adalet.az header logo
  • Bakı 20°C
20 Dekabr 2019 07:16
43984
ƏDƏBİYYAT
A- A+

“Niyə düşmən kəsilmişik Hamı qardaş olsa da?!” - Rəşad Məcid yazır

Yarım əsrdən çoxdur, Ramiz Rövşənin şeirləri ən müxtəlif sənət sahiblərinin, onun poeziyasını sevənlərin dilində bir-birindən tam fərqli şəkildə səslənir. Ramiz Rövşən poeziyasına hərənin öz baxışı və təbii ki, bu baxışdan doğan öz ifa tərzi var. Heydər Əliyev sarayında dünən axşam keçirilən "Qəfil gün doğsa bir gecə” adlı möhtəşəm konsertdəki təxminən iki min nəfərə yaxın tamaşaçı Ramiz Rövşən sözünün sehrinə düşmüşdü. Ola bilsin, dəvət olunanlar da vardı, amma bu insanların hamısı Ramiz Rövşən şeirinin işığına toplaşmışdı.

Bu konsertdə Ramiz Rövşən poeziyası bir başqa aurada təqdim olundu. Ola bilər, bu, kiminə təzə, kiminə də şairin söz dünyasına indiyəcən gördüklərindən tam fərqli yanaşma təsiri bağışladı. Amma bütün hallarda böyük, möhtəşəm salondakı iki minə yaxın insanı Onun sirli-sehirli poeziyası bir yerə yığmışdı.

"Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimovun, "Savalan” qrupunun bədii rəhbəri İffət Əsgərovun bəstələdiyi mahnılar Ramiz Rövşən yaradıcılığına yeni baxış idi. Xalq artisti Nəzakət Teymurovanın içdən, ürəkdən ifasında sənətkar kimi peşəkarlıqdan başqa, həm də onun Ramiz Rövşən poeziyasına xüsusi sevgisi və rəğbəti hiss olunurdu. Əməkdar artist Ehtiram Hüseynovun ifalarında Ramiz Rövşən poeziyasına müraciət etməsini çox görmüşəm. O, həmişə Ramiz Rövşən yaradıcılığına məxsusi sevgisiylə seçilib və mahnıları hər zaman zövq verib. Təəssüf ki, bu konsertdə Ehtiramın xəstəhal olduğu hiss olunurdu. Amma sağlamlığındakı problemə rəğmən konsertdə sona kimi ifa etdiyi gözəl mahnılarla o sevginin daha bir nümunəsini göstərdi.

Belə bir konsert proqramının ərsəyə gəlməsinə görə, rejissor Mir Sahib Ağazadənin böyük zəhmətini isə ayrıca qeyd etmək lazımdır. Təsadüfi deyildi ki, konsertin sonunda çıxış edən Ramiz Rövşən mərhum rejissor Vaqif İbrahimoğlunu xatırladı. Ötən əsrin 90-cı illərində Vaqif İbrahimoğlu rəhbəri olduğu "YUĞ” teatrında şairin şeirlərindən ibarət qeyri-adi tamaşalar səhnələşdirmişdi. Konsertin rejissoru Mir Sahibin quruluşunda da "YUĞ” estetikası hiss edilirdi. İki saat ərzində məhz səhnədəki dinamikanın, hərəkətliliyin sayəsində heç bir darıxmaq olmadı. Fərqli janrlarda rəngarəng musiqi nömrələri gecəyə bir ayrı sehr qatdı. Həm xalq musiqisi, həm muğam, həm rep və rok çalarlı elementləri, tamaşa estetikası Mir Sahib Ağazadənin yozumunda həllini çox gözəl tapmışdı.
Bu konsert proqramı bir yandan, əvvəldə dediyimiz kimi, Ramiz Rövşən şeirlərinin bir ayrı formada təqdimatı, bir yandan da fərqli düşüncəyə sahib insanların təxminən yarım əsrdən bəri öz ürəklərində qoruyub saxladıqları ədəbiyyat, söz sevgisinin təntənəsi idi. Fikrimcə, son illər Azərbaycanda sözün, şeirin belə fərqli təqdimatı olmayıb, ən azından, mənim yadıma gəlmir. Uzağa getməyək, təxminən bir il-ilyarım qabaq belə möhtəşəm salonda belə bir tədbirin keçirilməsi real görünmürdü. Bu mənada, indi şairin səhnədən, ifaçıların dilindən səslənən bu misraları bir başqa anlam ifadə edirdi:

Xarabadı bu ev-eşik,
Daş üstə daş olsa da.
Niyə düşmən kəsilmişik
Hamı qardaş olsa da?

Ya da:

İt olub hürmədik Aya,
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş.

Və yaxud da:

Ağrımaz bir ağrımızla,
İşi yoxdu ağlımızla,
Ağzımızla-burnumuzla,
Başımızı qatan güzgü.

Ramiz Rövşən poeziyasının bu nümunələrinin indi o möhtəşəm salonda səslənməsi həm də bu gün cəmiyyətdə yaranmış müəyyən nəfəs genişliyinin təcəssümü idi və müsbət ovqat yaradırdı.
Bəzən səhnədə ifa vaxtı müğənnilərin dilindən şairin şeirlərindəki müəyyən söz və misralar tam aydın başa düşülməyəndə o şeirləri zaldakı tamaşaçılar öz-özlərinə pıçıldayırdılar. Mən son illər heç bir şairə insanların bu qədər böyük sevgisinin şahidi olmamışdım. Bu böyük sevgiyə görə Ramiz Rövşəni təbrik edirəm!..