adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Dekabr 2019 11:34
76545
MƏDƏNİYYƏT
A- A+

Səhnədə “Qış karnavalı”dır

Cari repertuar tamaşaları ilə yanaşı Yeni il münasibətilə də hər dəfə yeni tamaşa hazırlayan və bayram günlərində tamaşaçılarına sevinc bəxş edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə "Qış karnavalı” hazırlayıb.

Bayramın xoş əhvalını səhnədən hiss etdirmək üçün yeni ilin əsas personajları və bizi nağıllar aləminə səyahətə dəvət edəcək sevimli qəhrəmanlarımız kuklaçıların karnavalında bir araya gələcək.

Belə ki, uşaqlara bayramların birlikdə zaman keçirmək, canlı ünsiyyət üçün fürsət olmasını xatırlatmağa çalışan tamaşa heç bir kompyuter oyunu, mobil əyləncə vasitəsinin onların səs-küylü əyləncəsindən üstün olmadığını göstərir.

Müxtəlif xalqların nağıl qəhrəmanlarının, müasir animasiyanın bizlərə sevdirdiyi personajların simasında uşaqlara, eləcə də böyüklərə birlik, həmrəylik, səmimi ünsiyyət və sevgi tərənnüm edən tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün dörd seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla tamaşaçıların ixtiyarına veriləcək.

Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli kukla tamaşası rəngarəng səhnə tərtibatı, karnaval üslubunda həlli ilə maraqlıdır.

Teatrın aparıcı aktyorlarının rol aldığı tamaşada fərqli texnikalarda hazırlanmış kuklalarla yanaşı canlı planda oyun da göstəriləcək. Belə ki, səhnə işində musiqilərlə yanaşı rəqs nömrələri də üstünlük təşkil edəcək.

Qeyd edək ki, dekabrın 20-dən satışa çıxarılacaq biletlərin qiyməti 3 manatdır və yalnız teatrın kassasından əldə etmək olar.