adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Dekabr 2019 16:17
12478
GÜNDƏM
A- A+

Azərbaycanda Üzümçü-Şərabçı Gənclər Birliyi təsis olunub

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda "Azərbaycanda üzümçülük və şərabçılığın innovativ inkişafında gənclərin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda elmi-tədqiqat institutlarının gənc əməkdaşları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Adalet.az-a bildirilib ki, institutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov Azərbaycanın tarixi üzüm sortları və onların genefondunun bərpası, beynəlxalq səviyyədə aparılan işlərlə bağlı məlumat verib: "Tədqiq edilən Azərbaycan mənşəli 70 üzüm genotipi ilkin olaraq 24 molekulyar-genetik marker və hər markerdə iki allel olmaq şərtilə identifikasiya olunub. Genetik analiz zamanı üzüm sortlarından eyni genetik profil göstərənlərin, genetik mutasiyalı formaların, variasiyaların olduğu da aşkar olunub. Buna baxmayaraq 70 genotip üzrə 41 təmiz genetik xətt müəyyən edilib ki, bu da həmin sortların genetik identifikasiyasında əhəmiyyətli rol oynayacaq. Digər 29 eyni profil göstərən genotiplərin isə morfoloji, morfometrik və bioloji baxımdan dəqiq identifikasiyası həyata keçirilərək genetik profillərin eyniliyinin dəqiqləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir”.

Vüqar Səlimov əlavə edib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın 42 yerli ənənəvi üzüm sortunun müxtəlif mənşəli (Qafqaz və Qərbi Avropa ölkələri) üzüm sortları ilə müqayisəli molekulyar-genetik tədqiqi nəticəsində ölkəmizin üzüm sortlarının daha geniş genetik müxtəlifliyə malik olduğu və genetik mənşəcə ayrıca böyük bir qrup (94%) təşkil etdiyi üzə çıxarılıb. Milan Universitetinə göndərilmiş həmin 42 yerli üzüm sortu və 4 yabanı üzüm forması bu universitetin "özək kolleksiyasına” (Core collection) daxil edilib: "Tədqiqatlar zamanı öyrənilən 42 yerli üzüm sortunun sinonimlərinin aşkar edilməməsi, onların əsas diaqnostik morfoloji və ampelodeskriptor əlamətlərinə görə düzgün və identik olmasını bir daha sübut edib”.
Konfransda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov, mərkəzin şöbə müdirləri Faiq Xudayev və Nicat Nəsirli də çıxış edərək aqrar elmin qarşısında duran hədəflər, gənclərin aqrar elmin inkişafına verə biləcəyi töhfələrdən danışıblar. Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Sarvan Cəbrayılov isə kənd təsərrüfatının inkişafında gənclər hərəkatının funksiya və vəzifələri haqqında geniş təqdimat edib. Bildirilib ki, son illər ölkəmizin bütün sferalarında gəncləşmə hərəkatı geniş vüsət götürüb və aqrar sektorda bu hərəkatın yaranması öz müsbət təsirlərini göstərəcək.

Konfransda elmi-tədqiqat institutlarının gənc əməkdaşları apardıqları tədqiqat mövzuları haqqında təqdimatlarla çıxış ediblər. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə birgə həyata keçirdiyi "Yerli üzüm sortarının in vitro üsulu ilə çoxaldılması” layihəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Əkinçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşı Həlimə Məmmədova hibrid qarğıdalı toxumçuluğu layihəsi, Baytarlıq Elmi-Tədqiqat İnstitunun əməkdaşı Aygün Əzizova isə heyvanların xəstəliklərdən qorunması üçün görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransda çıxış edən digər gənclər də elmi-tədqiqat mövzuları haqqında məlumatlar verərək sualları cavablandırıblar. Mövzular ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Üzümçü-Şərabçı Gənclər Birliyi təsis olunub. Birliyin sədri Allahverdi Hüseynzadə qurumun məqsəd və vəzifələri haqqında konfrans iştirakçılarına məlumat verib, sualları cavablandırıb.

Konfrans iştirakçıları daha sonra institutun laborotoriyaları ilə tanış olublar, şərabın ilkin emalı və yerli üzüm sortlarından hazırlanmış kolleksiya şərablarına baxış keçirilib.