adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Dekabr 2019 15:04
13873
MƏMLƏKƏT
A- A+

Səxavət Məmməd: Mən niyə müsabiqələrə yazı vermirəm

Bu günə qədər cəmi bir dəfə müsabiqəyə yazı vermişəm, onda da qurumun mətbuat xidməti zəng edib dedi ki, yaxşı çıxmayıb, üstü örtülü niyə yazmısan, açıqca ana-bacı söyüşü də yazardın da.
Müsabiqələrə yazı verməyə qarşıyam. Səbəb təkcə obyetivliyin olmaması, hərənin öz adamını önə çəkməsi deyil.

Misal üçün Müdafiə Nazirliyi müsabiqə elan edir. Mövzular içərisində eləsi olur ki, düşünmədən, dəqiqləşdirmə aparmadan, birnəfəsə yazaram. Ancaq yazmıram. Səbəb - Müdafiə Nazirliyininfəaliyyətindən narazıyam. Fəaliyyətindən narazı olduğum qurumun yazı müsabiqəsinə qatılmaq ən yüngül formada özünə hörmətsizlikdir. Baxıram, adamlar var ki, sosial şəbəkədə, hətta mətbuatda bir qurumu yıxıb sürüyür, sonra o qurumun müsabiqəsinə yazı verir, canım sənə desin, səfərlərində iştirak edir. Vur öldür, bunu anlamıram.

Bir də, bir qrup jurnalist var ki, iqtisadiyyatdan müsabiqə elan edilir, ora yazı verirlər, səhiyyədə də oradadılar, hərbdən də yazırlar, sosialdan da həmçinin. Məktəbdə oxuyanda bir müəllimim dedi, yaxşı ki, Nizami Gəncəvi poemalarında, qəzəllərində qaçmaqdan yazmayıb, yoxsa bəziləri deyərdi, Nizami Gəncəvi yüngül atletik olub. İndi harada müsabiqə var, həmin adamlar orada bitirlər.

Bu, həm də onun göstəricisidir ki, Azərbaycan mətbuatında ixtisaslaşma sıfıra bərabərdir.
Götürək dünən keçirilən müsabiqəni. Müsabiqə zamanı verilən açıqlamaları oxuyuram, adamı gülmək tutur. Biri deyir, elə, biri deyir belə, nəticə də olur elə-belə.

Bunu anlayın ki, sizi sevmirlər, obyektivliyiniz yekə bir nida (sual yox, sual dövrü çoxdan keçib) altındadır. Belə müsabiqələrə yazı verib rəngarənglik qatmaqdansa, yazmayın, qoyun məhəlli matçı oynasınlar.