adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Dekabr 2019 17:05
57907
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: “Qadına diqqət lazımdı” silsiləsi

Şair və Yetmiş

Görəcək günlərimiz varmış,
Şair də
Yetmişdən o yana yaşayarmış!
İrəli-geri baxanda,
Görürsən bu, sirr deyil, –
Ya yetmiş yetmişdən balacadı,
Ya şair şair deyil!

Kin və təbəssüm

Nə canı varmış "kin”in?! –
Bir kəlmə...
Dünyaların sözünü danışmaq olar
Təbəssümlə!

Təcavüz

Təcavüz güclənib qadın hissiyatında, –
Yetim uşaq kimi əl-ayağa dolaşır
Atılmış kişilər.

Cavanlar

Kallaşa-kallaşa gedir cavanlar –
Çağırırsan – eşitmir,
Söz deyirsən – başa düşmür,
Sual verirsən – gözünü döyür.

İndikilər

İddialı doğulur indikilər,
–Haralısan? – Soruşmağına bəndsən,
Ağzından vururlar:
–Azərbaycanlı!

Qadına diqqət lazımdı

Boy-buxun, gözəllik, yar-yaraşıq –
Kişi cazibədarlığı...
İlk təəssüratdı – xırda şeydi,
Bunlarla qadını ram eləyə bilməzsan,
Qadına diqqət lazımdı –
"Qaaa...” deyəndə – ət,
"Quuu...” deyəndə su verəsən gərək.

Şəmistan Nəzirli

Hamı Şəmistan Nəzirli olmayacaq ki!
Tiflis arxivlərinin kifli künc-bucağında, –
Toz dumanın içindən
Tapıb, bərpa eylədi
İtkin təvəllüdünü ordumuzun!
Unudulub, yad olmaqdan qurtardı
Döyüş qeyrətini yurdumuzun!
Kitablar yazdı hərb tariximizdən...
Oxuyun, görün, nədi?
Hərəsi bir salnamədi!

Hamı Şəmistan Nəzirli olmayacaq ki!
Yanını stol,
Barmağını qələm aparıb.
Ad-san, şan-şərəf uğrunda
Nə cəhd eləyən görmüşük,
Nə qulağımıza gəlib səsi!
Hələ də nə "Əməkdar”ı var,
Nə "Tərəqqi”si.

Ey qadın!

Hər şey bahalaşdığı vaxtda,
Ucuz olmağın zamanı da gəldi.
Qafiyəsevər şairin diliylə desək,
Dövrün yamanı da gəldi.

Tula sədaqətinə layiq deyil kişilər,
Bir əlli tutmayın onları.
Hər görüşdən qabaq
Qoşatəpiyə qalxasan gərək!

Gözəllik

Qışın da, rəhmətlik Qudyal xalamın əri
Qurban dayı demişkən, "əcnaf” işləri çoxdu –
Pal-paltara bürüb-bükür qadın gözəlliyini!

Baba-nəvə

–Nə çox çıxırsan eşiyə gecələr, baba?
–Bələyimi dəyişir anam, ay bala!

Deyirsən

–Pencəyin köhnəlib, baba!
–Özüm də köhnəlmişəm!
–Pulun yoxdu bəyəm sənin?!
–Çölə atım, deyirsən?!

Doğmalıq

Bir kiçik arealdı doğmalıq,
Atayla-anayla başlayır sərhəddi,
Oğul-uşaqdan o yana keçmir...
Nəvə-nəticə xoş bir ünsiyyətdi.

Köpək

Heyvərə bir köpək
Kişi ədasıyla keçirdi küçəni,
Hikkəsindən
Sağ-soluna baxmağı da unutmuşdu.
Yanıyca bir xanım yeriyirdi –
Xaltasından tutmuşdu.

Müti

Cavan bir kişi dayanmışdı əli qoynunda,
Üzünə baxdım – ot kimi basmışdı qayğı.
Əllərinə baxdım – çəkic kimi
Düyünlənmişdi yumruqları.
Cəsarətdən çox ümidsizlik vardı,
Mütilik vardı hər biri
Uşaq başı boyda olan bu yumruqlarda!

Bir qucaq...

Bir para söz var boğazdan yuxarı –
Yığıb məni boğaza:
–"Can!”…
–"Sevirəm”…
–"Öpdüm”…
Vaxt vardı,
Fil çəkə biməzdi bu sözlərin birini,
İndi bir əlcə yun qədər də deyil.

Axı

Qəzetlər yazır, ağız-azğıza verir saytlar:
"Xaricilər qızışdırır radikal müxalifəti:
–Niyə az pensiya alırsınız?!
–Niyə uşaq pulu vermirlər sizə?!
–Niyə məvacibiniz aşağıdı?!
–Niyə neft pullarından pay düşmür
Hər birinizə?!”
Qəzetlər yazır, ağız-azğıza verir saytlar:
"Xaricilər qızışdırır radikal müxalifəti...”
Gözümüz kordu axı!
Qulağımız kardı axı!
Dilimiz laldı axı!

Böhran

Elə ki, oxuyub-yazmaqdan qalıram,
Olan-qalan hörməti də
Düşür gözümdən həyatın.
Onda qapını açıb,
Girirəm kitablarımın arasına.
Birini götürüb,
Birini qoyuram,
Xəstə uşaq yeməyi didələyən kimi
Bir kitabdan bir söz oxuyuram,
O birindən bir cümlə.
Bir başqasından bir abzas,
Daha bir ayrısından bir vərəq.
Onda ayılıram ki,
Hansısa kitab alıb aparıb məni.