9 MiLYONLUQ YALAN AYAQ TUTDU, AMMA YERiMƏDi

AQİL ABBAS
48762 | 2011-10-06 08:16
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması təbii ki, bizi istəməyənləri bərk narahat edir. Hər vəchlə Azərbaycanı ləkələməyə çalışırlar. Amma nə "Wikileaks"ın şeytan ayələri, nə də digər təzyiq və böhtanlar Azərbaycanı tutduğu yoldan sapdıra bilməz. 9 milyon dollar söhbəti də nə təsadüfi, nə də elə-belə ortalığa atılmamışdı. Bi-Bi-Si bunu Azərbaycanda keçirilən Boks üzrə Dünya Çempionatının başlamasından bir gün əvvəl üfürmüşdü. Və bununla da həm Azərbaycanın inkişaf etməkdə olan idmanına, həm də ölkəmizdə keçirilən Dünya Çempionatına kölgə salmağa çalışmışdı. Çox təəssüf ki, bizim bəzi qəzetlərimiz də sevinə-sevinə bu böhtanı manşetə daşımışdı. Amma nəyə sevinirdilər, anlamadım.
   
   Və Azərbaycanın Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov da bir açıqlama vermişdi ki, bu, yalan və böhtandan başqa bir şey deyil və bu böhtanı atanlar da cavablarını alacaq.
   
   Eləcə də WSB-nın icraçı direktoru İvan Xodabəxş də bunun yalan olduğunu söyləmiş və deyilənləri təkzib etmişdi. Amma nədənsə pəyədəki eşşəyin səsinə inananlar əsl həqiqətə inanmaq istəmirlər.
   
   Buyurun, elə dünənki "Yeni Müsavat" qəzetində "Pulların Heydərovdan gəldiyinə dair sübutlar yoxdur" başlıqlı material dərc olunub. Məqalə nüfuzlu "The Foreign Policy" jurnalına istinadən yazılıb. Həmin jurnalın yazarı Karl Rehder araşdırma apararaq bildirir ki, Bi-Bi-Si-nin irəli sürdüyü ittihamlar dəlilsiz və sübutsuzdur. Yazır ki, "9 milyon dolların mənbəyinin Azərbaycan hakimiyyəti, yaxud yerli Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğuna dair ciddi sübut yoxdur".
   
   Dostlar, Bi-Bi-Si-nin dedikləri "Quran" ayələri deyil. Dövlətimizə, millətimizə, ölkəmizə atılan böhtanlara vaxtında cavab versək dövlətimiz üçün, millətimiz üçün, ölkəmiz üçün xeyirli olar və düşmən dəyirmanına su daşımarıq.

TƏQVİM / ARXİV