adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Dekabr 2019 15:30
15293
GÜNDƏM
A- A+

Dilən, professor, utanma, dilən... - Famil Mehdinin şeirləri

Adalet.az mərhum şair Famil Mehdinin şeirlərini təqdim edir:


Dilən, professor, utanma, dilən...

Dillən, professor, utanma, dillən...

Səslə, hər keçəndən sədəqə istə,

Qaçandan, köçəndən sədəqə istə.

Fərqi yox, Bakıdan, Ağdamdan olsun,

Səninçün nə fərqi: yaxşı, yaman kim,

Bir də qanmayan kim, həm də qanan kim,

Məslək dəyişənmi, ev dəyişənmi,

Qızıl axtaranmı, ya goreşənmi,

İnsanmı, heyvanmı - satandı, gedir,

İt-qurd kölgəsində yatandı, gedir.

Dünyanın ən qəlpi, ən safı olsun,

Təki ürəyinin insafı olsun.

Hanı o qırmızı diplomlar, hanı?

Nəyimə gərəkdir torbada qala,

çıxar, hamısını cır at, tapdala.

Yandır cild-cild, yansın əl yazıların,

Sən kimə gərəksən, o kimə lazım?

O fəxri fərmanları,

Təşəkkürləri yandır,

Dünya aldanan yox, bil aldadandır.

Bir də ki, hər dəfə qomarlayanlar,

Öpüb bığlarını tumarlayanlar-

Nəvələr görməsin diləndiyini,

Tale xırmanında döyüldüyünü,

Ömrün ələyində ələndiyini.

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən...


SEVƏNDƏN BƏRİ

Durursan qarşımda bir şəkil kimi,
Köksümə sığmayır könlüm həvəsdən.
Yanından balaca külək keçdimi
Həkim çağırardım evimizə mən.
Yalan söz danışmaq mənə ayıbdır,
Fəqət bir yol başım ağrımayıbdır.
Tamam unutmuşam dərdi, kədəri –
Səni bəyənəndən, sevəndən bəri,
Sevəndən bəri!
Baxıb saqqalıma deyərdi hamı:
Ağ oğlan, kiməsə yasmı tutursan?
Təmizləyən zaman paltarlarımı,
Anam da deyərdi: "pintisən yaman”
Qəribə xasiyyət yaranmış məndə;
Güzgüyə baxıram çay da içəndə,
Qalmır üstümdə də bir ləkə yeri,
Səni bəyənəndən, sevəndən bəri ,
Sevəndən bəri!
Axşam da, səhər də başqalaşıbdır,
Nə qüssə, nə kədər düşməyir yada.
Elə bir şəhər də başqalaşıbdır,
Onun evləri də, adamları da.
Ağac da yol üstdə başqa cür durur,
Ürək də sinəmdə başqa cür vurur.
Sevirəm məni də sevməyənləri –
Səni bəyənəndən, sevəndən bəri,
Sevəndən bəri!

QIZA XƏBƏR GƏLDİ

Qıza xəbər gəldi: gözlərin aydın,
Qəlbimiz yeni bir sevinclə vurdu, –
Atanın əliylə xəstə bir qadın
Ölüm yatağından ayağa durdu.
Mənalı günlərdən doyarmı ürək,
İstərsə qış olsun, ya bahar olsun.
Qız dinib, danışdı gülümsəyərək:
Görüm cərrah əli daim var olsun!
Qıza xəbər gəldi, muştuluğu var,
Təzə bir buruq da qazdı qardaşın.
Vətənin başını, dedi, qış-bahar
Ucaltmaq borcudur hər vətəndaşın.
Qıza xəbər gəldi: əmin oğlunun
Çox gözəl qurtardı müdafiəsi.
Çatıb qaşlarını söylədi: onun
Alim olmaq idi çoxdan həvəsi.
Qıza xəbər gəldi: qonşu oğlana
O təzə binada verdilər otaq,
Elə bil dünyanı bəxş etdi ona,
Dolandı quş kimi qanadlanaraq.
Vaxt keçdi, qaranlıq çökdü dörd yana,
Sevinci gözlədib ata bilmədi,
Durub uzansa da çarpayısına,
Qız səhərə kimi yata bilmədi.
İsitdi qəlbini xəyallar onun
Bir ana qəlbinin hərarəti tək.
Düşündü: "görəsən qurban olduğum
Elçinin xəbəri nə vaxt gələcək?!”


HƏYAT HƏVƏSİ

O, bir vaxt gənc idi, söhbət düşəndə
Deyərdi: əlli il yaşasam bəsdir.
Bir də bel bükülüb, yaş ötüşəndə
Daha yaşamaq da, məncə, əbəsdir.

Onun saçları da ağarmış bu gün,
Gördüyü əlli qış, əlli də yazdır,
İndisə deyir ki, yaşamaq üçün
Bizim dünyamıza yüz il də azdır.



SƏNİ DÜŞÜNÜRƏM

Sən gözəl bir mahnını
durub dinləyən zaman,
Sanki bəstəkar olub
mahnıları qoşuram mən,
Dağların sərinliyi
gəlib keçib canımdan,
Araz kimi kükrəyir,
Kür kimi coşuram mən.
Nə vaxt çatılır qaşın,
nə vaxt doluxur gözün,
Bir tablonun önündə
nə vaxt fikrə gedirsən,
Rəssam kimi çəkirəm
şəklini gölün, düzün
Gözəllər ilham alır,
baxıb lövhələrimdən.
Nə zaman bir şeiri sən
tərifləyirsən mənə,
Könlümün otağında
əsib yellər ötüşür,
Elə bil ki, şairlik
verilir birdən mənə,
Şeirim gəzir elləri,
dilə-ağıza düşür
Səni düşünürəm mən,
inan harda oluram,
Naza, qəmzəyə dözmək
sənə gəlməsin asan.
Eşqinlə rəssam, şair
bəstəkar da oluram
Sənsə yola gəlmirsən,
elə həmin adamsan.
Sən gözəl bir mahnını
durub dinləyən zaman,
Sanki bəstəkar olub
mahnıları qoşuram mən,
Dağların sərinliyi
gəlib keçib canımdan,
Araz kimi kükrəyir,
Kür kimi coşuram mən.
Nə vaxt çatılır qaşın,
nə vaxt doluxur gözün,
Bir tablonun önündə
nə vaxt fikrə gedirsən,
Rəssam kimi çəkirəm
şəklini gölün, düzün
Gözəllər ilham alır,
baxıb lövhələrimdən.
Nə zaman bir şeiri sən
tərifləyirsən mənə,
Könlümün otağında
əsib yellər ötüşür,
Elə bil ki, şairlik
verilir birdən mənə,
Şeirim gəzir elləri,
dilə-ağıza düşür
Səni düşünürəm mən,
inan harda oluram,
Naza, qəmzəyə dözmək
sənə gəlməsin asan.
Eşqinlə rəssam, şair
bəstəkar da oluram
Sənsə yola gəlmirsən,
elə həmin adamsan.