adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2019 17:42
36476
ƏDƏBİYYAT
A- A+

“Elə bir sağlam bədən yoxdur ki,nə vaxtsa xəstələnməsin..” - Şahnaz ŞAHİN yazır

Epiktet

ÇARƏ

Anam kiməsə dua edəndə həmişə belə deyərdi : "Səni görüm heç vaxt nə edim,necə edim deməyəsən...” Uşaq idim,hardan bilərdim bu sözlərin məna dərinliyini!? Nə biləydim ki,insan az qala olum ya ölüm arasında naəlac qalar,həyatın elə bir döngəsində elə "azar” ki,heç yeri tanımaz,saman çöpünü çıxış yolu kimi görər..,əlini atar və vəssalam!.. Sonralar anladım e,çox sonralar,bildim ki,bəlkə də insanın üzləşdiyi ən ağır məqam imiş həmin o "nə edim,İlahi, necə edim..”deyə çarəsiz qalıb öz özü ilə üzbəüz gəldiyi zamanı.! Özü ilə bir növ real çətinliyini götür-qoy etdiyi,amma həllini tapmadığı sualın cavabı..!

..O ,yeganə qızını götürüb paytaxta üz tutanda hələ ümidləri diri idi,sağ idi,kimsə içində qoruduğu inamını çəkib qırmamışdı.. O boyda tibb ocaqları,xəstəxanalar var,özü də dövlətin nəzarəti ,qayğısı da üzərində! Üstəlik hər gün televiziya kanallarında yayımlanan məlum proqramları da izləyir,müxtəlif taleli insanlara,xüsusən xəstələrə ikinci nəfəs kimi görünən bu verilişlər ümidini bir az da artırırdı. "Olmasa gedərəm o proqramların birinə,bu qədər adama kömək edən mənə də edər..” Lap uşaq kimiydi,arada xəlvətə salıb ağlayıb ürəyini boşaltmağı da vardı, amma bu ki,çarə deyildi...

Qızının ailə həyatı uğursuz olmuşdu,uzun illər birgə yaşamış,birlikdə İki övlad böyütmüşdülər,amma sonda həyatın sınağından qalib çıxa bilməmişdilər....Ayrılandan sonra iki övladı ilə anası gildə yaşayırdı. Qızı orta məktəbi bitirib ailə qurmuşdu,oğlu əsgəri xidmətdə idi...

Rayonda UZİ-dən keçmiş,nəticələr ürəkaçan olmamışdı,təcili cərrahi əməliyyat məsləhət görülmüşdü. Nəhayət bu gün toparlanıb şəhərə gəlmişdilər,tanıdıqları yeganə tibb ocağı olan bu xəxstəxanaya ,onun həkimlərinə böyük ümidi vardı. İnsafən ,”sovet dövründə” də bu tibbi müəssisə barmaqla göstərilən,ən yüksək savadlı alimlərin,tibb elminin müxtəlif sahələri üzrə ən peşəkar mütəxəssis həkim və professorların cəm olduğu məkan idi. Həm şəhərdən,həm də rayonlardan xəstələr əsasən burda müalicə olunmaq üçün gəlirdilər. Çünki burda xəstələr tibb personalı tərəfindən qayğı ilə əhatələnir,ən müasir tibbi aparatların köməyilə müayinə edilir,tam və dəqiq diaqnoz qoyularaq müalicəyə alınırdılar. Dava dərmanlar da ki,öz yerində! Bir sözlə ürəyinin lap dərinliyində keçirdiyi narahatlıqları nəzərə almasaq,rahat idi..

Sabah tezdən onları evdən götürən taksi gətirib xəstəxananın qənşərində saxladı. Əlavə heç nə götürməmişdilər, həkimlə görüşüb danışar,əməliyyat məsələsi dəqiqləşərsə onda şəxsi əşya filan gətirərdilər..Giriş qapısının sağ tərəfində oturan mühafizəçilərdən soruşub həkimin oturduğu mərtəbəni və otaqının nömrəsini öyrənib yuxarı qalxdılar. Qapını astaca döyüb gözlədilər,içəridən "gəl” deyəndən sonra açıb otağa keçdilər. Yaxınlaşıb,o başda stol arxasında əyləşib mobil telefonla danışan həkimə salam verib gözlədilər,deyəsən kiminləsə xəstə barəsində danışırdı..,onun barmaq işarəsindən sonra üzbəüz divanda oturdular. Həkim söhbətini yekunlaşdırıb onlara sarı döndü və gülümsünüb :

-Sizi dinləyirəm..-dedi.

Üzündən baxanda 50-52 yaş vermək olardı,səliqəli,yaraşıqlı kişi idi,ədəb ərkanı da yerində..Boynuna asdığı fonendaskop da ona çox yaraşırdı..Qadın ,həyəcanını boğmaq üçün udqunub zəif səslə dilləndi :

-Həkim,qızı gətirmişəm,üç il əvvəl yanınızda olmuşduq...,onda əməliyyat demişdiniz,amma etmədik,indi UZİ –də yoxlatdıq,dedilər şiş bir az da böyüyüb..

Dedi və gözləri doldu..

Həkim ürək-dirək verib elə ordaca KT müayinəsindən keçmək üçün göndəriş yazdı,kağızı alıb otaqdan çıxdılar...

.. Bu mötəbər tibb ocağının keçmiş vaxtlarını xatırladı,o zaman ki,ona ölkənin adlı-sanlı alim-professoru rəhbərlik edirdi,bax onda qapıdan girəndə ətraf "üzə gülürdü”,avadanlıqlar təzə,palatalar sanki indicə təmirdən çıxmış kimi...İndi isə KT etməkdən ötrü hansısa özəl klinikaya göndərirlər xəstəni! Prosedurun maddi tərəfi bir yana,üstəlik gəl tanımadığın şəhərdə xəstə ilə get bu yolu..! Belə olanda köməyə taksilər gəlir,əlbəttə! Onlar da elə xəstəxananın həyət qapısından küçəyə çıxıb hazır müştəri gözləyən maşınlardan birinə oturub eləcə gedəcəkləri ünvanı söylədilər ...

Yaxşı ki,şəhərddə tıxac yox idi,rahat gəldilər,içəri daxil olub qeydiyyat şöbəsinə yaxınlaşaraq həkimin verdiyi kiçik kağızı ona uzatdı. Burda oturan xanım da əvvəldən məlumatlı olduğundan təbəssümlə alıb,qarşısındakı qalın kitaba ad və soyadı qeyd edərək bir az gözləmələrini xahiş etdi. Müayinə otağı boşalanda həkim onu çağırdı. Ta bir saata yaxın davam edən müayinədən sonra çəkilən diski alıb geri qayıtdılar...Xəstəxanaya çatanda artıq üzü axşama gedirdi,həkim gələcəklərini bildiyi üçün getməmişdi. ..Qərara gəldilər ki,sabah kompyuterə salıb mütəxəssis həkimlə birgə baxsınlar və son qərarı versinlər..

Adam darıxanda sabah da sanki yubanır,səhər açılmaq bilmir...,gecəni narahat keçirdilər ,səhər ikisi də ev sahibindən tez oyanıb ,geyinib sakitcə oturmuşdular. Səhər yeməyindən sonra evdən çıxıb xəstəxanaya yollandılar. Həkim öz kabinetində idi,icazə alıb içəri keçdilər. Sonra şöbə müdiri olan həkimlə birgə diskə baxmaq üçün birinci mərtəbəyə endilər. Bu arada onu kədərli görən həkim zarafatından da qalmadı :

-Heç darıxma,bacı,appendiektomiya bundan çətin əməliyyatdı,nə var burda ki,sən pay-püşünü hazırla!. –deyib güldü..O da öz növbəsində :

-Qurbandı,həkim,bağım-bağçam hamısı sizə...,təki balam sağ-salamat çıxsın..-dedi.

Onu kompyuter otağına buraxmadılar...Həkim özü içəri keçərək diski kompyuterə keçirib digər həkimlə diqqətlə baxdılar,sonra görüntünün nəticələrini xüsusi blankda bir-bir yazıb götürdü . Daxili orqanlardan birində "kista” vardı,qara ciyərdə də hüceyrə dəyişikliyi qeyd olunurdu. Müayinə nəticəsini alıb çıxdı və qapıda gözləyən ana və qızı ilə birgə yenidən üçüncü mərtəbəyə,özünün kabinetinə qalxdılar...

Bəli,artıq son qərarı verə bilərdi,belə də etdi,özü də sözünə giriş vermədən,yumşaltmadan :

-Qız təcili əməliyyat olunmalıdı,olmasa pis xəstəliyə çevrilər! –dedi.

Ana bir az da kövrəldi,istəməsə də göz yaşı yanağını islatdı...Bu keçən üç ili sanki möcüzə olacaqmış kimi keçirmişdilər,indi bircə anda bütün gözləntiləri alt-üst oldu...

Şəhəri yaxşı tanımadığından ,həm də ürək-dirək baxımından onunla bu neçə günü bir yerdə olan yaxın qohumu söhbətə qarışdı :

-Həkim,əməliyyatın necə aparılacağı,lazım olan şeylər barədə məlumat verin,zəhmət olmasa...

-Əməliyyat laporaskopik üsulla aparılacaq,xəstəxanamız dövlət xəstəxanasıdır,heç bir maddi vəsait filana ehtiyac olmayacaq ..Sadəcə siz əməliyyat üçün işlədilən bəzi şeyləri almalı olacaqsız,çünki bunlar xəstəxanaya verilmir..Nə mənə,nə də başqa tibb işçilərinə heç nə lazım deyil..!..

Sonra da nə düşündüsə bu sözləri də əlavə elədi :

-Düzdür,dədə-babadan qalma halallıq da var,yəni mənə də,digər palata həkimi və tibb işçilərinə da imkanınız yetərsə hörmət edərsiz,olmazsa,yenə halal xoşunuz olsun...

...Qulaqlarına inanmaq istəmirdi,kasıb adam idilər,həyətdə beş-on qoyun-quzudan,iki-üç baş da mal-qaradan başqa güman yerləri yox idi. Sevincindən az qaldı ki,qalxıb həkimi bağrına bassın,amma dualarla kifayətləndi...

Sonra həkim həmin o "bəzi şeylər”in siyahısını yazıb ona verdi,o da yenə həkimin nişan verdiyi "köməkçilər”i görmək üçün ordan birbaş yuxarı mərtəbəyə qalxdı...Deyilən adamı tapıb kağızı ona uzatdı..Adam da sakitcə alıb oxudu və bunları hardan ala biləcəklərini izah etməyə başladı... Məlum oldu ki,bu işlə yalnız iki firma məşğuldur,adını da dedi,amma yadında qalmadı. Qohumu işin içində iş olduğunu duyubmuş kimi yenə dözməyib sual verdi :

-Siz bilərsiniz,bu yazılanlar nə qədər pul tutar? Birinci,sonuncu işiniz deyil ki,deyin bu adamlar da işlərini bilsinlər,çünki imkansız adamdılar,bəlkə bir yerdən borc alacaqlar,ya nəsə satacaqlar...

Otaqda oturan digər xanım həkimlə baxışdılar,mənalı –mənalı gülümsədilər,sonra adını bilmədiyi kişi həkim ta heç nə deməyib bir telefon nömrəsi və ad yazıb qohumuna verdi və əlavə elədi :

-Zəng vurun,danışın,qiyməti sizə o deyəcək..

Amma özü də həmin nömrəyə zəng vurub deyilən malların olub olmamasını soruşdu,hə cavabından sonra ona xəstə müraciət edəcəyini bildirib telefonu söndürdü...

Otaqdan çıxdılar,sonra uzun dəhlizin o başına qədər gedib foyeyə çıxdılar. Burda xəstə və xəstə yanınca gələn adamlar vardı,hamısının da üzü qayğı və kədərlə süslənmiş...Foyedə az sayda qoyulmuş oturacaqların birində oturdular,məsləhətləşib köməkçi həkimin verdiyi həmin nömrəni yığdı,kağızda yazılan ləvazimatların adını oxuyub olub olmadığını və olarsa neçəyə olduğunu soruşdu...Xəttin o başındakı adam çox gözlətmədi :

-Baxıb, sizə 20 dəqiqəyə deyərəm –deyib sağollaşdı...

...Neçə gündə olduğu kimi indi də "nə edim,necə edim” arasında çabalayır,bir qərara gələ bilmirdilər.

Bu boyda cərrahi müdaxilənin pulsuz -parasız başa gələcəyi ona yuxu kimi gəlirdi,nə idisə bu yuxudan da oyanmaq,acı gerçəklə üzləşmək istəmirdi..!Amma oyandı..,gələn zəng həmin o tanımadığı,görmədiyi adamdan idi,kənara çəkilib telefonu açdı :

-Yazılanların hamısı var və bir yerdə.....

Eşitdityi rəqəm qulağında əks-səda verdi,düşündü ki,buna görə şübhəli danışır,ehtiyatlı davranırmışlar...Deyilənin heç yarısı yox idi,üstəlik arada imkan tapıb orda yatan xəstələrlə söhbət də eləmişdi,öyrənmişdi ki,”hörmətsiz” iş aşmayacaq!...İndi düşünür,amma qərar verə bilmirdi...Həm də əməliyyatın da onun mövcud şikayətlərinə son qoyacağına əmin deyildi..Çünki həkim də bu məqama gələndə :

-O ağrıları deyə bilmərəm,amma bu əməliyyat mütləq olunmalıdı!..-deyə israrla təkrar edirdi.

...Əlləri,qolları sınıb yanına düşmüş kimi xəstəxanadan çıxıb getdilər...Ən yaxın qohum və yaxınları ilə məsləhətdən və xəstənin də öz razılığı ilə iki gün sonra başqa bir müalicə proseduru keçən tibb mərkəzinə baş çəkəsi oldular. Burda gətirdikləri tibbi yoxlama sənədinə baxan həkim yeni bir üsulla da xəstəni müayinə edib müalicə yazdı,əlavə gərəkli məsləhətlər verdi,həm də izah etdi ki,ağrının səbəbi başqadır,düzdür,əməliyyat qaçılmaz ola bilər,amma əvvəlcə bu müalicə kursu keçilməlidir. ..Kista nəticədir,onu yaradan səbəb aradan qaldırılmalıdır,yoxsa əməliyyat olsa belə uğurlu nəticə verə bilməz...

Ürəyində razılaşmaya bilmədi,çünki bir neçə ay idi başqa xəstəliklə bağlı bir cərrahi əməliyyat keçirmiş,amma yenə də şikayət sayı azalmamışdı...

..Yadına çoxdan eşitdiyi,müqəddəs kitabda ulu Yaradanın adından buyurulan kəlamlar düşdü : "Sizə min dərd verdim,min bir dərman..” İndi bir az ürəklənmişdi,həyətə düşüb dərindən nəfəs aldı,peşman deyildi,yaxınlıqdakı aptekə girib resepti satıcıya uzatdı...