adalet.az header logo
  • Bakı 16°C
23 Dekabr 2019 14:52
10340
GÜNDƏM
A- A+

Məzahir Pənahov: Sosial şəbəkədə yayılan bəzi məlumatlar araşdırılır

Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmayıb. Amma sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var və həmin məlumatlar araşdırılır.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Neftçalada 61 saylı Seçki Dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət edilib:

"Məntəqə bununla bağlı dairə seçki komissiyasına müraciət edib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz də araşdırma aparırıq. Cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda biz əraziyə öz nümayəndəmizi göndərərək hadisə yerində araşdırma aparırıq. Digər bir halın Bakının Sabunçu dairələrindən birində olduğu deyilir. Oradan verilən məlumatlarda belə təəssürat formalaşdırır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır".

M.Pənahov əlavə edib ki, Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, onun harada yaşaması daha vacibdir:

"Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır".