adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Dekabr 2019 09:40
15206
GÜNDƏM
A- A+

İlqar Kamil: Dünyaya Tanrının gözüylə baxmaq!

Dəniz deyərdilər, dəniz. Uşaqlara, nə qədər edərdimsə Volqaya çay dedirdə bilməzdim; əllərini ölçə-ölçə etiraz edərdilər:

Ay ta, bo boyda çay olar, çay olar?!

Və mən bu məsum etirazdan anlardım ki, ad, san, filan, hamısı boş şeydir, sən yetər ki, böyük ol, nəhəng ol, dərin ol, adın çay da olsa sənə dəniz deyəcəklər - səni dəniz kimi sevəcəklər...

Birdən oldu bu, qəfil oldu. Axşam-axşam hardansa göylər düşdü könlümə, açdım pəncərəmi, bağladım pəncərəmi, uzandım, qalxdım... bir də baxdım ki, kosmosdayam, Qaqarinlə bağlı sənədli film izləyirəm. Dəhşət idi, filmin sadəcə adında da ilişib qalmaq olardı:

"İnsan ilk dəfə yer kürəsinə Tanrının gözüylə baxacaq".

Dünyaya Tanrının gözüylə baxmaq!

Empatiyaların ən alisi, və...

Ən az etdiyimiz şey!

Bayaq bir əziz dostuma deyirdim, deyirdim ki, insanla Tanrının fikirləri əsasən bir şeyə görə kəsişir: Tanrı kartinanı (oxu: dünyanı) üstdən, bütün halda görür, insansa hissə-hissə, qırıq-qırıq. Bir çox anlaşılmazlıqların, etiraz və üsyanların səbəbi də məhz budur. İnsan bir bəla görən kimi dərhal gileylənir: ilahi, niyə filan işi elə elədin, axı belə olmamalıydı! Tanrı sakitcə cavab verir: əzizim, gözümün işığı bəndəm, sən dünyaya mən duran yerdən baxa bilsən anlardın niyə elə deyil, belə etdiyimi və bilərdin ki, gördüyün, əslində, bəla deyil. Yəqin, belə bir dialoq da keçərdi aralarında:

- Sənin kimi görə bilməkçün nə etməliyəm, Rəbbim?

- Böyüməlisən, bəndəm,
böyüməlisən!

Həə, əzizim, sonradan bilirəm ki, sən demə, "Sahilsiz təzadlar" romanının müəllifi də bu haqda danışıb, və məncə, daha qəşəng danışıb. Sitat: biz gərək o biri dünyanı da görək, gərək axirət dünyasını (yarıya bölünmüş almanı birləşdirən kimi) bu dünyayla birləşdirək, dünyayla axirətə birlikdə, bütün halda baxaq, yalnız onda bəlkə dərk edə bilərik olan-bitənlərin gerçək mahiyyətini... yalnız onda duyarıq Tanrını, və... günlərin bir günü yazarıq:

O qədər aydınsan ki,
Səni yanlış anlamaq da olmur.

Dedim axı, əzizim, dəniz deyərdilər, dəniz. Uşaqlara, nə billah, nə qədər edərdimsə Volqaya çay dedirdə bilməzdim...