adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Dekabr 2019 15:07
38256
SİYASƏT
A- A+

Nigar kimi gənclərimizlə fəxr edirik!

Nəinki hər bir Azərbaycan gəncinin, eləcə də hər bir azərbaycanlının borcudur ki, məmləkətimizin adını dünya dövlətləri arasında tanıda, rəğbət qazandıra. Hər belə vətəndaşımızla fəxr etmək də bizim borcumuzdu. Bu günlərdə ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olunan Nigar Mövsümlü ağlı, savadı, çalışqanlığı ilə hamının rəğbətini qazandı, uğuru ilə nəinki yaxınlarını –doğmalarını, onu tanımayanları da sevindirdi. Əslən ermənilər tərəfindən işğal olunmuş Xocavənd rayonunun Muğanlı kəndindən olan 

Nigar İlyas qızı Mövsümlü Qarabağ da tanınmış nəslin nümayəndəsidir.

"O yerli batalyon komandiri olmuş İlyas Hüseynovun qızıdır . Qarabağ müharibəsində, düşmənə qarşı gedən döyüşlərində Nigarın atası da, əmiləri də igidliklə döyüşüb” .

Bu sözlər mərhum İlyas Hüseynovun döyüş yoldaşı Əli Əsgərova məxsusdu. O, sözlərinə davam edərək bildirib ki, Nigarın bu uğuru ən çox atasının döyüş yoldaşlarını sevindirdi:” Elə camaatımızın da qəlbini fərəh və qürur hissi ilə doldurdu! Nigar atasına layiq övladdı. Hələ balaca olanda məktəbdəki uğurları, təhsil və təlim yolunda atdığı ciddi addımlar, qazandığı tərifnamələr, təşəkkürnamələr gələcəkdə hamını, xüsusən atasının ruhunu sevindirəcəyinə əmin idik”.

Qeyd edək ki, Nigar 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi "Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. O, əlaçı olduğu qədərdə vətənpərvərdi. Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. Nigar eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə arenalarında daim fəaldır”.

Həmsöhbətimiz Əli Əsgərov döyüş yoldaşı, komandiri haqqında danışaraq söylədi ki, 

"O, 1961-ci ildə Xocavənd rayonunun muğanlı kəndində anadan olub.

1992-ci ilin yanvar ayında İlyas Hüseynov Muğanlı kəndində yaradılan ilk rəsmi bölüyün komandiri təyin olunub və 6 yanvar 1992-ci ildə Qarakənd kəndi istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, 11 və 16 yanvar tarixlərində ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısının alınması məqsədi ilə keçmiş Martuni (Xocavənd) şəhərində aparılan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri olub.

I5.07.92-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Xocavənd rayonundakı özünümüdafiə dəstələrinin bazası əsasında 831 saylı hərbi hissə yaradılıb və İlyas Hüseynov həmin hərbi hissdə Artilleriya batareyasının komandiri təyin edilib.

14 avqust və 16 avqust 1992-ci ildə Xocavənd Plotəpə yüksəkliyi uğrunda aparılan və uğurla başa çatdırılan döyüş əməliyyatlarında məhz İlyas Hüseynovun batareyasının köməyi ilə erməni ordusunun 10-larla əsgəri məhv edilib, 1 T-72 tankı, 2 ədəd minaatanı sıradan çıxarılıb.

Onun rəhbərlik etdiyi batareya düşmənə bir neçə dəfə ağır zərbə vurub.

26 yanvar 1994- cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdən sonra böyük itkilər bahasına olsa da, Xocavənd rayonunun, Dağlıq Qarabağın kiçik bir hissəsi işğaldan azad olunur.

10 aprel 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun müdafiə rayonunda olur, əsgərlər qarşısında çıxış edir və onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırır.

İlyas Hüseynov sonrakı müddətdə ermənilərlə döyüşlərdə bir neçə dəfə yaralanıb.

1994-cü ildə ağır kontuziya alması səbəbindən səhhəti İlyas Hüseynova hərbi qulluğunu davam etdirməyə imkan verməyib və II qrup Qarabağ müharibəsi əlili kimi ehtiyata çıxıb.

İlyas Hüseynov Qarabağ döyüşlərdində aldığı yaralar səbəbilə 2006-cı il aprel ayının 14-də 45 yaşında dünyasını dəyişib”.

Qəzetin kollektivi adından mərhum komandir İlyas Hüseynova Allahdan rəhmət, onun qızı- fəxrimiz Nigara isə uğurlar arzulayırıq!

Əntiqə Rəşid