adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Dekabr 2019 12:31
90311
MƏDƏNİYYƏT
A- A+

Zamanın kəsiyində

Bir-birindən maraqlı, orjinal və böyük yaradıcılıq yolu keçən Azərbaycan teatrlarının tarixinə nəzər salarkən Qazax Dövlət Dram Teatrının zəngin yaradıcılıq irsi maraq doğurur. Belə ki, ötən SSRİ məkanında kollektivləşmə siyasəti başlayanda dövlət özünün ideologiyasını gücləndirmək və eyni zamanda rayon mərkəzlərində, kolxozlarda və sovxozlarda mədəni xidmətin səviyyəsini artırmaq məqsədilə müəyyən tədbirlər planı hazırladı. Bunlardan biri də Xalq Komissarları Sovetinin Dövlət Səyyar Kolxoz və Sovxoz Teatrı yaratmaq barədə qərarı idi. 1934-cü ilin əvvəllərində məhz belə bir teatr Bakıda yaradıldı və xüsusi nizamnaməsi təsdiqləndi. Bu zaman isə yaradılan teatrın öz iş prinsipinə uyğun olaraq aprel və may aylarında truppa yığılar, əsasən, bir pərdəli kollektivləşməni təbliğ edən dramlardan, sosializm quruluşuna mane olan ünsürləri tənqid edən komediyalardan ibarət repertuar təsdiqlənərdi. Beləliklə müxtəlif dram dərnəklərindən, Akademik Teatrının həmçinin Gənc Tamaşaçılar Teatrının yardım heyətindən ibarət tərtib olunan truppa yeni tamaşaları hazırlayar və iyun ayında rayonlara səfərlərə çıxardılar. Qeyd etmək lazımdır ki, Ələsgər Şərifov ilk dəfə olaraq bu teatra rejissor olaraq təyin edilib. Adətən ənənvi olaraq bu teatr sentyabrın axırlarında və noyabrın əvvəllərində xüsusi əmrlə ləğv edilir və növbəti ilin yaz aylarında yenidən təşkil olunurdu. Hər dəfə də direktorun təyin olunması barədə əmr verilir və sonra müqavilə əsasında aktyor heyyətinin üzvlərinin işə qəbulu həyata keçirilirdi. 5 avqust 1939-cu ildə Azərbaycan Xalq Komissarları Sovetinin 3649 saylı qərarı ilə Bakıdakı Səyyar Kolxoz və Sovxoz Teatrı Şəmkir rayonuna köçürülüb. Şəhərdəki Alban kilsəsi təmir olunub və rekonstruksiya olunaraq oktyabr ayında bu teatrın sərəncamına verilib.

1932-cü il dekabr ayının 15-dən Gəncədə Türk İşçi Dövlət Dram Teatrı, 1935-1936-cı illərdən Şəkidə Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. 1937-1938-ci illərdə Qaryagində (indiki Fizuli rayonunda), Ağdamda, Şamaxıda, Şuşada, Lənkaranda, Qazaxda, Qubada, Ağdaşda təxminən eyni ştatda Dövlət Kolxoz və Sovxoz teatrıları yaradıldı. Bu teatrların truppaları yerli həvəskarlardan, həmçinin Bakı Teatr Məktəbinin (Texnikomunun) məzmunlarından və Bakıda fəaliyyət göstərən aktyorların müəyyən qüvvələrinin iştirakı ilə təşkil olunurdu. Bu dövrdə kollektivlər əlverişsiz binalarda yerləşdirilir, tamaşaçı salonları çox kiçik olmaqla səhnənin texniki imkanları demək olar ki, yox dərəcəsində olurdu. Səhnə tərtibatlarının əksəriyyəti isə bu sahədə heç bir səriştəsi olmayan yerli həvəskarlar tərəfindən verilirdi. Bakı teatrlarında fəaliyyət göstərən sənətkarların əksəriyyəti vaxtaşırı rayonlara ezam edilir və burada kollektivlərə yaradıcılıq yardımı göstərərək repertuarda olan tamaşalarda iştirak edirdilər.

1943-cü ilin payız mövsümündə hökümətin qərarı ilə bütün rayonlarda Kolxoz və Sovxoz Teatrları ləğv olunaraq onların bazasında Dövlət Dram Teatrları yaradıldı. Bir müddət sonra Şuşa Teatrı "Dövlət Musiqili Dram Teatrı” adlandırıldı və Üzeyir bəy Hacıbəylinin adı verildi. Daha sonra Qaryagin (Fizuli) Teatrı Hüseynqulu Sarabskinin, Şəmkir Teatrı Mirzağa Əliyevin, Qazax Teatrı Səməd Vurğunun, Ağdam Teatrı Əbdürrəhim bəy Haqverdiyevin, Quba Teatrı Abbasqulu ağa Bakıxanovun, Şamaxı Teatrı Seyid Əzim Şirvaninin, Ağdaş Teatrı isə Nəcəf bəy Vəzirovun adlarını daşıdı. Artıq dövlət statuslu teatrlarda əsasən səriştəli baş rejissorlardan sayılan Yusif Yulduz, Məcid Zeynalov, Ağəli Dadaşov, Əsəd Cəfərov kimiləri baş rejissor işləyir, ya da dəvətlə müxtəlif janrlı tamaşalara quruluşlar verirdilər. Bu dövrdə teatr məktəbi kurslarının hesabına ilbəil peşəkar aktyorların sayı da artırılırdı. Hətta 1942-ci ildə Bakıda iki aylıq aktyorluq kursu açılaraq məvacib almaqla yerlərdən gələn həvəskarlar burda müəyyən təcrübə keçə bilirdilər. Bu illərdə Mədəniyyət Nazirliyi olmadığından fəaliyyət göstərən dövlət statuslu teatrlar Xalq Maarif Komissarlığı tərkibində İncəsənət İşləri İdarəsinə tabe idi. Bu illərdə İncəsənət İşləri İdarəsi inzibati tabeçilikdən əlavə bütün teatrların repertuar təşkilini də mərkəzləşdirmişdi. Bu məqsədlə Bakı teatrlarında oynanılan orijinal və tərcümə əsərlərinin nüsxələri çoxaldılır, siyahısı tərtib olunur və ildə iki dəfə rayon teatrlarına göndərilirdi. Bəzən əsərləri Bakıda oynanılmayan və yaradıcılıqlarının ideoloji yönümü aydın olan Rza Şahvələdin "Qız qalası”, Həsən Qasımovun "Kür sahilində”, Ağasəlim Manaflının "Yasəmən”, Əzizağa Məmmədovun "İki cəbhə”, Səttar Axundovun "Bayram günü”, "Çətin dərə”, Rza Təhmasibin təbdil etdiyi "Fəlsəfə Kərim”, Qurban Musayevin "Hücum” və digər bu səpkili pyesləri də teatrlarda oynanılırdı. Demək olar ki, bu dövrdə hazırlanan tamaşalarda müəyyən il fərqləri olsa da teatrların hamısında repertuarda olan əsərlər eynilik təşkil edirdi. Bu dövrdə repertuar planı üç prinsip üzrə qurulurdu: milli klassik və çağdaş dramaturqların əsərləri, tərcümə pyesləri, opera və operettalar. Müəyyən istisnalarla bütün teatrların repertuarlarında M. F. Axundzadəninin "Hacı Qara”, "Müsyo Jordan və Dərviş Məstəli şah”, N. B. Vəzirovun "Hacı Qəmbər”, "Müsibəti-Fəxrəddin”, "Ağakərimxan Ərdəbili”, Ə. B. Haqverdiyevin "Pəri-Cadu”, "Bəxtsiz cavan”, "Dağılan tifaq”, S. S. Axundovun "Tamahkar”, "Eşq və intiqam”, C. Cabbarlının "Sevil”, "Almaz”, "Aydın”, "Oktay Eloğlu”, "Od gəlini”, "1905-ci ildə”, C. Məmmədquluzadənin "Ölülər”, S. Rəhmanın "Toy”, "Xoşbəxtlər”, S. Vurğunun "Vaqif”, "Fərhad və Şirin”, Z. Xəlilin "Qatır Məmməd”, M. İbrahimovun "Həyat”, "Məhəbbət”, M. Təhmasibin "Bahar”, "Aslan yatağı”, G. Mdivaninin "Vətən namusu”, J. B. Molyerin "Cancur Səməd”, U. Şekspirin "Otello”, C. Qou və Arno D Nyussonun "Dərin köklər” dramlarının tamaşaları maraqla baxılan səhnə quruluşlarındandır. Bu illər ərzində teatrlarda xalq artistləri Muxtar Avşarov, Barat Şəkinskaya, Gurcustan Respublikasının xalq artisti İbrahim İsfahanlı, əməkdar artistlər Rüxsarə Ağayeva, Əliheydər Həsənzadə, Vahid Əliyev, rəssamlardan Əbdülağa Kazımov, Alyoş Məmmədov və başqaları fəaliyyət göstəriblər.



1948-ci ilin sonlarında SSRİ-nin qərarı ilə bütün dövlət teatrları hökümətin dotasiyasından (maliyyə yardımından) azad olunaraq özünümaliyyələşdirmə sisteminə keçirildi. Bu məqsədlə mövcud maddi-texniki təchizatla bağlı olaraq İncəsənət İşləri İdarəsi yeni ildən etibarən Ordubad Teatrının Naxçıvanla, Ağdaş və Şamaxı teatrlarının Göyçayla, Şuşa Teatrının Ağdamla, Zaqatala Teatrının Şəki ilə, Səlyan Teatrının Sabirabadla, Şəmkir Teatrının isə Qazaxla birləşdirilməsi haqqında əmr verdi. Məqsəd bu teatrları birləşdirməklə maddi-texniki bazaları və aktyor heyətinin gücləndirilməsi ilə daha güclü teatrların yaradaılmasından ibarət idi. Ancaq bu addım heç də özünü doğrultmadı, əksinə bir sıra teatrların tamamilə ləğvinə gətirib çıxardı. Bir-birinin ardınca 1948-1949-cu illərdə Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala, Göyçay, Ağdaş, Lənkəran, Bərdə, Ordubad, Salyan, Sabirabad teatrları bağlanıldı. Qaryagin (Fizuli) Teatrı öz fəaliyyətini 1951-1952-ci il teatr mövsümündə, Quba Teatrı isə qısa fasilələrlə 1963-cü ildə ləğv edildi.

Uzun fasilədən sonra 1967-ci ildə İrəvan, 1968-ci ildə Ağdam, 1974-cü ildə Şəki, 1973-cü ildə Lənkaran, 1988-ci ildə Qazax, 1989-cu ildə Fizuli, daha sonra isə Şuşa teatrları yenidən Dövlət statusu ilə bərpa olunub fəaliyyətə başladılar. 40 illik fasilədən sonra, nahayət 1988-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Qazaxda yenidən Dövlət Dram Teatrı yaradıldı. Daha doğrusu, bərpa edildi. Teatr 1989-cu il mövsümündə baş rejissor, xalq artisti Zülfüqar Abbasovun quruluşunda xalq şairi Bəxtiyar Vahabzadənin "Dar ağacı” tarixi faciəsi ilə tamaşaçıların yenidən görüşünə gəldi. İlk səhnə quruluşu respublikanın mədəni həyatında çox böyük rezonans doğurdu. Qazax Dövlət Dram Teatrı öz yaradıcılıq ənənələrinə hər zaman sadiq qalaraq klassik Azərbaycan, dünya və rus dramaturgiyası nümunələrinə müraciət etməklə maraqlı səhnə əsərlərini təqdim edə bilib. Bu illər ərzində xalq artisti Zülfüqar Abbasov (1988 sentyabr – 1993 iyun), Əhməd Əhmədov – (1950-2000 və 2000-2014), əməkdar artist Musa Eyyubov (2014 noyabr ayından– hal- hazıradək) kimi istedadlı rejissorlar çalışmaqla maraqlı və bitgin səhnə traktofkaları ilə diqqəti cəlb edə biliblər. Həmçinin Fərman Rzayev (1988 sentyabr -1989 mart), Heydər Qasımlı (1989 mart -1992 iyul), Ayət Həsənov (1992 iyul -1993 iyul), Firudun Aşurov (1993 iyul – 1997 fevral), Tariyel Qasımov (1997 fevral -1998 fevral), Pəri Məmmədova (1998 may - 2001 may) kimi şəxslər bu teatra direktor, bədii-rəhbər və direktor olaraq rəhbərlik ediblər. 2001-ci il may ayından isə Saqif İskəndərov Qazax Dövlət Dram Teatrına rəhbərlik edir.

Qeyd etmək lazımdır ki, Saqif Sarı oğlu İskəndərov Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissoru” fakültəsini fərqlənmə diplomu ilə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Özfəaliyyət teatr kollektivlərinin rəhbəri” fakültəsini bitirib. 1988-ci ildən Qazax Dövlət Dram Teatrına dəvət olunub və 2001-ci ilədək aktyor kimi burada fəaliyyət göstərib. B. Vahabzadənin "Dar ağacı”da İbn Tahir, M. Hüseynin "Alov”da Fərhad Kamalov, Ş. Əliyevin "Molla Nəsrəddin və Əzrayıl”da Molla Nəsrəddin, Ş. Qurbanovun "Sənsiz”də Tərlan, İ. Qasımov və H. Seyidbəylinin "Sən nə üçün yaşayırsan”da Rüstəm, İ. Əfəndiyevin "Məhv olmuş gündəliklər”də Ədalət, Elçinin "Dəlxanadan dəli qaçıb”da Baş redaktor, "Qatil”də Gənc kişi, Ə. Əmirlinin "Onun iki qabırğası”da Səyyad, M. F. Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah”da Dərviş, S. S. Axundovun "Tamahkar”da Hacı Murad, H. Mirələmovun "Xəcalət”də Murad, Ə. Əmirlinin "Kişi və qadın”da Əvəz, O. Kamalın "Yad qızı”da Məzhər bəy, B. Vahabzadənin "Kimdir haqlı”da Rəşad obrazları maraqla qarşılanan surətlərindəndir.

Saqif İskəndərov eləcə də rejissor kimi Elçinin "Qatil” (2006) və Ə. Orucoğlunun "Sonuncu seriya” (2017) pyeslərinə quruluşlar verib. Həmçinin 1989-cu ildə C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında xalq yazıçısı Y. Səmədoğlunun ssenarisi əsasında quruluşçu rejissor Gülbəniz Əzimzadənin çəkmiş olduğu iki hissəli "Qətl günü” bədii filmində çəkilib.

Qazax Dövlət Dram Teatrının baş rejissoru, respublikanın əməkdar artisti Musa Eyyubovun da fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. O, 1977-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. 1976-cı ildən Gənc Tamaşaçılar Teatrında rejissor köməkçisi olaraq əmək fəaliyyətinə başlayıb və 1986-cı ilədək rejissor assistenti və truppa müdiri kimi fəaliyyət göstərib. 1986-1988-ci illərdə Qazax rayon Xalq Teatrında rejissor, 1988-ci ildən isə Qazax Dövlət Dram teatrında müxtəlif vaxtlarda aktyor, musiqi hissə müdiri, sərəncamı direktor, quruluşçu rejissor və 2014-cü ildən isə baş rejissor vəzifəsində çalışır. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. O, teatrın səhnəsində İ. Əfəndiyevin "Sən həmişə mənimləsən”, Elçinin "Qatil”, "Cəhənnəm sakinləri”, M. Baycıyevin "Duel”, "Ər və arvad”, Y. Əzimzadənin "Nəsrəddin”, V. Səmədoğlunun "İntihar”, H. Mirələmovun "Xəcalət”, F. Mustafanın "Neytral zona”, O. Altunbayın "Gecə yarıdan keçəndə”, Ə. Orucoğlunun "Sonuncu seriya”, İ. Fəhminin "Son reportaj” pyeslərinə quruluşçu rejissor olaraq maraqlı səhnə həyatı bəxş edə bilib.

Bu gün Qazax Dövlət Dram Teatrında repertuar siyasətinin təşkili və həyata keçirilməsində bədii şura üzvlərinin fikirləri əsas götürülürməklə repertuara daxil olan əsərlər daha aktual və müasir dövrümüzlə səsləşən pyeslər olaraq təqdim edilir. Teatrın səhnəsində Ə. B. Haqverdiyevin "Kimdir müqəssir” (rejissor, əməkdar artist Vidadi Əliyev), M. F. Axundzadənin "Xırs quldurbasan” (rejissor, xalq artist Firudin Məhərrəmov), S. S. Axundovun "Tamahkar” (rejissor, əməkdar artist Loğman Kərimov), Ə. Əmirlinin "Kişi və qadın” (rejissor, xalq artisti Zülfüqar Abbasov), İ. Əfəndiyevin "Sən həmişə mənimləsən” (rejissor, əməkdar artist Musa Eyyubov), Elçinin "Cəhənnəm sakinləri” (rejissor, əməkdar artist Musa Eyyubov), H. Mirələmovun "Xəcalət” (rejissor, əməkdar artist Musa Eyyubov), C. Cabbarlının "Solğun çiçəklər” (rejissor, xalq artisti Zülfüqar Abbasov), İ. Coşqunun "Ana laylası” (rejissor Allahverdi Musayev), Ə. B. Haqvediyevin "Bəxtsiz cavan” (rejissor Allahverdi Musayev), M. Baycıyevin "Toy günü ayrılıq” (rejissor, əməkdar artist Musa Eyyubov), Ə. Orucoğlunun "Sonuncu seriya” (rejissor Saqif İskəndərov), V. Hüqonun "Edam məhkumunun son günü” (rejissor Allahverdi Musayev), V. Səmədoğlunun "İntihar” (rejissor, əməkdar artist Musa Eyyubov), Ə. Orucoğlunun "Pul dəlisi” (rejissor Allahverdi Musayev), İ. Fəhminin "Son reportaj” (rejissor, əməkdar artist Musa Eyyubov) pyesləri maraqla baxılan və uğurlu rejissor traktofkası olaraq diqqət mərkəzində olmağı bacaran səhnə əsərlərindəndir. Yaradıcı kollektiv həmçinin mütəmadi olaraq yerli müəlliflərin də pyeslərinə müraciət etməklə bu sahədə kadr potensialının yetişməsində fəallıq göstərir. Belə ki, M. Hüseynin "İntizar” (rejissor Zülfüqar Abbasov), "Alov” (rejissor Rafiq Əliyev), V. Səmədoğlunun "Mamoy kişinin yuxuları” (rejissor Əhməd Əhmədov), "İntihar” (rejissor Musa Eyyubov), H. Qasımlının "Akademik kürəkən” (rejissor Musa Eyyubov) pyesləri bu tip quruluşlar silsiləsinə daxildir. Yaradıcı kollektiv növbəti 2019-2020-ci teatr mövsümündə R. Ağayevin "Bir gecənin nağılı” (rejissor Musa Eyyubov), M. Baycıyevin "Duel” (rejissor Allahverdi Musayev), K. Həsənovun "Sehirli yaylıq” (rejissor Musa Eyyubov) və A. Kamyunun "Yad” (rejissor Allahverdi Musayev) pyeslərinin yeni quruluşları ilə teatrsevərlərin görüşünə hazırlaşır.

Yaradıcı kollektiv həmçinin Beynəlxalq miqyaslı və Respublika daxili Teatr Festivallarında da uğurla iştirak edib. Belə ki, III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Elçinin "Cəhənnəm sakinləri” pyesi ilə, 2007 və 2009-cu il "Yeni Teatr” Respublika Festivallarında həmçinin 2012-ci ildə M. F. Axundzadə Festivalında iştirak edib. 2019-cu ilin dekabr ayında Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 2+1Eksperimantal Tamaşalar Festivalında da iştirak edilməsi planlaşdırılır. Yaradıcı kollektivlə çiyin-çiyinə teatrda iki respublikanın əməkdar artisti fəxri adını daşıyan və səkkiz nəfər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi Fəxri mədəniyyət işçisi adına layiq görülən sənətkarlar fəaliyyət göstərirlər. Rəhbərlik həmçinin gənc kadr potensialının yetişdirilməsi üçün də səylə çalışır. Belə ki, hər hansı bir Teatr studiyası olmadığından gənc kadrların cəlb olunması Bakı Dövlət Universitetinin Qazax filialından və kollecdə təhsil alan tələbələrin arzuları nəzərə alınmaqla reallaşdırılır.

Bu gün təəssüflə qeyd etmək istərdim ki, nədənsə 2013-cü ildən bu teatra dövlət sifarişi ilə hər hansı bir pyesin hazırlanması tapşırılmır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında məlum sərəncamı ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Dövlət Dram Teatrına 100 (yüz) min manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu tarixi sərəncamdan sonra teatrın yerləşdiyi inzibatı binanın iş və qrim otaqları əsaslı şəkildə təmir olunaraq yeni mebel avadanlıqları ilə təchiz edilib. O cümlədən rekvizit, kostyum və işıq sexləri tamamilə yenidən qurularaq səhnə işıqları və səs sistemləri ən müasir avadanlıqlarla təchiz olunub.

Anar Burcəliyev

Teatrşünas