adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Dekabr 2019 09:07
32799
GÜNDƏM
A- A+

Şəhid atası, döyüşçü Hacı Əkbər Rüstəmova fəxri ad verildi

Azərbaycan torpaqları uğrunda vuruşmuş, Qarabağ torpaqlarının düşməndən müdafiəsində oğlunu şəhid vermiş tanınmış idman müəllimi Hacı Əkbər Rüstəmov Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görülüb. Əkbər müəllim 1988-ci ildən Milli-Azadlıq Hərəkatına qoşulub.

AXC-nin yerli təşkilatının fəallarından olub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib. Ə.Rüstəmovla yanaşı, oğlanları Sarvan, Sənan və Kənan da Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Dəfələrlə ölümlə üzə-üzə qalan Əkbər Rüstəmov oğlu Kənanla birlikdə Xocalı soyqırımı törədilən gecə yüzlərlə dinc sakinin erməni vəhşiliyindən qurtarılmasında iştirak edib.

1992-ci il may ayının 15-də Ağdamın Abdal-Gulablı kəndi uğrunda gedən döyüşlərdə oğlu, qəhrəman kəşfiyyatçı Sənan Rüstəmov şəhid olub. Oğul itkisi Əkbər müəllimin döyüş ruhunu sarsıda bilməyib.

O, 1993-cü ilin mart ayının 1-də Ağdam Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini təyin olunub. Ancaq 1993-cü ilin 22 iyulunda Bakıda olduğu vaxt Ağdam cəbhəsində yaranan vəziyyətlə əlaqədar oğlanları Sarvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov hamını səfərbərliyə çağırıb və döyüş bölgəsinə yollanıb. Bundan sonra müxtəlif hissələrdə xidmət edən komandir 4 oktyabr 1995-ci ildə ordudan tərxis olunub.

Hacı Əkbər yaşının bu çağında da Qarabağ müharibəsi başlayanda döyüşə qatılmağa hazırdır. "Yeni Müsavat”ın redaksiyasında qonaq olan Hacı Əkbər bildirib ki, nə qədər ki, torpaqlarımız işğal altındadır vətənin əsgəridir: "İstənilən döyüşə hazıram. 8 illik döyüş təcrübəm var, yaşımın bu vaxtında da düşmənlə döyüşməyə getmək iqtidarındayam. Bu, mənim və övladlarımın, nəvələrimin yoludur. Torpaqlarımız uğrunda özümün və oğlanlarımın döyüşməsindən qürur duyuram. Mən bütün sözlərimi tam səmimiyyətlə deyirəm”, - deyə Hacı Əkbər bildirib.

Hacı Əkbər bədən tərbiyəsi dərslərinin Azərbaycan gəncləri üçün önəmli olduğunu da vurğulayıb. O bildirib ki, bədən tərbiyəsi dərsini deyən zaman gəncləri bir növ həm də əsgərliyə hazırlayır:

"Bizim peşə liseyini qurtaran uşaqlar əsgər gedirlər. Ona görə də onlar hazırlıqlı olmalıdırlar ki, əsgərlikdə əziyyət çəkməsinlər. Ordudan tərxis olunsam da, tələbələrimi vətənə xidmətə hazırlayıb, bu ruhda onları istiqamətləndirir, maarifləndirirdim”.

Keçmiş komandir bildirib ki, biz Qarabağı bütöv azad etməliyik:"Çünki Şuşasız, Laçınsız, Kəlbəcərsiz Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Bizim başımıza bəlaları ermənilər Rusiyanın köməyi ilə gətiriblər. Rusiya heç vaxt Azərbaycanın torpaqlarını geri qaytarmağa kömək etməz. Torpaqlarımızın azadlığı ancaq hərbi əməliyyatlardan keçir. Azərbaycan ordusuna arxalanmalıdır. Biz o vaxtlar döyüşərkən əksəriyyətimizdə ov tüfəngləri idi. Tək-tək adamlar avtomatla döyüşürdülər. Silah-sursat yox idi. İndi belə deyil. Silah, texnika problemimiz yoxdur. Azərbaycan qısa müddətdə hərbi yolla torpaqlarını azad edə bilər. Ağdamın işğal olunduğu günü mən hər il səngərdə oluram. Bununla göstərmək istəyirəm ki, biz vətənimizi, şəhidlərimizi unutmuruq. Biz bununla beynəlxalq aləmə də mesaj veririk. Bəyan edirik ki, biz öz yurdumuza qayıtmaq istəyirik. Səngərə gedəndə əsgərlərimizlə görüşürəm. 1988-cı illərin sonunda biz gündüzlər işdə, gecələr səngərdə olurduq. Bu cür davam etdi və 1990-cı il hadisələri oldu və bildik ki, müharibə qaçılmazdır. Ondan sonra isə 50 nömrəli peşə məktəbində Şirin Mirzəyevin rəhbərliyi ilə ilk batalyon yarandı. Bu barədə çox danışmışam, iki kitabım da var. Təkcə onu deyim ki, indi ordumuzun əlində olan silahlar, hərbi texnikalar o dövrdə əlimizdə olsaydı, indi bir qarış da olsun torpağımız işğalda deyildi və oturmuşduq Ağdamın mərkəzində. Təsəvvür edin, bizim batalyonda 600-ə yaxın əsgərimiz var idi. 600-ə yaxın əsgərin cəmi 30 avtomatı var idi. Avtomatları səngərlər arasında bölürdük. Bir avtomatlı əsgəri bir nəfər də avtomatsız əsgəri postda qoyurduq. Gəlib görürdük ki, hərəsinin yanında 10 əsgər var. Deyirdim qardaşlar, axı siz burada olmalı deyilsiniz. Deyirdilər ki, silahımız yoxdursa da, arxada qala bilmirik. Deyirdilər ki, əgər döyüş olsa, avtomatı olan əsgər yoldaşım yaralansa silahını mən götürüb döyüşərəm. Bütün bunlar yaşanmış hadisələrdir. Bizim xalqımız cəsarətlidir. İnşallah, torpaqlarımızı azad edəcəyik”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Hacı Əkbər Rüstəmov şəhid Sənan Rüstəmovun atasıdır. Oğlu barəsində danışan Hacı Əkbər bildirib ki, Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq Hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir:"Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçınstroyda yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir".

Sənan 1992-ci il mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydınla birlikdə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rabitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşub. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirir. Şirin Mirzəyev düşmən qüvvələrini kənddən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvələrinə aid SU-25 vertolyotu düşmən tərəfindən vurulur paraşütlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək etmək üçün irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytenant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir, bu döyüşdə də qalib gəlir və Şuvaryovun sənədlərini götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır. Lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir. Bu, Sənanın son döyüşü olur...

Əli RAİS,
"Yeni Müsavat”