adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Dekabr 2019 14:24
13671
MƏMLƏKƏT
A- A+

Nazir: Beynəlxalq qiymətləndirmələrdə çox yüksək yer tutmamağımız tənqidlərə səbəb olur

Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması iştirak etməmək üçün əsas gətirilə bilməz.

Bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrdə bütün ölkələr iştirak etmir. Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər.

Nazir hesab edir ki, bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir: "Həmin beynəlxalq qiymətləndirmələrin nəticələrinin sıralamasında daha vacibi yer tutmağın analitik təhlili, buna səbəb olan amillər barədə ölkəyə təqdim edilən çox geniş materialların hazırlanmasıdır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

C.Bayramov qeyd edib ki, əsas məqamlardan biri də Azərbaycanın milli qiymətləndirmələri ilə beynəlxalq qiymətləndirmə standartları arasında fərqlərin olmasıdır: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanda təhsil sistemində istifadə etməkdir".