adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Dekabr 2019 09:35
43787
MARAQLI
A- A+

Böyük yəhudi bayramı: Hanukka...

Sevilən və müqəddəs hesab olunan Hanukka bayramı yəhudilərin qədim inanclarıni ifadə edir. Bu bayramda yəhudilər doqquz yuvalı menoranı və ya doqquz budaqlı qəndili yandırırlar. Bu qəndilə yəhudilər "hanukiya kandelabrum" deyirlər.

Adalet.az oxucularına Hanukka bayramı ilə bağlı məlumatları təqdim edir. Müqəddəs bayram İvrit təqviminin doqquzuncu ayı olan Kislevin 25-də başlanır. Bu il qərb təqviminə görə Hanukka dekabrın 22-də başlanıb və dekabrın 30-dək davam edəcək.

Hanukkanın tarixi

Hanukka sözünün ilkin mənası "təkrar həsretmə", "təkrar ithafdır". Hannuka günlərində yəhudilərin öz din azadlıqları uğrunda mübarizəsinin tarixi qeyd edilir.

Rəvayətə görə, yəhudi qiyamçı Makkabi ordusu Yunan-Suriya zülmkarlarına qarşı üsyan edib. Eramızdan əvvəl 167-ci ildə baş verdiyi söylənən bu hadisəyə Makkabilər Üsyanı deyilir.

Bu üsyandan əvvəl kral Antiox Yerusəlimdəki İkinci Məbədi zəbt etmiş və burada Zevsə mehrab ucaldılmasına göstəriş vermişdi. İudaizm yasaqlanmış, sünnət qadağan olunmuş və məbədin mehrabında qurbanlıq donuzların kəsilməsi əmr edilmişdi.

Məhz buna görə də İuda Makkabinin və ya Çəkic İudanın başçılığı altında xalq üsyanı qalxmışdı.

Bu qiyam makkabilər Yerusəlimi tutanadək üç il davam etmişdi.

İudaizmin əsas kitabı olan Təlmuda görə Hanukka üçün yalnız qapağı baş rahib tərəfindən möhürlənmiş təmiz zeytun yağından istifadə oluna bilərdi.

Üsyançılar Məbədi yenidən qüsl etmək istəsələr də möhürü olan cəmi bir qab zeytun yağı tapmışdılar.



Qaydalara görə qəndil gecə-gündüz yanmalı olsa da, yəhudilərin cəmi bir gecəlik yağı qalmışdı. Amma həmin vaxt möcüzə baş verdi və qəndil səkkiz gün, səkkiz gecə sönmədi.

Bu hadisə yəhudilərin tarixinə "yağın möcüzəsi" kimi yazılıb.

Buna görə də yəhudilər Hanukkada qızardılmış qidaları yeyirlər.

Niyə Hanukkada məhz bol süd və süd məhsulları yeyilir?

Hanukka günlərində süd və süd ərzaqları populyardır. Bunun da öz "tarixi" var.

Babil zəmanəsində yəhudilərin İudadakı Bethulia şəhəri mühasirədə idi. Adamlar aclıq və susuzluqdan əzab çəkirdilər. Buna görə qalanın müdafiəçiləri arasında artıq təslimçilik barədə söhbətlər yayılırdı.

Elə bu zaman gənc yəhudi qadın Yudif kral Nəbukadnəzarın baş sərkərdəsi assuriyalı Holoferneslə görüş istəyir.

Qalanı məhz o mühasirədə saxlayırdı. Qadın düşərgəyə daxil olur və işvələri ilə sərkərdəni yoldan çıxarır. Yudif sərkədəyə çoxlu duzlu yemək yedizdirmişdi və buna görə də o gecə bərk susayır. Bu zaman Yudif ona bol şərab içirdir və sərxoş yatan sərkərdənin başını kəsir.

Yudif mühasirədə olan şəhərə Holofernesin başı ilə qayıdır və bundan sonra heç vaxt ərə getmir.

Yəhudilər məhz onun xatirəsinə Hanukkada bol süd məhsulları yeyirlər.

Azərbaycan-İsrail münasibətləri 1991-ci ildə qurulub. Belə ki, həmin il dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ilin aprelində iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1993-cü ilin avqustunda isə İsrail Azərbaycanda öz səfirliyini açıb. Azərbaycan İsraillə diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən hesab olunur. Hər zaman dövlətimizə və xalqımıza dəstək olan İsrail dövlətini də, dünyada yaşayan , eləcə də Azərbaycan vətəndaşı olan bütün yəhudiləri bayram münasibəti ilə təbrik edirik!

Əntiqə Rəşid