adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SABİTLİK, SAKİTLİK VƏ RİFAHIN QARANTI - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
91386 | 2019-12-26 10:00

Tarixin axışı boyu idarəçilik sistemi formalaşıb və yerinə oturub. Bəşər övladı qəbilədən demokratik təsisatlara qədər yol gəlib. Amma hər bir formasiyada bu inkişafa QARANT olan fərdlər rəhbərlik edib. Maraqlı sözdür eləmi? QARANT… Sabitlik və sakitliyin qarantı.

Yəni sadə desək, arxayın olmaq. Milyonların məsuliyyətin daşıyan fərd və ya qrupun mövcud olması. Hər kəsin şüuru müxtəlif istiqamətlərdə çalışa bilməz və bilmir də. Bütün istiqamətləri bir yolda birləşdirmək isə DÖVLƏT anlamını yaradır.

Bir çox böyük xalqlardan fərqli olaraq dövlət, dövlət atributlarından məhrum olmuşuq uzun illər. Hökmdarlar da dövlətin rəmzidir. Başqa xalqların 300-500 il əvvəl qışqırdıqları "Yaşasın kral!", "Padşahım, çox yaşa!" ifadələrinə də özləm duyulub. Biz yadelli ağaların qarşısında əyilməyə məcbur olmuşuq. Ona görə də kimsəni qınamaq olmaz. Xalq içində qalan hissləri yönəldəcək şəxs axtarışındaydı. Arxayın olacağı şəxs axtarışında.

 

Balaca bir ailəni doğru-düzgün idarə eləmək çətin olur. O ki ola Azərbaycan kimi qarışıq, mürəkkəb və təzadlı məmləkəti idarə eləmək. Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar. Bütün bu adamların ipini yığıb hər kəsə yerini göstərmək bacarığını da Allah hər kəsə vermir. Zahiri parıltılarıyla bərabər hakimiyyət həm də ağır bir yükdür. Bu yükü daşımağı da hər kəs bacarmır. Hakimiyyət çox ağır yükdür. Hər zaman şübhə içində dinlədiklərin haqqında düşünməlisən. Kim səmimi danışır, kimin söylədiklərinin arxasında nə durur. HÖKMDARLARIN ƏN BÖYÜK EHTİYACI SƏMİMİYYƏT VƏ SEVGİDİR, çünki yaltaqlar xorunun içində həqiqi sözü seçib ayırmaq da müşkül məsələdi.

 

20-ci əsr öz böyük təbəddülatları ilə bizi də yerimizdən tərpətdi. Biz də millət olaraq bu böyük dünyanın içində öz yerimiz haqqında düşünməyə başladıq. Ən azından düşünməyə başladıq. Düşüncə tarixinin yaranması başqa tarixlərin də yaranmasına təkan verdi. Və 1918-ci ildə Cümhuriyyətin elan olunması azacıq da olsa bu millətin içində ruh oyanışının başlanğıcı idi. Daim əsarət altında yaşayan millət azadlığın, öz torpağının ağası olmaq duyğusunun dadına baxmaq istədi. O vaxt bu alınmadı. Səbəblər çox idi, sadalamaq istəmirəm. Dövlətin, bayrağın nə olduğunu bilməyənlər birdən-birə anlamadığı qavramlardan irəli gələcək qanunları da həzm eləyə bilməyəcəkdi. Vaxt o vaxt deyildi…
İndi isə Siz özünüz də söylədiyiniz kimi, çoxmilyonluq azərbaycanlıların prezidentisiniz. Ölkəmizin coğrafi ərazisi kiçik olsa belə, mənəvi ərazisi çox genişdir. Və bu mənəvi əraziləri daha da genişləndirmək həm də hər zaman sənət adamlarının borcu olub.

 

Məlumdur ki, tarixdə hər hökmdarın yeri həm onun apardığı daxili, xarici siyasətlə, həm də ölkə içində mədəniyyətə, sənətə verdiyi qiymətlə ölçülüb. Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər bütün siyasətlərin bir müstəvidə birləşdiyi mənalarda uğurlu olub. O böyük insan təntənə yaratmağı bacarırdı və sevirdi. Bu təntənələr ancaq və ancaq Azərbaycanın rifahına xidmət edirdi. İştirakçısı və təşkilatçısı olduğu hər bir məclisin həm də onun şəxsən özünə aid olduğuna ürəkdən inanırdı. Sənət naminə imzaladığı hər bir fərmanda qələminin ucundakı mürəkkəbin ölkənin həyatında silinməz izlər buraxacağını da bilirdi. Qələm hökm verənin əlində olanda mürəkkəbin anlamı başqa olur. Hökm verənlərin tarixdəki izini tarixə köçürəndə onların əməllərinə yaşadıqları dövrün və məkanın kontekstində qiymət vermək lazım gəlir. Dedim ki, O, böyük, təntənəli məclisləri sevərdi və bu məclislər onun göstərişi ilə çox yüksək səviyyədə təşkil olunardı. Həmin təntənələr də əslində milli birliyə bir çağırış idi. Hər xalqın ruhunun kökləndiyi bir sim var, xalqın qeydsiz-şərtsiz inandığı həqiqətlər var. Və yenidən onlara qayıtmağımızı alqışlamaq lazımdır.

Nə qədər sağdan, soldan təzyiq altında qalsaq da, Ulu Öndərin layiqli davamçısı olan Sizin rəhbərliyinizlə Vətənin coğrafi və ən önəmlisi mənəvi ərazilərinin genişlənəcəyinə ürəkdən inanırıq.

Təbii ki, nə titullar, nə mükafatlar adamı daha da istedadlı, daha da sevilən eləmir. Amma diqqətin insanı yaşatdığı da bəllidir.

Möhtərəm cənab Prezident!

Bizim ailə hər zaman Sizdən diqqət və qayğı görüb. Eləcə də bütün sənət adamları. Vətənin mənəvi ərazilərində artıq heykəlləşmiş insanlara iradənizlə dəstək olduğunuza görə sonsuz təşəkkürlər. Qələminizin ucundakı mürəkkəb heç zaman qurumasın. Və hər zaman Vətənin, millətin rifahı naminə işləsin! Məmləkətin təntənəsi naminə işləsin!!! Ata ,Oğul və Xalqın ruhu naminə!!! Arxayın olaq!!!

Yeni yaşınız sizə uğurlar gətirsin!!! Sizə və ailənizə, xalqımıza!!! Prezidentim, çox yaşa!!!

P. S Tərif yazmağı bacarmıram... Ürəyimdən keçənləri yazmağa çalışdım...

 

 

 

 

 

TƏQVİM / ARXİV