“SƏSSİZ XATİRƏ” - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
68486 | 2019-12-17 17:13

Mənə görə hər bir sözə meyilli adamın özünəməxsusluğu olur. Kim onu hara yozur-yozsun bunun özü də bir Tanrı vergisidi! Yəni sözə könül verən elə həmin könül pıçıltılarının işığında da cəmiyyətdən, kütlədən bir addım uzaqlaşıb fərdləşir, Hamının adi saydığında alt qatları görür. hamının yanından biganə keçdiyi mənzərəyə bəzən heyrət, bəzən kədər , bəzən hətta qəzəblə baxır!.. Məhz bütün bunlar da zaman -zaman bədii sözə çevrilir. Deməli bütün bu fərdiliklər müxtəlif formalarda həm də sözə xidmətdi. Bunu da hər kəs öz istedadına və yaradıcılıq imkanlarına söykənərək edir. Söylədiyim fikirləri mətbuata çıxarmaqda , təbii ki , məqsədim var.

Yaxın günlərin söhbətidir, redaksiyamıza gəlmişdi. Dünyasını dəyişmiş dəyərli jurnalistlərimizdən biri, yaxşı tanıdığım Akif Şahverdiyevlə bağlı müəyyən xatirələri çözdük. Sonra öyrəndim ki, onun ilk müəllimlərindən biri mənim ən dəyərli dostlarımdan, tələbə yoldaşlarımdan olan tarix elmləri doktoru, professor Vaqif Abışovdur. Bax, bütün bunlar mənim Gülər xanıma olan diqqətimi bir az da artırdı. Necə deyərlər, doğmalıq münasibəti yaradıcılıq münasibətlərində öz təzahürünü birmənalı şəkildə büruzə verdi. Mən onun imzasına, elektron mediada yayımladığı yazılarına qarşı diqqətli olmağa başladım. Və günlərin birində də Gülər Eldarqızı Kənan Hacının redaktorluğu ilə işıq üzü görmüş "Səssiz xatirə” kitabını mənə bağışladı. Elə kitabın üz qabığında yazıldığı kimi bu kitab iki bölümdən ibarətdir . Onu birinci bölümündə Gülər Eldarqızının şeirləri, ikinci bölümündə isə hekayələri toplanmışdı. Çox qəribədir ki, kitabı oxumaq üçün açanda ilk qarşılaşdığım onun "Gəlləm” şeiri oldu. Həm adın, həm də mövzunun özünü cəlb etməsi öz işini gördü. Öncə bu şeiri oxudum. Gülər Eldarqızı yazır:


Sənə gələn yollarım,

Duman olsa da gəlləm.

Vüsalımız bir ümid,

Güman olsa da gəlləm.


Şeirin mövzusu elə ilk misradan özünü büruzə verir və ilk bənddəki səmimiyyət də şairənin, yəni Gülər Eldarqızının səmimiyyətini göstərir. Əslində adi, hər gün eşidib dilə gətirdiyimiz sözlər misralanaraq şeirə çevrilibdi. Bu da gənc həmkarımın artıq sözlə işləmək, sözü şeirə çevirmək bacarığından xəbər verir. Hiss olunur ki, o yaşadığı, könlündən, ruhundan keçirdiyi duyğuları qələmə alır. Ona görə də həmin şeirin sonunda vurğulayır ki:


Qələm olsun, bir varaq,

Bu şeir səsimizdi.

İstəmirəm təmtəraq,

Bir daxma bəsimizdir.


Buradan da ataların min illərdi dediyi və həyatın sübut etdiyi bir gerçəklik özünü təsdiq etmiş olur. Yəni həqiqi sevgi üçün bir ağac dibi də, bir kaha da saraydı. Elə bu şeirin təsiriylə Gülər Eldarqızının digər könül pıçıltılarını da gözdən keçirirəm. Etiraf edim ki, onun şeirlərində bir rəngarənglik, bir özünəməxsusluq var. Doğrudur, o, bütün bunları hələ tam, bitkin şəkildə cilalaya bilməsə də, amma həmin yolda israrlıdı. Bu daxili ehtiyac Gülər Eldarqızına imkan verir ki, duyğularını etirafa da çevirib yazsın:


Çiçək bilib könlünə,

Arı-kədər daraşar.

Bəlkə də sevənlərə

Elə həsrət yaraşar.


Təqdim etdiyim bu bəndin məndə yaratdığı ovqatın işığında daha bir şeiri oxuyuram, Və " Acı xatirə" adlanan bu şeir də məni ifadə etdiyi duyğulara bükür... Necə deyərlər , özümü yavaş- yavaş müəllifin təsir bucağında hiss edirəm, Ona görə ki, bu acı xatirələr çoxlarımıza tanış bir yaşamdı:


Acı xatirə də şirin dadarmış,

Hər dəfə yadına salıb duyunca.

Deyirlər sevgini elə yaşa ki,

Yandırsın qəlbini ömür boyunca...


Zənnimcə , hər birimizə edilmiş məsləhətləri xatırlasaq, onda müəlliflə razılaşmalı olacağın! Bu da, öz növbəsində bədii sözün kəsəri - təsir gücü deməkdir.Sevindirici haldır ki, gənc həmkarım bunu bacarıb.

Mən Gülər Eldarqızının şeirləri barəsində necə deyərlər, atüstü, isti-isti yazdığım bu fikirlərimi onun öz misralarıyla tamamlamaq istəyirəm.


Müdriklər alqışla köçər həyatdan,

Əllərim quruyub alqışlamıram.

Nə haqqın vardısa halaldır, təkcə,

Qəfil gedişini bağışlamıram.


Zənnimcə, bu misradakı duyğu, ürək pıçıltısı və nəhayət, səmimiyyət Gülər Eldarqızının uğurlu bir yolda olduğunu göstərir. Mən də bu uğurun tükənməz olmasını Tanrıdan diləyirəm.



TƏQVİM / ARXİV