adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Dekabr 2019 10:20
25437
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YAĞIŞLI GÜNLƏRİN ÇƏTİNLİYİ

Dünyanın hər yerində nəqliyyat vasitələrinin çoxluğu bir tərəfdən insanların həyat şəraitinə müsbət təsir edirsə, digər tərəfdən müəyyən problemlər də yaradır. Təbii ki, bu problemlər idarə olunan avtomobillərdə deyil, onun sükanı arxasında əyləşmiş sürücülərdən asılıdır. Eyni zamanda, digər hərəkət iştirakçıları da bir çox halda yol hərəkəti qaydalarına əməl etmir, piyadalar təyin olunmuş yerlərdən deyil, hardan gəldi keçirlər.

Əlbəttə, bütün bu qayda pozuntuları birmənalı olaraq yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Bu gün ölkəmizdə də hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi qabaqlayıcı addımlar atılır. Aydındır ki, bu addımlar Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayı tərəfindən gerçəkləşdirilir. Çünki respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi Yol Patrul Xidməti Alayının funksiyasına daxildir. Aydındır ki, adını çəkdiyimiz alay öz qüvvəsini sutkanın 24 saatını avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə yönəldir. İlk növbədə sükan arxasında əyləşmiş sürücülərin yol hərəkəti qaydalarına əməl edilməsi ciddi nəzarətdə saxlanılır. Müasir texnologiyaların mövcudluğu və ağıllı radarların fəaliyyəti sürət həddini aşan və axtarışda olan bütün növ avtomobilləri aşkar edir. Onlar barəsində avtomatik olaraq elektron protokol tərtib olunur. Gəlin onunla razılaşaq ki, respublikanın avtomobil yollarında radar sistemini tətbiqi yüksək sürətlə nəqliyyat vasitəsini idarə edən sürücülərin qarşının alınmasında və azalmasında çox böyük rol oynayıb və oynayır. Əgər avtomobil yollarında çoxlu sayda radarlar olmasa, onda görün nəqliyyat vasitələrinin sürətlə idarə edilməsi zamanı nə qədər ağır qəzalar baş verər. Yəni bu sistem ölümlə nəticələnən qəzaların qarşısının alınmasında da az əhəmiyyət kəsb etmir.

Yol Patrul Xidməti Alayının bütün tağımları bayaq dediyimiz kimi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı və maarifləndirici tədbirlər həyata keçirir. Belə tağımlardan biri də Hacıqabul-Horadiz avtomiobil yolunda xidmət aparan 12-ci tağımın əməkdaşlarıdı. Tağım əməkdaşları həmin yolun 0-cı kilometrindən 112-ci kilometrinə qədər hərəkətin təhlükəsizliyini təmin edirlər. Bir qayda olaraq, sutkanın 24 saatı ciddi rejim əsasında davam edir. Xüsusən də bayram günlərində 12-ci tağımın əməkdaşları ciddi rejimdə işləyir, avtomobil yolunda nəqliyyat vasitələrinin artmasını nəzarətdə saxlayır və bu məqsədlə bütün təhlükəsizlik tədbirlərini həyata keçirirlər.



Cari ilin 11 ayı ərzində 12-ci tağımın əməkdaşları 20799 qayda pozuntusu aşkar edib. Bunlardan 10450-si ötmə əməliyyatının pozulıması, 12-si sərxoş, 18-i sərnişindaşıma, 1223-ü yükdaşıma qaydalarının pozulması ilə bağlıdır. 930 qayda pozuntusu isə digər qanun pozuntuları ilə əlaqədardır. İlk növbədə tağım əməkdaşları ona çalışır ki, hərəkət iştirakçıları mənzil başına sağ-salamat çatsınlar. Bu məqsədlə keçirilən reydlər zamanı avtobus və mikroavtobus sürücüləri stasionar postda saxlanılaraq maarifləndirilir və onlara xəbərdarlıq olunur. Xüsusən də hava şəraitinin mürəkkəb olduğu günlərdə nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, yağışlı havada sürət həddinə əməl etsinlər, ara məsafəsi saxalsınlar və əyləc sistemindən istifadə etməsinlər. Üstəlik də günün qaranlıq saatında hərəkət edərkən daha diqqətli olsunlar ki, yolu keçmək istəyən piyadaları görə bilsinlər.

Heç kimə sirr deyil ki, piyadaların vurulması halları günün qaranlıq saatında baş verir. Günün qaranlıq saatında da sürücü yol işıqlandırılmadığına görə yaxşı görmür, piyada da qara paltar geyindiyi üçün onu uzaqdan müəyyənləşdirmək olmur. Və üstəlik də piyada təyin olunmuş yerdən yox, hardan gəldi yolu keçmək istəyir. Ona görə də bütün bu məsələlər və problemlər 12-ci tağımın daim diqqət mərkəzindədir. Keçirilən reydlərdə piyadalar saxlanılır, hərəkət iştirakçılarına toxunduğumuz məsələlər izah edilir və onlara bildirilir ki, sutkanın gündüz və qaranlıq saatlarında yolu keçərkən diqqətli olsunlar. Xüsusən qaranlıq vaxtı təyin olunmamış yerdən keçməsinlər. Çünki sürücülər uzaqdan onları görə bilmirlər. Təbii ki, bu cür təbliğat və izahat işləri piyadalarla bağlı hadisələrin azalmasına müsbət təsir edir.

Yol Patrul Xidməti Alayının 12-ci tağımına çox gənc və mədəni, savadlı bir polis kapitanı komandir təyin eidlib. Bu, 34 yaşlı Cəmin Abasovdu. Təbii ki, gənclərin irəli çəkilməsi çox sevindirici haldır. Üstəlik bu həm də məsulliyyət deməkdi. Və tağım komandiri Cəmin Abasov da məhz peşəkarlığı, məsuliyyəti və dərin biliyinə görə, bu vəzifəyə təyin edilib. Üstəlik də indiki gənclər müasir texnika və texnologiyanı yaşlı nəsildən daha mükəmməl bilirlər. Onunla söhbət zamanı bir daha aydınlaşdı ki, gənclərin irəli çəkilməsi çox vacib şərtlərdəndi. Çünki onlar yeni ideyalarla gəliblər, müasir innovasiyaları yaxşı bilirlər və üstəlik də onu təcrübədə tətbiq eləməyi yaşlı insanlardan daha asanlıqla bacarırlar. Hər halda, bu cür istedadlı, savadlı və müasir düşüncəli gənclərin vəzifədə əyləşməsi həm ədalət tərəzisini qoruyur, həm də bu vətənə, bu xalqa onlar daha yaxşı xidmət edəcəklər.

Polis kapitanı Cəmin Abasovla söhbət zamanı onun bir çox yeni fikirləri və düşüncələri məni də maraqlandırdı. Aydındır ki, bu yeni fikirlər və düşüncələr gələcəkdə xidmət zamanı gerçəkləşəcək, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edəcəkdir.

Hacıqabul-Horadiz avtomobil yolunun düz 4 yerində piyadaların təhlükəsizliyi ilə bağlı lövhələrə rast gəldik. Həmin lövhələrdə yazılmışdır."Piyadalar, diqqətli olun!". Bu cür maarifləndirici lövhələrin magistral yollarda olması çox müsbət əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, sürücünün gözü avtomobili sürətlə idarə edərkən bu lövhələrə sataşır və istər-istəməz ailəsi, balaları yadına düşür, sürət həddini aşağı salır. Maraqlı bir təbliğat vasitəsi isə xidmət aparan yol polisi maşınının maketinin yolun kənarında qoyulmasıdır. Heç kim uzaqdan aydınlaşdıra bilməz ki, bu yol patrul xidməti maşınıdır, yoxsa maketdi. Hətta gecə saatlarında o maketin sayrışan işıqları da yanır və sürücülərə uzaqdan aydın olur ki, orda yol patrul maşını var. Axı bizim sürücülər öyrəşiblər ki, yol polisi və radarlar olmayan yerdə avtomobilləri sürətlə idarə etsinlər. Elə ki, bəzi sürücülər yol polisini və radarları görür, o qədiqə avtomobilin sürət həddini aşağı salır.

Bu gün 12-ci tağımda çox sağlam və gözəl bir mühit var. Əlbəttə, bu mühiti yaradan rəhbərlikdi. Çünki rəhbərlik bu tağıma enerjili və istedadlı bir gənc komandir təyin edib. Bu isə o deməkdir ki, belə mühitdə işləmək də əməkdaşlar üçün çox asandır.

Biz Hacıqabul-Horadiz avtomobil yolunda hərəkət edərkən qış mövsümü ilə bağlı hazırlıq işlərinin görüldüyünün şahidi olduq. Belə ki, yolların kənarına çox yerdə qum yığılmışdı. Bu qum da onun üçündür ki, qar yağarsa, yollar buz bağlayarsa, bu qum yola tökülə bilər və sürücülər də asanlıqla hava şəraitinin qarlı və çovğunlu olmasına baxmayaraq, mənzil başına çata bilərlər. Bununla yanaşı, tağım əməkdaşları sərt döngələrdə və yolun təhlükəli yerlərində mütəmadi olaraq xidmət aparır, mövcud təhlükəni vaxtında aradan qaldırırlar. Tağımın əməkdaşlarından polis baş leytenantı Ramil Bədəlov, polis baş serjantları Xəyal Ələkbərov, Rahim Abdalov, polis serjantı Elməddin Bağırov tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər. Onlar növbə ərzində qanunu pozan sürücüləri məsuliyyətə cəlb edir. Elektron protokol tərtib edir və bir çox halda hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparırlar.

Hərəkətin təhlükəsizliyi hər bir iştirakçıdan, hər bir sürücüdən və hər bir piyadadan diqqət tələb edir. Sürücülər sürət həddinə əməl etməli, hava şəraitinin mürəkkəbliyini nəzərə almalı, piyadalar isə təyin olunmuş yerlərdən keçməlidirlər. Bax, bu vacib məsələlərə hərəkət iştirakçıları tərəfindən əməl ediləndə, yəni onlar yol hərəkəti qaydalarına riayət edəndə yol polisinin də işi asan olur, ölüm və xəsarətalma halları az baş verir. Deməli, bütün hallarda sürücülər və piyadalar diqqətli olmalıdırlar.