçün həmişə xoşbəxtlik və səadət gətirir. Filmdə qaldırılan əsas məsələ qaynana və gəlin münasibətləridir.

Qaynana-gəlin arasında mehribanlıq yaratmaq üçün Fikrət Qoca filmin ssenarisinə uyğun maraqlı şeir yazmış və Tofiq Quliyev də mahnı bəstələmişdir. Mahnıda deyilir:

Mehribanlıq səadətdir,

Səadəti yaşadağın.

Ömrün şvqü məhəbbətdir,

Məhəbbəti yaşadağın.

Daha sonra filmdə qardaşoğlu ilə bibi arasında olduqca təbii bir mükalimə də verilmişdir. Bu da bibinin müəyyən özünəməxsus xarakterik cəhətlərinə işıq salır:

Bibi, bibi, can bibi,

Can sənə qurban bibi.

Həna yaxım başına,

Olarsan cavan bibi.

Pulları çin-çin bibi,

Sir-sifəti cin bibi.

Bibi: Nə dedin, ay avara?

Dedim göyərçin bibi.

Bibi: Necə-necə ay avara?

Dedim göyərçin bibi.

Ecazkar səsi ilə ürəkləri fəth edən, müğənni Rəşid Behbudov Fikrət Qocanın "Əlvida" şeirinə mahnı bəstələmişdir. Sanki şair Rəşid Behbudovun həyatının son anlarını əvvəlcədən hiss edərək bu şeiri qələmə almışdır. Rəşid Behbudov isə ömrünün faciəli anına bu musiqini yazmışdır:

Əlvida,

Qəlbimin sevdası.

Əlvida,

Eşqin uzaq sədası,

Əlvida.

Yolları dolaşıb dünyada,

Çaşıb qaldım mən.

Əlvida, əlvida, əlvida.

Ağabacı Rzayeva şairin "Lənkəran bağlarında" və "Fərəhli Bakımız" şeirlərinə musiqi bəstələmişdir. "Lənkəran bağlarında" mahnısında zəhmətkeş Lənkəran qızlarının əməyinə yüksək qiymət verilir və onları "Yurdumun ulduzları" adlandırır.

Lənkəranın qızları,

Yurdumun ulduzları.

Bunlar adi qız deyil,

Evlərin işığıdır.

Bu qızlar el şöhrəti,

Tarla yaraşığıdır.

Bəstəkar Arif Məlikov Fikrət Qocanın "Lay-lay", "Dön, geri bax", "Sən gəlmədin", "İnandım" və "Günəş ürəkli" şeirlərinə musiqi yazmışdır. Bu mahnıların hər biri öz gözəl cəhətləri ilə ürəklərə yol tapır.

"Dön, geri bax" mahnısı sevən ürəyin hərarətli döyüntülərini özündə əks etdirir:

Öz eşqimə yanaram mən,

Öz bəxtimi sınaram mən,

Sən baxmasan, donaram mən.

Dön, geri bax, ey yar,

Sən mənə bax, ey yar.

Fikrət Qocanın "Qoy desinlər", "Neftçilər mahnısı", "Toy olsun", "Bir şərqi de!" və "Bahara məni" şeirlərinə bəstəkar Vasif Adıgözəlov bir-birinə bənzəməyən yeni boyada bənzərsiz mahnılar yazmışdır. "Bahara məni" mahnısında sevən aşıqin iztirabları öz əksini tapmışdır:

Can alan bir baxışın var,

Çəkibsən dara məni.

Düşüb ay tək dumana,

Eylədin avara məni...

Şəfiqə Axundova şairin "Şəfalı əllər" və "Anama məktub" şeirlərinə musiqi bəstələmişdir. "Şəfalı əllər" mahnısında həkimlərin şəfalı əllərindən və ümidverici sözlərindən danışılır.

Təbəssümün nə yaxşıdı,

Sükutun yaz yağışıdı.

Həkimlərin baxışıdı,

Xəstələrin ümid yeri.

Vətəndən uzaqlarda yaşasa da, ürəyi həmişə Vətən üçün döyünən görkəmlil müğənnimiz Müslüm Maqomayev Fikrət Qocanın "İllər keçir" və "Sözün rəngi" şeirlərinə mahnı yazmışdır. Onun "İllər keçir" mahnısı illərin ötüb keçdiyini, zamanın dəyişdiyini lirik hisslərlə göstərir.

Ey ürəyim,

Alovlu məhəbbətim.

İllər gedir,

Aylar uçur,

İllər keçir,

Zaman gedir.

İllər yaman gedir,

Ey sevən ürək,

Sən cavan yaşa.

Ramiz Mirişli yaradıcılığında Fikrət Qoca şeirləri önəmli yer tutur. O, şairin "Amerikalı kürəkən" pyesinə və 64 şeirinə mahnı bəstələmişdir. Bəstəkar Fikrət Qocanın şeirlərinin ruhuna uyğun yazdığı hər bir mahnı dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

Həmin mahnılardan "Səndən danışdı", "Bayram axşamlarında", "Ay qəlbi kövrək", "Küsüb məndən", "Azərbaycan gözəlləri", "İlk sevgi", "Bəri bax" və s. adını çəkmək olar.

Yollar əlvan boyanar,

Evlərdə arzu yanar.

Gözlərə sevinc qonar,

Bayram axşamlarında.

Və:

Bir qıyğacı baxışından

Bir ömür-gün işıqlanar.

Saçlarında gecə yatar,

Gözlərində günəş yanar,

Azərbaycan gözəlləri.

Və:

Bir kəlmə sözüm

Dəydi xətrinə,

Ay qəlbi kövrək,

Nə dedim sənə.

Yada saldım, xəbər aldım,

Səni yollardan, gülllərdən mən.

Və:

Ay şöhrətim, şanım mənim,

Halı pərişanım mənim,

Küsüb məndən, özgələrdən

Məni soruşanım mənim.

Və:

Göydə ulduz gilə-gilə,

Qırmaq olmur gilə-gilə.

Mən baxıram, qəlbim yanır,

Sən baxırsan gülə-gülə.

Və yaxud:

Mən sənə neyləmişəm,

Ay bəri bax, bəri bax.

Sənə ulduz deyiblər,

Mən də gözəl demişəm.

Bəstəkar Rəşid Nəsiboğlu şairin "Odlar diyarı", "Qatarı yola salmaq", "Görəsən", "Gecənin nəğməsi", "Vals", "Yol" və "Gətirmisən səhəri" şeirlərinə musiqi bəstələmişdir. Hər bir mahnı öz pozitiv cəhətləri ilə dinləyicilərin ürəyində yeni xoş əhval-ruhiyyə yaradır.

Qaranlıq saçlarımı

Bu dünyaya sərmişəm.

Sizin üçün mən şirin

Bir yuxu gətirmişəm.

Fikrət Qocanın "Qonşunun bir qızı var", "Yazda qaranquş gəlir" və "Dan yeri söküləndə" şeirlərinə sevimli bəstəkarmız Xəyyam Mirzəzadə mahnı bəstələmişdir.

Gecə keçər,

Sükutu dinlərəm mən.

Bütün gecə

Daş olub dinmərəm.

Göydən nur töküləndə,

Dan yeri söküləndə,

Dinərəm, deyərəm, gülərəm.

Maraqlı bəstələri ilə yaddan çıxmayan və həmişə iftixar hissi ilə yad edilən Telman Hacıyev də Fikrət Qocanın 19 şeirinə musiqi bəstələmişdir. Onlardan "Vətən süitası", "Səni haylaram", "Nazlı qız", "Arazım", "Bənövşə bəndə düşə", "Sevən baxışlar", "Ay dostlarım, gəlin", "Gözləyən var məni", "Ellərin qızısan", "Mənim baharım" və başqalarının adını çəkmək olar.

Axma qəlbimdən mənim,

Axma, a həsrət Arazım,

Könlümün arzusuna

Olma sən sərhəd, Arazım.

Biz gəldik iki qardaş

Bu çayın sahilinə,

Yuyulaydı ürəyimdən

Acı, möhnət Arazım.

Və:

Buludların ağlamasın,

Ürəyimi dağlamasın,

Məni yoldan saxlamasın,

Gözləyən var məni.

Bəstəkar Emin Sabitoğlu Fikrət Qocanın sözlərinə "Sən ürəyimsən", "Səni səsləyirdim", "Payız gəldi ", "Avtomobil müfəttişi" və "Baladadaşın ilk məhəbbəti" kinofilminə "Keçdiyim bütün yollar" mahnılarını yazmışdır.

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax, yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz.

Və:

Ürəyimi atsam da,

Öz qəlbimi atmaram,

Sənə olan eşqimi

Sənə də alçaltmaram.

Adil Bəbirov şairin "Mən anayam", "Qəlbim nura boyanacaq", "Bilmirsən özün", "Mənim dostlarım", "Yollar", "İstəyirəm körpə olum", "Gəlirəm mən", "Gözəl dünya" və "Səninlə" şeirlərinə mahnı bəstələmişdir. Onun hər bir mahnısı öz füsunkarlığı ilə dinləyicinin qəlbini riqqətə gətirir.

Yol ömürdü,

Yol həyat.

Yol düşüncə, kainat.

Arzum bu yollar,

Ömrüm bu yollar,

Yol-ömürdü,

Yol - həyat.

Və:

Sənsiz bəxtim gözü yox,

Bir ocağam, közü yox.

Sənsiz ötən ömrümün

Dadı yox, duzu yox.

Müğənni və bəstəkar Polad Bülbüloğlu Fikrət Qocanın on bir şeirinə musiqi yazmışdır. Onlardan "Azərbaycan", "Doymadım sözlərindən", "Bir baxmısan, bir də bax", "Dilin can incidəndi", "Elçilər", "Gəl, ey səhər" və başqaları vardır.

Müğənni və bəstəkar Polad Bülbüloğlu şairin sözlərinə bəstələdiyi bütün mahnıların demək olar ki, əksəriyyətini özü ifa edərək dinləyicilərə sevdirə bilmişdir. Onun bu mahnıları Azərbaycan musiqisinin bəzəyi sayılır.

Qoy mən yenə söhbət açım ilk baharımdan,

Nəğməm ilə bir də keçim öz diyarımdan.

Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,

Gəl, gəl deyir şən Azərbaycan.

("Azərbaycan" mahnısından, səh. 195)

Və: Doymadım sözlərindən,

O şirin sözlərindən.

Bilsəydim ayrılıqdı,

Öpərdim gözlərindən.

("Doymadım sözlərindən" mahnısından, səh. 196)

Və: Bir çiçəklə yaz olmaz,

Bir baxmısan, bir də bax.

Sevinc belə az olmaz.

Bir baxmısan, bir də bax.

("Bir baxmısan, bir də bax" mahnısından, səh. 197)

Və: Dişlərin incidəndir,

Dürdəndir, incidəndir.

Özün əcəb gözəlsən,

Dilin can incidəndir.

("Dilin can incidəndir" mahnısından, səh. 198)

Və yaxud: O gözlər kimi

Hər tərəf qara.

Bu yollar səni

Aparır hara?

("Gəl, ey səhər" mahnısından, səh.202)

Bəstəkar Faiq Sücəddinov şairin "Mənim Vətənim", "Heyif ki" və "Özündən razısan" şeirlərinə musiqi yazmışdır:

Gendən baxıb gülən yar,

Gülə-gülə gələn yar.

Niyə bilmir qədrimi

Öz qədrini bilən yar.

("Özündən razısan" mahnısından, səh. 207)

Nəriman Məmmədov Fikrət Qocanın "Gözlərinə mərhaba", "Özün barış", "Babam yandı", "Sən deyən olsun", "Anam odlar diyarım" və "Nə yaxşı ki, sən varsan" şeirlərinə mahnı bəstələmişdir. Bəstəkar hər bir mahnısını özünəməxsus üsulla yaradaraq dinləyicilərin ürəyini ovsunlamağa çalışmışdır:

Sənə baxsam qaçırsan,

Dönüb getsəm baxırsan.

Yandırırsan-yaxırsan.

Daha baxan deyiləm,

Özün yan, özün alış.

("Özün barış" mahnısından, səh. 210)

Və: İşıqlar sayrışar,

Üfüqləri pərişan

Nəğmələrlə danışar,

A mənim bəxtiyarım,

Anam odlu diyarım.

("Anam odlar diyarım" mahnısından, səh. 214)

Bəstəkar Akşin Əlizadə şairin "Bahar nəfəsli" və "Cavan qalaq" şeirlərinə musiqi bəstələmişdir. Hər iki mahnı yeni uğura aparan yol kimi diqqəti özünə çəkir:

Mən qəlbimdən yol açan,

Bir arzu kimi gəncəm.

Bir dil açan körpənin,

İlk sözü kimi gəncəm.

("Bahar nəfəsli" mahnısından, səh. 216)

Ruhəngiz Qasımova Fikrət Qoca poeziyasına ən geniş müraciət etmiş bəstəkarlarımızdandır. O, şairin otuz bir şeirinə və eləcə də "Ömrün yolları" pyesinə ("Romans" və "Bu dərdi emək ağır") mahnıları yazmışdır. Ümumiyyətlə, Ruhəngiz xanımın bu mahnılarında yeni ruh, yeni kolorit dinləyicini özünə dərindən bağlaya bilir.

Səhər-səhər dan sökülür,

Nə gəlib yenə ağlına,

Ləçəyin şeh süzülür,

Ağlama, gülüm, ağlama.

("Xarı bülbülüm ağlama" mahnısından, səh. 223)

Və: Dağlar, düzlər allı-güllü,

Şəlalələr şirin dilli.

Qara gözlü, ipək telli.

Anam sənsən, Azərbaycan.

("Odlar yurdu" mahnısından, səh. 226)

Və: Ay ana, dostum evlənir,

Bir gözəl çiçək dərib.

Anacan mənim də gözüm

Qonşuda bir çiçək görüb.

("Ay ana, dostum evlənir" mahnısından, səh. 227)

Və: Sənə utancaq dedim,

Mənə küsəyən dedin.

Arada çox söz olar,

Ürəyimə bax dedin.

("İnanmayaq biz" mahnısından, səh. 247)

Oqtay Kazımov Fikrət Qocanın "Qağayı", "Bizim mavi dünyamız", "Qaytar eşqimi", "Nə yaxşı ki, görüşdük", "Mənim gözəl Vətənim", "Ey xəyal", "Ey vəfasız" və "Bizim nəğmələr" şeirlərinə musiqi bəstələmişdir. Bəstələnmiş hər bir mahnıda bəstəkar ürəyinin hərarətli döyüntüləri şair poeziyasının ruhuna uyğun cilvələnərək müxtəlif rənglərə boyanmışdır:

Ver mənim eşqimi,

O sənə heç gərək deyil,

Gəl qaytar eşqimi,

O solğun bir çiçək deyil.

("Qaytar eşqimi" mahnısından, səh. 257)

Və: Bahara bənzər,

Çölləri bəzər.

Bizim nəğmələr

Elləri gəzər.

("Bizim nəğmələr" mahnısından, səh. 264)

Mahnıları dillərdə dolaşan Firəngiz Babayeva Fikrət Qocanın "Töhfə", "Könlüm", "Gül açıb", "Göylər mavi nəğmədir", "Gecə yaman uzundur", "Dəcəl ürəyim", "Ürəklə oynamazlar", "Ülvi mhəbbət" və "Gəl, səhərim" şeirlərinə mahnı yazmışdır.

Gözümün işığına

Hər kiprik bir yük olur,

Gecə yaman uzundur.

Bəzən bir ömürdən də

Bir gecə böyük olur,

Gecə yaman uzundur.

("Gecə yaman uzundur" mahnısından, səh. 269)

Və: Gəl, səhərim, səhərim,

Gəldim sənə bağlı.

Gəl oyansın səhərim,

Nəğməli, vüqarlı.

("Gəl, səhərim" mahnısından, səh. 274)

Vaqif Mustafazadə "Yollar", Asiya Sultanova "Bakım mənim eşqim" və Rafiq Babayev isə "Gəlirdi insan" şeirlərinə musiqi bəstələmişlər.

İlk eşqim,

Son sözüm,

Sevən sevilən Bakım.

Ay canım,

Ay gözüm,

Bir mələksən sən, Bakım.

(Asiya Sultanova "Bakım mənim eşqim" mahnısından, səh. 282)

Və: Torpağın insana,

Ümidi, inamı.

Odlardan yoğurdu,

Yaratdı insanı.

(Rafiq Babayev. "Gəlirdi insan" mahnısından, səh. 283)

Tofiq Əhmədov yaradıcılığında Fikrət Qoca poeziyası mühüm yer tutur. Bəstəkar onun "Radio dalğaları", "Xoşbəxt qadın", "Bayrama gəlib", "Görəm, nələr düşünürsən" və "Sevinc işıqları" şeirlərinə musiqi yazmışdır.

Al-əlvan geyinib doğma diyarım,

İşıqlar, nəğmələr düşüb yollara.

Sənin bayramındı, mənim baharım,

Nə gözəl yaraşır bu gün yar yara.

("Sevinc işıqları" mahnısından, səh.281)

Mehriban Əhmədovanın bəstələdiyi musiqilər içərisində Fikrət Qoca şeirlərinə yazılmışları daha əsaslı yerlərdən birini tutur. Bu mahnılar bir-birindən dəyərli, gözəl, ürəklər oxşayan və təbii xüsusiyyətlərinə görə cazibədarlığı ilə seçilir. Həmin mahnılardan "İllər keçir", "Səni gördüm", "Ürəyim zərif güldür", "Dağlarda günəş gəzər", "İnanıram", "Sərhədçilər", "Oturduq yanaşı, susduq yanaşı", "Ata", "Anam Azərbaycan" və sairlərin adını məhəbbətlə çəkmək olar:

İstər tufanlar olsun,

Şaxta, boran, qar olsun

Sərhədçilər var olsun,

Göz qırpmaz keşikçilər.

("Sərhədçilər" mahnısından, səh. 291)

Və: Azərbaycan, anam sənsən,

Eşqim, şöhrət, şanım sənsən.

Ruhum, canım, qanım sənsən,

Odlar yurdu, Azərbaycan.

("Anam Azərbaycan" mahnısından, səh. 295)

Fikrət Qocanın şeirlərinə Hökumə Nəcəfova "Şəlalə" və "Gəlirəm", Tahir Əkbər isə "Vətənə qayıdanda", "Bəlkə sənsən taleyim", "Eşqinlə odlandım", "Bir az sükut oxusun" və "Xəzəllərin rəqsi" mahnılarını yazmışlar. Hər iki bəstəkar şairin poeziyası üçün xarakterik cəhətlərə önəm verərək maraqlı mahnılar yaratmışdılar:

Zirvələrdən qıy çəkər

Boz sular, büllur sular.

Hər damla zümrüd dənə,

Nur çiləyər, asılar sal qayadan.

Damcılar yana-yana

Bürünə boz dumana.

(Hökümə Nəcəfova. "Şəlalə" mahnısından, səh. 310)

Çıx yoluma, qarşıla,

Mən gecikdim, bağışla,

Kövrək olur baxışlar

Vətənə qayıdanda.

(Tahir Əkbər. "Vətənə qayıdanda" mahnısından, səh. 313)

Və: Yadındamı o çağlar?

Söndü odlar, ocaqlar.

Bizim görüş yerində

İndi bir bulaq ağlar.

(Tahir Əkbər. "Xəzəllərin rəqsi" mahnısından, səh. 317)

Ramiz Mustafayev ("Bu çayın çınğılı"), Oqtay Rəcəbov ("Qızlar yollara çıxır"), Azər Dadaşov ("Körpə güllərik", "Mənim də pasportum var", "Ölkənin fəhləsi", "Nadiya"), Əzizə Mustafazadə ("Bir dünyayam"), Əziz Əzizov ("Axtaran tapar", "Mənim yolum"), Aydın Ağasıyev ("Payız"), Rizvan Ələsgərov ("Məcnun gəzər Leylini"), Elza İbrahimova ("Bağçadan keçmişəm"), Niyaməddin Musayev ("Ata") və Fuad Qədimov ("Dağlar") Fikrət Qocanın şeirlərinə musiqi bəstələmişlər:

Çiçək kimi tərtəmiz

Qızlar yollara çıxır.

Şaxtalardan közərib,

Qızlar yollara çıxıb.

(Oqtay Rəcəbov. "Qızlar yollara çıxır" mahnısından, səh. 319)

Və: Nə gözəldi dünyamız,

Əziz anamız.,

Bəxtəvər balayıq biz,

Gülür üzümüz.

(Azər Dadaşov. "Körpə güllərik" mahnısından, səh. 320)

Və: Bu ellərin

Olmuşam başına pərvanə,

Bu çöllərin bir doğma gülüyəm,

Doğmadır,

Candan əzizdir bir telin.

(Əzizə Mustafazadə. "Bir durnayam" mahnısından, səh. 324)

Və: Əs, ey külək, külək, əs,

Bir şən nəğmə gətir, gəl.

Bol məhsullu bir payızı

Al qoynuna, götür, gəl, ey külək.

(Aydın Ağasıyev. "Payız" mahnısından, səh. 327)

Və yaxud: Sən gedən yollara qurban kəsərdim,

Şərəfim, şöhrətim, vüqarım, ata.

Nanə yarpağı tək tir-tir əsərdim,

Qoy xəzan görməsin baharın, ata.

(Niyaməddin Musayev. "Ata" mahnısından, səh. 331)

Bəstəkarlar Sevil Əliyeva ("Məcnuna Leyli kimi", "Ana" və "Sənsiz"), Rauf Əliyev (Oda - "Azadlığa gedən yollar"), Taleh Hacıyev ("Nəğmələr deyək"), Yeganə Axundova ("II Məhəbbət"), Rəna Qədimova ("Küləklər"), Kəmalə Heybət qızı ("Heydər Əliyev haqqında oda. Ulu Heydər"), Bəxtiyar Kərimov ("Ana"), Rəşad Həşimov ("Yaşa, prezidentim, yaşa"), M.İbrahimov ("Gəlinlər ana olanda"), Tofiq Əhməd ("Səni gördüm"), A.Mirzəyev ("Niyə gəlmədin?"), Emin Əfəndizadə ("Mənim Vətənim") və Həcər Rəhimova ("Sonuncu nəğməmiz") Fikrət Qocanın şeirlərinə mahnılar yazmışlar. Bu mahnıların hər biri ayrılıqda öz şirinliyi və məna tutumuna görə fəzada uzaqdan görünən işığa bənzəyir.

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara qözlü anam,

Hara getsəm gözün mənə baxar,

Ana qəlbin layla olar, gəzər.

Doğma səsin ömür-günü bəzər.

(Sevil Əliyeva. "Ana" mahnısından, səh. 335)

Və: Arzum yandı,

külə döndü,

Aylar keçdi,

ilə döndü.

Sinəmdə düşmən gülləsi

əritdim,

Qanım qərənfilə döndü.

(Rauf Əliyev. Oda - "Azadlığa gedən yollar" mahnısından, səh. 338)

Və: Hər yan bəzəndi, tez gəlin,

Süfrə gözəldi, tez gəlin.

Gəlin bizim məclisə,

Gəlin duraq üz-üzə,

Şirin nəğmələr deyək.

(Taleh Hacıyev. "Nəğmələr deyək" mahnısından, səh. 339)

Və: Sən mənim ən əziz sirrim, istəyim,

Sən mənim ən acı həqiqətimsən.

Itmiş gəncliyimdən soraq gətirən

Sən mənim sonuncu məhəbbətimsən.

(Yeganə Axundova. "II Məhəbbət" mahnısından, səh. 346)

Və: Dahi Heydər bir yol açdı,

İlham sədlər, dağlar aşdı.

Prometey tək od gətirdi,

Azərbaycan işıq saçdı.

(Kəmalə Heybət qızı. "Heydər Əliyev haqqında oda.

Ulu Heydər" mahnısından, səh. 348)

Və: Küləklər əsdi, yarpaqlar düşdü.

Kölgən üşüdü, yollardan qaçdı.

Bir dəstə bulud dağları aşdı,

Yağışlar yağdı, durnalar köçdü,

Niyə gəlmədin?

(A.Mirzəyev. "Niyə gəlmədin?" mahnısından, səh. 354)

Və yaxud: Sonuncu nəğməni qoşuram sənə,

Yorğun ürəyimdə oxuyaq gərək.

Ürəyim son dəfə göynəyir yenə,

Köçən durnaların son nəğməsinə.

(Həcər Rəhimova. "Sonuncu nəğməmiz" mahnısından, səh. 357)

Günay Qoca şairin "Sənin hökmün", "Enən deyiləm", "Çıx get", "Son bahar" və "Qayıtma" şeirlərinə musiqi bəstələmişdir. Bu mahnının hər biri canlı həyat lövhəsi kimi göz önündə canlanır. Həyatın müəyyən parametrləri işığa qərq olur və gözlərə nur bəxş edir:

O gözlər hökmündən mən necə çıxım,

Göylərdən genişdir səmavi gözü.

Qorxuram kövrəlib ağlayar birdən,

Yağışa qərq olar bütün yer üzü.

(Günay Qoca. "Sənin hökmün" mahnısından, səh. 341)

Və: Sən getdin yığışıb köçəndə bahar,

Gecələr uzanıb həsrətin kimi.

Görəsən, səkidə ölən yarpaqlar

Sənə söylədiyim sözlərimdimi?

(Günay Qoca. "Qayıtma" mahnısından, səh. 345)

Kitabın son hissəsində bəstəkarı göstərilməyən beş mahnı da verilmişdir ("Qocalmayan məhəbbət", "Bizim həmyerlilər", "Haydı əzizlərim", "Məzəli mahnı" və "Bir Leylisiz Məcnun vardı"). Verilmiş beş mahnı hər biri öz fərqli xüsusiyyətlərinə görə başqalarından seçilir.

Mənim sevimli yarım,

Ey gənclik yadigarım.

Aləm dolu gözəldir,

Sənsən mənim baharım.

("Qocalmayan məhəbbət" mahnısından, səh. 358)

Və: Haydı, mənim əzizlərim

Gələn günə doğru haydı.

Ötən günlər xatirədi,

Hər gələn gün gözəl paydı.

("Haydı, əzizlərim" mahnısından, səh. 360)

Və yaxud: Yad bağa meyli olmayan,

Dili gileyli olmayan,

Leylisi Leyli olmayan

Məcnun yazıq neyləsin.

("Bir leylisiz Məcnun vardı" mahnısından, səh. 363)

Cildi tərtib edərkən Fikrət Qoca bəzi bəstəkarların mahnılarını tapıb kitaba daxil edə bilmədiyi üçün onlardan üzr istəyərək deyir: "... Bəzi bəstəkar dostlarım bu kitabda öz adını görməsə özünün və əsərinin unudulduğunu zənn edib məndən inciməsin. Sadəcə mətni tapa bilməmişəm. Vaxt da məni tələsdirirdi, gözləmirdi..."

Kitabda verilmiş 287 mahnı və bunları bəstələmiş əlli birdən artıq bəstəkarın Fikrət Qoca şeirlərinə musiqi bəstələməsi heç də təsadüfi hadisə deyildir. Bu bəstəkarların şairin şeirlərinə müraciət etməsi bizə belə bir əsas verir ki, onun şeirlərinin mövzu dairəsi olduqca geniş, canlı həyatımızda olan bütün olaylar ümumiləşdirilmiş şəkildə öz əksini tapmışdır. Elə bunun nəticəsində də bəstəkarlarımızın marağına səbəb olmuş və yuxarıda adlarını çəkdiyimiz rəngarəng mahnılar ərsəyə gəlmişdir.

Fikrət Qoca poeziyası dilin sirinliyi, canlı xalq dilində olması, işlədilmiş sözlərin məna çalarlığına və poetik xislətinə, üslubi imkanlarına, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edildiyinə və bununla bahəm dilimizin bütün incə məqamlarını özündə ehtiva etdiyinə görə dillər əzbəridir. Şeirlər dilinin lakonikliyi, yığcamlılığı, rəngarəngliyi və əsasən də kamilliyi ilə xüsusi maraq doğurur. Bunun nəticəsidir ki, Fikrət Qoca şeirləri musiqiyə büküldükdə füsunkarlığı ilə dinləyiciləri ağışuna alaraq özünə daha sıx bağlayır və necə deyərlər, özünün əsirinə çevirir. Bizcə, Fikrət Qocanın yeddinci cilddə sərgilədiyi musiqiyə bükülmüş şeir çələngi onun oxucularına yeni, ən dəyərli töhfəsidir. Mən şairə sağlam can, uğurlu anlar və uğurlu illər arzulayıram.

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi

filialının dosenti,

AYB və AJB-nın üzvü