adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Dekabr 2019 11:37
31257
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DAĞLAR,MƏNİ GÖZLƏMƏYİN...

Üzümü sizə tutmuşam,
Ot bitən - izə, tutmuşam...
Dərdimi üzə tutmuşam -
Dağlar, məni gözləməyin...

Çax-çaxam - baş ağrıdıram
Yerdən qoymur, ağrı, duram!
Ömrü boşa bağırdıram -
Dağlar, məni gözləməyin!

Qəlbimdən axan qara qan
Yaradı vallah, yara, qan!
Bezibdi məndən Yaradan -
Dağlar, məni gözləməyin!..

Dizimdən təpər, candan qor
Tükənir, artır gözdə tor!
Məni həmənki kimi gör! -
Dağlar, məni gözləməyin...

Bir qərib ahdı çəkilən
Qəmli, şər vaxtı çəkilən!
Çarmıxa baxdı - çəkilən,
Dağlar , məni gözləməyin!

Özümü yenib, gələcəm...
Şam kimi sönüb, gələcəm!
Ruh kimi dönüb, gələcəm -
Dağlar, məni gözləməyin!