adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Dekabr 2019 08:41
16017
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BU SÜRÜCÜ LAP AĞ ELƏYİB

İndi onsuz da çox sürücülər yol hərəkəti qaydasını pozmaqdan ləzzət alırlar. Sanki onlar qaydaları pozmaqla nəyəsə nail olur və özlərini qəhrəman kimi hiss eləyirlər. Xüsusən də minik avtomobillərinin sükanı arxasında əyləşmiş gənclər yollarda ötüşməyə, avtomobilin əyləcini qəfil basmaqla tükürpədici səslər çıxarmağa və hətta bəzi "ataların gül balaları” maşını iki təkəri üstə sürməyə çox böyük həvəs göstərirlər.

Onları başa düşmək olur. Çünki bu cür maşın sürənlər gənclərdi, cavanlardı. Və cavanlar da enerjini bu formada xərcləmək istəyirlər. Amma bəzən avtoxuliqanlıq eləyən və maşını iki təkəri üstə sürən sürücünün çanaq elə öz başında çatlayır. Ona görə də istər yaşlı adam ol, istərsə də cavan, gərək avtomobili elə idarə edəsən ki, sonra sənin başın qalmaqalda olmasın. Yəni ağrımayan başına buz bağlamayasan.

İndi elə sürücü var ki, tay baxmır ki, onun idarə etdiyi avtomobil yük maşınıdır, ağır yük aparır. Zalım oğlu elə düşünür ki, bu yük maşınını necə gəldi idarə edə bilər, magistral yolda tez-tez soldan sağa, sağdan da sola keçər. Sözün açığı, belə sürücülər çox şeyə vərdiş eləyiblər. Yəni onlar avtomobilin sükanı arxasında əyləşən kimi gözləri ayaqlarının altını görmür, düşünürlər ki, istənilən qayda pozuntusuna yol versələr də, Allah onu qoruyacaq.

Bir dəfə yolda təsadüfən Sumqayıta gedəndə bir taksiyə mindim. Sürücü də sükanı təkəlli idarə edirdi. Ona iradımı bildirib dedim ki, ağsaqqal, sükanı tək əllə idarə eləmə! Şükür Allah, hər iki əlin sağ-salamatdı. Sükanı ikiəlli tutsan, avtomobili daha etibarlı idarə edə bilərsən. Həmin şəxs də dilləndi ki, maşın sürməyimə baxma, müəllim adamam, təkəlli də olsam, heç bir qorxusu yoxdu. Ürəyini buz kimi saxla, Allah məni hıəmişə qoruyur.

Birdən elə oldu ki, maşın qəfil maneəyə rast gəldi, sükan sürücünün əlindən çıxdı. Xoşbəxtlikdən yanımızdan maşın keçmirdi. Maşın keçsəydi, çox ağır qəza baş verəcəkdi. Avtomobilin salonunda olan digər iki qadın qəza vəziyyətindən bərk qorxuya düşdülər və hər iksi dişinin dibindən çıxanı sürücüyə dedi. Dedilər ki, bayaqdan sənə irad tuturlar, nəticə çıxarmırsan. Deyirsən ki, Allah məni qoruyur. Az qala qırılmışdıq. Nə yaxşı yandan maşın gəlmədi. Belə maşın sürməzlər. Ağsaqqal kişisən, heç olmasa özünü fikriləşmirsən, apardığın sərnişinləri düşün!

Çox təəssüf ki, bu cür səhlənkar sürücülər nə özlərini, nə də apardıqları sərnişinləri düşünürlər. Dekabrın 13-də Füzulidən Bakıya qayıdırdım. Bakı-Qazax yolunun Nəvai istiqamətində mal-qara daşıyan 90 XU 259 nömrəli yük maşını saat 16 radələrində həmin yolda çox kobud qayda pozuntusuna yol verirdi. Belə ki, yük maşınının sürücüsü yolun sağı boş olduğu halda, soluyla qəza işığını yandırıb hərəkət edirdi. Hansı ki, həmin yolla avtomobillər yüksək sürətlə hərəkət edirdi. Yük maşınının sürücüsü isə birinci dərəcəli soldakı yoldan çıxmır, arxadan gələn maşınların səs siqnallarına əhəmiyyət vermir və heç nəyi vecinə almadan yolunu davam etdirirdi. Soldan keçməli olan maşınlar sağdan ötürdülər. Bu isə qəza vəziyyəti yaradırdı. Hətta bəziləri əl hərəkətlərilə qanunu pozan sürücüyə etiraz edəndə o da yük maşınının siqnalını verib təhlükəli vəziyyətdə olan sürücülərə bir mesaj göndərirdi.

Bir sözlə, Bakı-Qazax yolunun Nəvai istiqamətində şəhərə doğru hərəkət edən 90 XU 259 nömrəli maşınının sürücüsü kobud qayda pozuntusuna yol verməklə, həm də avtoxuliqanlıq edirdi. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə yolun sağı boş olduğu halda soluyla gedən yük maşınının sürücüsü 40 manat miqdarında cərimə edilməlidir. Biz həmin maşın hərəkət edərkən şəklini də çəkmişik. Görünən odur ki, ümumiyyətlə, magistral yollarda yük maşınlarının sürücüləri bu cür kobud qayda pozuntularına tez-tez yol verirlər.

İnanmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qanunu pozan 90 XU 259 nömrəli yük maşınının sürücüsünü araşdırmalar nəticəsində axtarıb tapacaq və onu inzibati məsuliyyətə cəlb edəcəklər. Bu cür qaydaları kobud surətdə pozan sürücülərin cəzalandırılması digər qanun pozuntusuna yol verən sürücülərə də bir dərs olar.