adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Məmməd dayıdan “bazarkomlar”a "tülkü" məsləhəti… - Əntiqə RƏŞİD yazır

Əntiqə RƏŞİD
81910 | 2019-12-19 08:49

Hələ yanğınlar başlamamışdan xeyli əvvəl bir tanışla marşrutda qarşılaşdıq . Çox əsəbi olması nəzərimdən qaçmadı. Səbəbini soruşmadım. Çünki, salam-kalamdan sonra özü başına gələnləri danışmağa başladı. Dedi ki, rayondan gəlirəm, burda topdansatışlardan ucuz geyimlər, ayaqqabılar, "şəp-şəplər”, corablar alıb, aparıram kəndimizə. Bir azda üstünə pul qoyub satıram camaatıma:”Vallah, nisyə də verirdim, 2005-ci ildən borclu olanlar var, hələ də, borclarını qaytara bilməyiblər.. keçirəm, nağayrım? Olsaydı yəqin ki, verərdilər. Hə, indi yenə gəlmişdim mal almağa elə qiymət oxudular ki, matım-qutum qurudu. Hansı bazara getdim, qiymətlər od tutub yanır, əl vurulası deyil. Ötən dəfə gələndə uşaq corablarının on beş dəstinə 7 manat vermişdim, indi on bir manat istədilər. Allahları yox, peyğəmbərləri yox, insafları yox... Bir belə xərc çəkib Bakıya gəlmişdim, mal da ala bilmədim. 610 manat gətirmişdim, 3 gündə pulun yarısı getdi. Indi neyniyəcəm bilmirəm. Ailəni nəynən saxlayacam, onu da bilmirəm. Ayaq basmadığım, ucuz mal axtarmadığım bazar qalmadı...”

Sonda əlacsız-əlacsız kəndə əliboş qayıdacağını deyib, gözünü bir nöqtəyə zillədi.

Aradan xeyli vaxt keçib. Bu müddət ərzində onu heç görmədim. Düzü, hec maraqlanmadım da. Amma bazarlar ard-arda yananda həmin qadın yadıma düşdü. Ürəyimdə yanan bazarların satıcılarını da, "bazarkom”unu da qiyabi formada xeyli qınadım. Qadın rayondan yollar basa-basa gəlmişdi. 610 manat da pul gətirmişdi. Nolardı, bir az aşağı qiymətə mal satsaydınız dünya dağılardı?

 

Elə beləcə düşündüyüm yerdə həmkəndlim Məmməd dayı yadıma düşdü, gülümsədim. İndi onun bir söhbətini sizlərə də danışım, sizdə gülümsəyin.

Bizim kənddə Məmməd adında adam çox olduğu üçün hərəsinin bir ləqəbi vardı. Bu Məmməd dayını "Güllü oğlu Məmməd” –deyə çağırırdılar. Ataları o vaxt müharibəyə getmiş anaları Güllü nənə 6 övladı çox çətinliklə böyütmüşdü. Nəisə, mətləbdən uzaqlaşmayaq. Məmməd dayı fərasətli, təsərrüfatcıl, qoçaq adam idi. Kolxozda işləməklə bərabər həyətində də toyuq-cücə, hind quşu, qaz-ördək saxlayardı. Kimin qonağı gəlsəydi, gedib Məmməd dayıdan qonağına kəsmək üçün qazdan – ördəkdən alardı, kişi bəslədiyi təsərrüfata o qədər ürəkdən qulluq edirdi ki, yetişdirdiyinin hamısı çəkisindən də ağır olurdu. Ən ucuz hind quşu 15-20 manata.

Xülasə, bir gün kəndə tülkü, çaqqal darışdı. Həyət- bacalarda toyuq –cücə, qaz-ördək, hind quşu qalmadı. Təbii ki, Məmməd dayının da təsərrüfatına ziyan dəydi.

 

Bir gün kəndin kişiləri görür ki, Məmməd dayı sevincək gəlir. Soruşurlar:

-Ay kişi, nolub? Niyə sevinirsən?

Deyir ki, təsərrüfatımda nə qədər quş qalmışdısa apardım hamısını satdım gəldim.

Bundan dilxor olan yaşlı kişilərdən biri-Gəray baba bu xəbərə təəssüflənir:

-Ay bala, niyə hamısını satdın? Neçəyə satdın ?–deyə soruşur.

-Gəray əmi, hinduşqaların birini 5 manata, ördəkləri 3 manata...

-Ay bala sən aparıb malını çölə atıb gəlmisən ki...

Bu cavabdan əsəbləşən Məmməd dayı Gəray babanın sözünü yarıda kəsib deyir:

-Gəray əmi, sən də elə söz danışırsan ki...Ucuz niyə olur? 3 manat da puldu də... Tülkü aparanda heç 10 qəpikdə vermirdi.

Yazıq qadın 610 manat verirdi də...

 

 

 

TƏQVİM / ARXİV